10.03.2020 17:15
480


Ceymi Karrager "Everton"un baş məşqçisi Karlo Ançelottidən müsahibə alıb.
Cempion.az xəbər verir ki, Karrager insanların Ançelottinin "Everton"da üstünlük verdiyi 4-4-2 düzülüşü, birbaşa oyun və aqressiv futbol komponentlərini "arxaik" hesab etdiklərini qeyd edib. İtaliyalı mütəxəssis isə bununla razılaşmayıb:
"Futbol oynamağın bir neçə yolu var. Yəni sizə mütləq qələbə qazandıracaq sistem yoxdu. Başqa oyunçulara sahib olsam, indikindən fərqli sistemə üstünlük verərdim. Futbol çox dəyişib. Daha çox intensivlik var, daha çox taktiki bilik tələb olunur və təbii ki, qaydalar fərqlidi. İndi neçə komanda geridən oyun qurur? Demək olar ki, hamı. Uzun oynamaq və "ikinci top"lar uğrunda mübarizə aparmaq istəyirsənsə, buna qarşı çıxa bilmərik. Bu, futboldu. Katenaççoya üstünlük vermək və ya əks-hücumlara bel bağlamaq? Eynən, bu da futboldu.
Bəzi məşqçilər oyunçulara yox, özlərinə uyğun komanda qururlar. "Baxın, o, əla komanda formalaşdırıb..." - insanlar bu və bənzər sözləri eşitmək istəyirlər. Bəlli kimliyə malik komandaların bacarıqları məhduddu. Mənə görə, bu, onların sadəcə bir tərzdə oynaya biləcəyi anlamına gəlir. Əslində, rəqibin keyfiyyəti, onun zəif tərəfləri və klubun ənənələrini nəzərə alıb düzgün tərzi seçməlisiniz. Madrid "Real"ı və ya "Milan"da çalışırsansa, vəziyyət fərqlidi. Orada klubun tarixi sənə diktə edir ki, bizim tərzimizdə davam etməlisən. "Everton"da isə düşünürlər ki, topu tez irəli daşımaq və "uzun top" uğrunda mübarizə aparmaq mümkündürsə, bunu niyə etməyəsən? Buradakı insanlar uzun oynamağı və mübarizəni sevirlər. "Mançester Yunayted"lə oyundan əvvəl futbolçulara demişdim: "Arada irəliyə doğru uzun oynayın və top uğrunda mübarizə aparın. Beləcə, azarkeşlər də oyunun bir parçasına çevriləcək". Bunu "Kamp Nou"da edə bilməzsiniz. Mümkün deyil. Burada isə fərqlidi.
Məşqçilik karyeramın ilk illərində, "Parma"da çalışarkən Roberto Bacconu heyətimizə qata bilərdik, amma mən onu əldən verdim. Çünki Bacconun iki hücumçunun arxasında oynamasını istəmirdim. O, sistemi xoşlamadığını dedi və başqa kluba keçdi. Sonra "Yuventus"la anlaşdım. Əlimdə Zinəddin Zidan kimi futbolçu var idi və o, "10 nömrə" kimi oynamaq istəyirdi. Bu dəfə fərqli addım atdım və dedim: "Ok, sistemi dəyişə bilərəm". Futbolçularınızın xüsusiyyətlərinə uyğunlaşmalısınız. Bəzi məşqçilər keyfiyyəti və yaradıcılığı sistemə qurban verirlər.
"Real"da sərəncamımda Kriştianu Ronaldu var idi. O, 4-4-2-də hücumçulardan biri olmalı idi. Amma Ronaldu orada oynamağı xoşlamır. Portuqaliyalı futbolçu cinahda oynamaq istəyirdi. Belə bir situasiyada nə edərdiniz? Hər oyun qol vuran Ronaldunu sisteminizə görə qurban verərdiniz? Yekunda Ronalduya dedim: "Top bizdə olanda istədiyin yerdə oynaya bilərsən. Amma xahiş edirəm, topsuz oyunda geriyə çox gəlmə. Düzülüşü qorumaq üçün yerində oyna".