çərşənbə axşamı, 10 iyun 2025

BİZİM FUTBOL

PFL-in məzəsi

11.03.2020 18:00 Oxundu 507


Ötən gün Peşəkar Futbol Liqası (PFL) həftəsonu keçiriləcək Premyer Liqa və I Divizion matçlarının azarkeşiz oyanılması haqda qərar verdi. PFL prezidenti Ramin Musayev bununla bağlı şəxsən əmr imzaladı. Səbəb isə hazırda gündəm mövzu olan koronavirusdur. Çoxları bu qərarı birmənalı qarşılamadı. Bəli, sözüegedən virus dünyada geniş yayılıb, xeyli insan bu virusa yoluxub və dünyasını dəyişib. Bu mənada koronavirusu ciddiyə almaq və onun yayılmaması üçün mübarizə aparmaq vacib məsələdir. Amma...

Birincisi, bizdə bu virus geniş şəkildə yayılmayıb və ciddi, həyati əhəmiyyət kəsb edən durum yoxdur. 6-7 nəfər virus aşkarlanan şəxs var ki, onlar da İrandan ölkəmizə gələn şəxslərdi. Onları da elə sərhəddəcə yoxlayıb karantinə alıblar. Dünən isə həmin şəxslərdən 3-nün sağalaraq evə buraxıldığı bildidrildi. Yəni şükür Allaha ki, hansısa kütləvi yoluxma, ölüm-itim yoxdur. Belə olan halda insanlar arasında bu cür təlaş yaratmağa nə ehtiyac var?

İndi keçək məsələnin ikinci və ən əsas, yazının ana xəttini təşkil edən hissəsinə. Yaxşı, lap deyək ki, PFL dövlət səviyyəsində görülən tədbirlərə dəstək verir. Söhbət kütləvi tədbirlərin ləğvindən gedir. Nəzərə alaq ki, futbol da kütləvi tədbir hesab olunur. Odur ki, dünya miqyasında keçirilən oyunlarda azarkeşlərlə bağlı qadağalar tətbiq olunur. Amma bunun bizim futbola nə dəxli? Məgər bizim çempionatın oyunlarına azarkeş gedir ki, hansısa koronavirus təhlkəsi olsun? Bizdə onsuz da stadionlar boş olur. Yəni koronavirusa tutulma ehtimalının ən minimum olduğu məkandlr stadion. Hələ I Divizionu demirik. Çünki orada azarkeş anlayışı çoxdan itib.Yəni məsələnin rəsmi tərəfini bir kənara qoysaq, həqiqətən də, absurd və gülməli qərardı. Çempionat oyunları onsuz da azarkeşsiz oynanılan bir ölkədə oyunların azarkeşsiz keçirilməsi haqda qərar verilir. O zaman təklif edirik ki, AFFA-nın özündə də iş ləğv olunsun. Çünki federasiyada çalışanların sayı bizim Premyer Liqa oyunlarına gələn azarkeşlərin sayından daha çoxdur.