bazar ertəsi, 05 may 2025

DÜNYA FUTBOLU

Avropada azarkeşsiz oynanılacaq oyunların sayı artdı

11.03.2020 20:00 Oxundu 442


Koronavirus epidemiyasına görə daha bir neçə ölkədə futbol matçlarına azarkeşlər buraxılmayacaq.

Cempion.az xəbər verir ki, virusun yayılmasının qarşısını almaq məqsədilə Portuqaliyanın bütün peşəkar liqalarında yaxın müddətdə baş tutacaq bütün oyunlar qeyri-müəyyən tarixədək azarkeşsiz keçiriləcək.

Bu qadağa futzal üzrə millinin görüşlərinə də şamil olunur. Eyni zamanda Fransada Liqa-1-in matçları aprelin 15-nə qədər azarkeşsiz oynanılacaq.

Həmçinin martın 12-də Avropa Liqasının 1/8 final mərhələsində "Volfsburq" (Almaniya) və "Şaxtyor" (Ukrayna), LASK (Avstriya) və "Mançester Yunayted" (İngiltərə) komandaları arasında ilk oyunlar,

Almaniya Bundesliqasının XXVI turunun "Borussiya" (Dortmund) - "Şalke" matçı, martın 31-nə nəzərdə tutulan Almaniya və İtaliya yığmaları arasında yoldaşlıq görüşündə də fanatlar stadiona buraxılmayacaq.

Bundan başqa, futbol üzrə Avstriya çempionatının XXIII və XXIV turunun qarşılaşmaları eyni səbəbdən təxirə salınıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 740-a çatıb. Bunların 64 752 nəfəri sağalıb, 4 095 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.