bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

İtaliyada həyacan: AVRO-2020 təxirə salına bilər 

10.03.2020 12:15 Oxundu 463


İtaliyada koronavirus yayılmaqda davam edəcəyi təqdirdə, hadisələrin inkişafı üçün 3 variant nəzərdən keçirilir. 
Cempion.az "La Repubblica"ya istinadən xəbər verir ki,koronavirusu bütün Avropaya doğru cərəyan etsə, AVRO-2020 təxirə salınacaq, milli çempionatların oyunları isə yayda keçiriləcək. Bu halda qitə çempionatı payızda və ya gələn il təşkil olunacaq. 

İkinci variant A Seriyasının oyunlarının mayda və əhəmiyyətli dərəcədə sıx qrafikdə bərpasıdır. Bu zaman komandalar hər 2-3 gündən bir meydana çıxmalı olacaqlar. İtaliya Kubokunun qalan oyunları isə iyun və ya avqustda keçiriləcək. 

Nəhayət, ən pis ssenari İtaliya çempionatlarının tam ləğvidir. Belədə çempionluq heç kimə verilməyəcək, avrokuboklara vəsiqələr isə komandaların hazırda turnir cədvəlindəki yerlərinə uyğun bölünəcək. Eniş zonasındakı klublar A Seriyasında qalacaqlar və B Seriyasından 2 komanda elitaya yüksələcək. Beləliklə, A Seriyası 22 komandayadək genişlənəcək. 

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə  BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.