13.03.2020 12:00
528


"Xəzər Lənkəran" U-17 liqasında çıxış edən komandası ölkə çempionatındakı çıxışlarını dayandırmağı düşünür.
Cempion.az xəbər verir ki, AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”ın U-17 komandasının baş məşqçisi Ağadadaş Həmidiovu 20 oyunluq cəzalandırdıqdan sonra klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bu komandanın fəaliyyətini dayandıracağını açıqlayıb.
O, bunun səbəbini belə izah edib: “Bəli, böyük ehtimalla komanda fəaliyyətini dayandıracaq. Burda səbəb təkcə AFFA-nın baş məşqçimizə verdiyi cəza deyil. Baxırsan ki, hər şey üst-üstə gəlib. Təsəvvür edin ki, son 4 ildə AFFA-dan “Xəzər Lənkəran”a bir dənə də top və ya məşq geyimi verilməyib. Bu gün hətta premyer-liqa klubları arasında ən yaxşı geyimə sahib klub bizik. “Qarabağ”da tutmuş “Qəbələ”yə kimi. Bizim heyətdə bütün forma dəstləri var. İstər qış, istərsə də yay. Söhbət ondan gedir ki, bir dəfə maraqlanan yoxdu. Bir nəfər zəng vurub demir ki, bəlkə sizə top lazımdı? Burda akademiya var. Niyə bir dəfə demirlər ki, siz orda nə iş görürsüz? “Xəzər Lənkəran”ın 12 yaşlılardan ibarət komandasının oyunlarını süni örtüklü Olimpiya Kompleksinə saldılar. Halbuki bizim stadionumuz var idi. Onu təmir etməyin dərdindən qarşılaşmaları süni örtüklü meydana saldılar. Bir də bu sonuncu məsələ. 20 oyun nə deməkdi? Mənim 44 yaşım var, indiyə qədər belə cəza verilməyib. Onu buna təhrik edən yan xətt hakiminə isə heç bir cəza vermirlər. Yəni hər şeyin həddi var. Düzdü, hələlik rəsmi qərar verilməyib. Ancaq mən əminəm ki, U-17 davam etməyəcək. Bunu maliyyə problemi ilə bağlamaq doğru deyil. Çünki onların elə də çox xərci yoxdu. Oteldə qalmırlar, toplanışları olmur”.