
Londonun "Çelsi" klubu heyəti gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Cempion.az "Express" nəşirinə istinadən xəbər verir ki, "zadəganlar" "Barselona"nın əsas qapıçısı Mark-Andre Ter Şteqenlə yaxından maraqlanır. Kepa Arrisabalaqanı satmağa hazırlaşan London təmsilçisi onun yerinə əsas namizəd kimi məhz təcrübəli almaniyalı qapıçını transfer etmək üçün hərəkətə keçib. Bir müddət əvvəl "Ayaks"ın heyətində çıxış edən Onana ilə də yaxından maraqlanan "Çelsi" rəsmiləri istəyinə nail ola bilməyib. Bunun ardınca ingilislər əsas diqqəti 27 yaşlı əlcək sahibinə yönəldib.
Son zamanlar "Barselona"da adı Messi ilə qalmaqalda hallanan Ter Şteqenin "Barselona"da qalıb-qalmayacağı da sual altındadır.
Qeyd edək ki, almaniyalı əlcək ustası 2014-cü ildə Münhenqladbax "Borussiya"sından "Barselona"ya transfer edilib.