çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

"Stuxlik başa düşməliydi ki, birdən-birə belə radikal dəyişiklik etmək heç də yaxşı nəticələrə aparıb çıxarmayacaq" - MÜSAHİBƏ

22.03.2020 14:30 Oxundu 623


Cempion.az
 Veteranlar İttifaqının vitse-prezidenti olan Rüstəm Rəhimovun müsahibəsini təqdim edir:


 

- Adətən, deyirlər ki, kişinin yaşını yox, halını soruşarlar. 72 yaşını qeyd edən futbol fuksioneri bu gün özünü necə hiss edir?
- Təbi ki, insan yaşa dolduqca səhhətində müəyyən problemlər baş qaldırır. Ancaq indiki cavanlara baxanda özümü onların yanında daha gənc hiss edirəm (gülür). Çalışıram özümü gümrah saxlayım, fəal həyat tərzi keçirim.

- Bu gün kimlərdən təbrik almısız?
- Moskvadan Vitali Şevçenko, Rafiq Quliyev, Belarusdan Vadim Juk, dünən hazırda ABŞ-da yaşayan, vaxtilə SSRİ çempionatında hakimlik etmiş moldovalı Qodin zəng vurub doğum günü münasibəti ilə təbrik etdilər. Burdakı hakimlər də - istər cavanı, istər yaşlısı - təbriklərini çatdırdılar.

- “Neftçi”də futbola başlayan, ancaq oyunçu kimi ulduzu parlamayan Rəhimov sonradan necə oldu ki, hakimlik etmək qərarına gəldi?
- Karyeramı başa vurandan sonra Bədən Tərbiyəsi Texnikumunda işləməyə başladım. Qonşum Eldar Əzimzadə orda tədris hissə müdirinin müavini idi. Bir gün Eldar müəllim xaricdən gəlmişdi və Azərbaycan çempionatının oyununu idarə etməliydi. Ancaq yorğun olduğundan getmədi və görüşü mənə tapşırdı. Buna qədər heç vaxt hakim kimi meydana çıxmamışdım. Ancaq onun tövsiyəsi ilə oyuna yollandım. Onu da qeyd edim ki, nə hakim paltarım, nə də fitim var idi. Hamısını özü verdi. Bakının “Toxucu” komandası ilə Lənkəran “Xəzər”i qarşılaşırdı. Mən stadiona çatanda əksər futbolçular elə başa düşdülər ki, hansısa komandanın heyətində meydana çıxacam. Çünki əksər futbolçularla bir yerdə oynamışdıq. İlk oyunum heç də pis alınmadı, heç bir komanda idarəçiliyimdən narazı qalmadı. Futbolçu kimi qazandığım təcrübə qanımın arasına girdi. O vaxt Azərbaycan çempionatını idarə etmək üçün hakim əvvəlcə Bakı birinciliyində özünü doğrultmalıydı. Futbol şöbəsinin rəhbəri də Rauf Adıgözəlov idi. O da Əzimzadənin briqadasında yer alırdı. Eldar müəllim ona tapşırmışdı ki, Rüstəmi oyuna mən göndərmişəm.

- SSRİ çempionatında 100-dən çox matçda fit çalmısız. Həmin qarşılaşmalardan ən çox hansını xatırlayırsız?
- Bilmirəm, nədən idi, ancaq azərbaycanlı hakimlərə həmişə ağır oyunlar həvalə olunurdu. Elə olub ki, 90-100 min azarkeşin gözü qarşısında oyun idarə etmişəm. 1990-cı ildə keçirilən dünya çempionatı ərəfəsində “Spartak” – “Dinamo” oyununda baş hakim idim. Həmin vaxt yığmanın əksər futbolçuları bu komandaların heyətində çıxış edirdi. Bir aydan sonra SSRİ yığması mundiala yollanmalıydı. Bu üzdən federasiya rəhbərliyində təmsil olunanların hamısı tribunada oyunu canlı izləyirdilər. Bundan başqa, Kiyevdə keçirilən bəzi matçlarda baş hakim olmuşam. Mənim briqadamın hakimlik etdiyi elə görüşlər olub ki, həmin matçlarda çempionun və mükafatçının adına aydınlıq gəlib. Təsəvvür edin, bu nə deməkdi, necə böyük məsuliyyət tələb edir? Məsələn, 1984-cü ildə “Zenit”lə Kiyev “Dinamo”sunun qarşılaşmasından sonra ukraynalılar çempion oldular. 1988-də baş tutan Moskva “Dinamo”su ilə Kiyev “Dinamo”sunun görüşünü hələ də stajlı azarkeşlər və futbol ictimaiyyəti xatırlayır. 88-ci dəqiqədə, hesab 1:1 olarkən Moskva təmsilçisinin qapısına penalti təyin etdim. Həmin görüşün də əhəmiyyəti çox böyük idi. Çempionluq uğrunda gərgin mübarizə gedirdi. 1991-ci ildə ÇSKA – “Şaxtyor” qarşılaşması da çempionluğun taleyinə aydınlıq gətirib. Belə görüşlərin sayı çoxdu.

- Siz əslən bakılısız. Köhnə Bakı üçün darıxırsız?
- Bu gün də vaxt tapan kimi özümü verirəm İçərişəhərə, uşaqlığımı, gənclik illərimi yada salıram. Özünəxas ab-havası, dar küçələri, köhnə yerli sakinləri daim məni ora dartır. Bizim qonşuluğmuzda çox sayda ziyalı insanlar, tanınmış şəxsiyyətlər yaşayırdı. İndi onların əksəriyyəti dünyasını dəyişsə də, aralarında sağ olanlar da var ki, başda böyük xanəndəmiz Əlibaba Məmmədova, xalq artisti Vasif Babayevə Allahdan cansağlığı arzulayıram. Dostum Eldar Mansurov, rəhmətlik Vaqif Mustafazadə ilə qonşu olmuşuq. İçərişəhər elə bir yer idi ki, bizim insan kimi formlaşmağımızda oranın ab-havasının böyük təsiri var idi. Bir çox filmlərimiz də orda çəkilib. Çəkiliş zamanı tanınmış aktyorları görürdük, onlarla söhbətləşmək imkanımız olurdu. İçərişəhər bir mədəniyyət ocağı idi. Bu gün də o küçələr, dalanlar ordan keçəndə mənə hansısa hadisəni xatırladır, kimlərisə yadıma salır. Nostalji hisslərə dalıram. Ancaq həyat davam edir, buna görə də keçmişi unutmamaqla yanaşı, irəli baxmalısan.

- Müasirləşən Bakı ilə ötən əsrin 60-70-ci illərinin Bakısını müqayisə edəndə nəyə üzülüb, nəyə sevinirsiz?
- Doğrudan da paytaxtımız ildən-ilə gözəlləşir, müasirləşir. Bunu kənarda yaşayan bakılılar da hər dəfə görüşəndə mənə deyirlər. Buna görə çox sevinirəm. Şəhərimizi təmiz, abad görmək mənə ləzzət edir. Nəinki paytaxtımız, Azərbaycanın hər bölgəsi bu gün turistləri özünə cəlb edir. Gözəl yollar salınır, rayonlarda infrastruktur baxımından diqqətçəkən işlər görülür. Bunlar hamısı öz yerində. Ancaq Bakıda artıq əvvəlki mehribanlığı, insanlara səmimi münasibəti görmək olmur. Əvvəllər qonşu qonşu ilə bir parça çörəyi də yarı bölürdü, kimdə nəsə olmayanda heç nədən çəkinmədən qonşusundan, qohumundan, dostundan istəyə bilirdi. İndi sanki hamı soyuqqanlı olub, qapalı həyat tərzi keçirirlər. Bax, bu məni bir qədər narahat edir.

- Bilirəm ki, böyük və ziyalı nəslin nümayəndəsisiz. Qohumlarınız arasında tanınmış sənət adamları, yaradıcı insanlar, həkimlər, alimlər olub. Rüstəm müəllim futbola üz tutmasaydı, hansı peşəni seçərdi?
- Bütün valideynlər kimi, atam-anam məni prokuror, polis işçisi, həkim görmək istəyirdi. Hətta onu da deyim ki, futbolçu karyeramı başa vurandan sonra 3 gün polisdə çalışmışam. Cəmi 3 gündən sonra hiss etdim ki, bura mənim yerim deyil. Gərək adamda işə həvəs olsun. O yoxdusa, sənə nə versələr də, orda rahat ola bilməzsən. Hər kəsin tale yazısı var. Görünür, mənim də alnıma futbol sahəsi yazılıb. Futbolçu olmasaydım, idman sahəsində işləməsəydim, hakimlik etməsəydim, ola bilsin, həkimliyə üz tutardım. Çünki nəslimizdə həkimlərin də sayı yetərincə çoxdu. Həyat yoldaşım, bacım da həkimdilər. Bacım Şükufə Rəhimova Tibb Universitetində 50 ilə yaxın anatomiyadan dərs deyib.

- Azərbaycan hakimliyinin səviyyəsi sizi bu gün qane edir?
- Açıq desəm, o qədər də yox. Düzdü, yeni nəsil gəlir, ancaq bundan da artıq kadr yetişdirmək olardı. Çünki bu gün AFFA rəhbərliyi tərəfindən hakimlər üçün hər cür şərait yaradılıb. Frits Ştuxliklə bu günə kimi cəmi bir dəfə görüşüb söhbət etmək imkanım olub. Onun işində müsbət məqamlar var. Ancaq müəyyən nüanslar olur ki, onu nəzərdən qaçırmaq olmaz. Frits ilk növbədə yerli mentallığı nəzərə almalıydı. Azərbaycan kiçik ölkədi, hamı bir-birini yaxşı tanıyır.

- Bu yerdə ikibaşlı danışdız. Yerli mentallıq deyəndə nəyi nəzərdə tutursuz?
- Avstriyalı başa düşməliydi ki, birdən-birə belə radikal dəyişiklik etmək heç də yaxşı nəticələrə aparıb çıxarmayacaq. Dəyişiklik tədricən olmalıydı. Təcrübəli hakim-inspektorları işdən uzalaşdırırsansa, ümumi səviyyənin aşağı düşməsi heç də gözlənilməz deyil. Bunun nəticəsidi ki, hakim-inspektorlar arasında narazılıqlar yaşanır. Son turlarda hakimlərin idarəçiliyi ilə bağlı şikayətlər çoxalıb. Hələ bunlar Azərbaycan çempionatında oyun idarə edirlər. Bizdə ağır oyunların sayı elə də çox deyil. Gənclər bu cür sakit matçlarda özlərini doğrulda bilmirlərsə, sabah beynəlxalq arenaya çıxanda nə edəcəklər? Həkimlərin də arasında çaxnaşma olduğunu özlərinin danışığından hiss edirəm.

- Tez-tez keçmiş SSRİ respublikalarına səyahət edib, istər ölkədən kənarda yaşayan bizim veteranların, istərsə də həmin ölkələrin futbol adamlarının xeyir-şərində iştirak edirsiz. Sizdən sonra veteranlar arasında bu missiyanı həyata keçirə biləcək kimsə var?
- Çox gözəl sualdı. Veteranların işləri ilə AFFA-da mən məşğul oluram. Oqtay Abdullayev Veteranlar İttifaqının rəhbəri, mən isə müavinəm. Keçmiş SSRİ-də məni tanıyırlar, bir çox funksionerlərlə əlaqələrim bu gün də davam edir. Azərbaycandan kənarda yaşayan veteranlarımızın hansısa məsələ ilə bağlı çətinliyi yarananda mənə müraciət edirlər. Çalışıram ki, o biri respublikalarla əlaqələrimiz kəsilməsin. Suala cavab olaraq, düşünürəm ki, məndən sonra bu işi ən yaxşı formada Asim Xudiyev davam etdirə bilər. Estafeti ona vermək olar. O da futbolçu olub, SSRİ çempionatında hakimlik edib, postsovet məkanında tanıyırlar. Ondan sonra da növbə Əliyar Ağayevə çatacaq. Bu işləri kimsə mütləq davam etdirməlidi. Özünüz də bilirsiz ki, mən heç 70 illik yubileyimi təntənəli şəkildə qeyd etmədim. Yaxın dostlarla bir araya gəlib yüngülvari oturduq. Odu ki, 72-ni də xüsusi qeyd etmək fikrim yoxdu. Evdə ailə üzvlərim, bacılarım və yaxın qohumlarla süfrə arxasında əyləşib, çayla, tortla qeyd edəcəm (Futbol+).