
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb. Beynəlxalq turnirdə mübarizə aparan cüdoçularımız üç medal qazanıblar.
Cempion.az Azərbaycan Cüdo Federasiyasının rəsmi sayıtına istinadən xəbər verir ki, kişilər arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət İsmayılov və ən ağır çəkidə yarışan Şahin Qəhrəmanov (+100 kq) yalnız final qarşılaşmasında uduzaraq gümüş medala layiq görülüblər. Yığmamızın digər üzvü Yaşar Nəcəfov (-60 kq) Avropa kubokunun bürünc medalına sahib olub. Xatırladaq ki, Varşava turnirində 40 ölkədən 407 cüdoçu mübarizə aparıb.
Antalyada isə yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 4 medal yazdırıb.
Oğlanların mübarizəsində Murad Gülməmmədov (-50 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. 60 kq çəki dərəcəsində yarışan Seymur Məcidli bürünc medala layiq görülüb. Cüdoçu qızlarımız da Avropa kubokunda iki medal əldə ediblər. Millimizin üzvləri Lətifə Abbasova (-48 kq) və Nərmin Əmirli (+70 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Antalya turnirində 1 gümüş, 3 bürünc medala sahib olublar.