çərşənbə, 07 may 2025

DÜNYA FUTBOLU

Kiçik şəhərin böyük futbolçusu - YAZI + FOTOLAR
 

26.03.2020 12:00 Oxundu 780

2007-ci il may ayının 19-u. İtaliya futbolu daha bir futbol  əfsansi ilə vidalaşır. 41 yaşlı Alessandro Kostakurta 20 illik karyerasını başa vurur. Özü də qol vurmaqla. Maraqlıdır ki, həmin qol onun karyerası ərzində vurduğu cəmi üçüncü qol olur.  Bununla da daha bir əfsanə tarixə qovuşur. Təbii ki, oyunçu kimi. Bəs kimdir bu Alessandro? Əslində sual yersiz görünə bilər, çünki hamı onu yaxşı tanıyır. Lakin gəlin dahi futbolçunu daha da yaxından tanıyaq.

   Alessandro Lombardiyanın qərbində kiçik Ceraqo kon Oraqo şəhərciyində anadan olub. O, 15 yaşından etibarən "Milan"ın primaverasında futbolun sirlərinə yiyələnib. 20 yaşında əsas komandanın qapısını döysə də, Kubokda cəmi iki matçda meydana çıxa bildi. Bundan sonra isə dost "Montsa"ya icarəyə göndərildi. Qayıdışından sonra, 1986/87-ci illər mövsümündə Sandro gənc müdafiəçini əsas heyətdə meydana buraxmağa başlayan yeni milanlı məşqçi Arriqo Sakkinin planlarına daxil oldu. Kostakurta "A" Seriyasında ilk matçını 1987-ci il oktyabrın 25-də "Verona" ilə səfər görüşündə keçirdi. Məşqçi və Billi üçün debüt mövsümü çempionatda qələbə ilə əlamətdar oldu. Görəsən, o vaxt kimsə Kostakurtanın qarşıda İtaliya Kubokundan başlayaraq, Qitələrarası Kuboka qədər daha 23 müxtəlif miqyaslı mükafat qazanacağını bilirdi?

   1988/89-cu illər mövsümü komanda üçün Superkubokda "Sampdoriya" üzərində qələbə ilə açıldı və Sandro həmin matçda "Milan"a ciddi niyyətlə və uzun müddətə gəldiyini nümayiş etdirdi. Yazda "Nou Kamp"da Çempionlar Kubokunun finalında "Styaua" darmadağın edildi. Bu, Billinin ilk avrotitulu idi. O, finalda 74 dəqiqə meydanda olduqdan sonra yerini Filippi Qalliyə verdi. Həmin mövsümdə Sandro məhz onu əsas heyətdən sıxışdırdı. Kostakurtanın növbəti avrotitulu daha bir Çempionlar Kuboku oldu. Vyanada Raykaardın qolu sayəsində "Benfika" məğlub edildi. Hər iki kubok Qitələrarası Kubok və Avropa Superkubokunda qələbələrlə möhkəmləndi. Beləliklə, üç il ərzində Sandronun kolleksiyası birdən-birə 7 mükafatla doldu.


   1989/90 mövsümündə Billi "İnter"lə derbi matçında hesab arasındakı fərqi azaltmaqla - 1:2 (oyun 1:3 hesabı ilə başa çatıb) "Milan"dakı qollarının hesabını açdı. İtaliya yığmasına ilk çağırışı da uzaqda deyildi. Ancelo Viçini 1991-ci il dekabrın 13-də Norveçlə matçda (1:1) Billini meydana buraxdı.
   Oraqolu müdafiəçi "Milan"ın qələbə erasının qəhrəmanlarından biri idi. 1991-1996-cı illər aralığında Fabio Kapellonun rəhbərliyi altında "rossonerilər" üç "skudetto", 1994-cü ildə Çempionlar Kuboku (doğrudur, finalda Sandro diskvalifikasiya üzündən oynamamışdı), Avropa Superkuboku və üç İtaliya Superkubokuna sahib çıxdılar. 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Kostakurta finala qədər bütün matçlarda oynadı, lakin cəzası ucbatından bu finalda da iştirak etmədi.
   1994/95 mövsümündə Billi öz etirafına görə karyerasında ən pis oyununu göstərdi. Tokioda, Qitələrarası Kubok uğrunda mübarizədə "Milan" 0:2 hesabı ilə məşhur Çilarvert başda olmaqla Argentina "Veles Sarsfild"inə uduzdu. Həmin oyunda Sandro öz qapısına penalti qazandı və nəticədə meydandan qovuldu.

 Kapellonun klubdan gedişindən sonra "Milan" və şəxsən Kostakurta üçün uğursuzluqlar seriyası başladı. Komandanın enişi Billinin yığmadakı uğursuz oyunu ilə üst-üstə düşdü. DÇ-1998-dən sonra Cezare Maldini yerini heyətin gəncləşdirilməsi istiqamətini seçən Dino Zoffa verdi. Billi isə artıq yeni komandaya çağırılmadı. Fransızlara qarşı 1/4 final matçı onun "Skuadra Azzura"nın heyətində sonuncu oyunu olaraq qaldı. Yığmadakı yeddi il ərzində Kostakurta praktiki olaraq əvəzedilməz idi. Bununla yanaşı, o, 1991-ci ildə irlandlarla yoldaşlıq görüşündə iki top vurmuşdu (son nəticə - 2:0) və AÇ-1996-nın seçmə mərhələsində sloveniyalıların qapısına yol tapmışdı (1:1). Bu qollar onun vida matçına qədər "Milan"dakı oyunlarda hesabında olan toplar qədərdir.
   Amma bununla Kostakurtanın futbol karyerası yekunlaşmadı. 32 yaşında onun ikinci nəfəsi açıldı və ikinci gəncliyi başladı. Bu andan Billi daha az oynasa da, bununla onun "Milan"dakı rolu azalmadı.

   1998/99-da Alberto Zakkeroninin rəhbərliyi altında "Milan" "Latsio" ilə dramatik mübarizədə "skudetto"nu qazandı. Billi Paolo Maldini və Luici Sala ilə birliklə əsas müdafiəçilər üçlüyünü təşkil edirdi. Kostakurta və yoldaşları "Milan"ın veteranlardan - Billinin özü, Maldini, Sebastyano Rossi, Demetrio Albertinidən canını qurtarmalı olduğunu deyən tənqidçilərə cavab verdi".
   Lakin növbəti mövsümlər "Milan"a xüsusi uğurlar gətirmədi. Zakkeroni getdi, 2001-ci ilin noyabrında Karlo Ançelotti "Milan"ın baş məşqçisi təyin edilənə qədər isə Çezare Maldini ilə Fatih Terim də bu postda özünü yoxladı. Sandro ilə Ançelotti bir vaxtlar çiyin-çiyinə oynamışdılar. Əvvəlcə elə təsəvvür yarandı ki, bu dəfə onların əməkdaşlığı uzun sürməyəcək - mövsümün sonunda digər veteranlar - Seba Rossi və Xose Şamotadakı kimi Kostakurtanın müqaviləsi də bitirdi. Gələcək təkliflərin olmamasından məyus olan Billi karyerasının sonlarında ABŞ-da çıxış etməyi planlaşdırırdı. Orada "gəzən abidə" rolu ilə pul qazanmaq, eləcə də köhnə arzusunu - iqtisadçı diplomunu almaq istəyini gerçəkləşdirmək olardı. Kostakurta "Nyu York / Nyu Cersi Metrostaz"la müqavilə imzalamağa hazırlaşırdı. Amma Çempionlar Liqasının təsnifat mərhələsində Liberets "Slovan"ına qarşı oyunda və yeni mövsümün başlanğıcından əvvəl "Milan"ın müdafiəsində səviyyəli oyunçuların çatışmazlığı aşkarlandı. Və Adriano Qalliani Billini komandaya qaytarmaq üçün okeanın o tayına yollandı və elə çexlərlə cavab qarşılaşmasından əvvəl uğura nail oldu.
   Bu, Çempionlar Kubokunda daha bir qələbəyə gedən yolun başlanğıcı idi. "Slovan"la heç də inamlı olmayan oyundan sonra milanlılar matçdan-matça artırırdılar və nəticədə "Old Trafford"dakı finala qədər irəliləyərək, penaltilər seriyasında "Yuventus"dan üstün oldular. Kostakurta həmin matçda 65 dəqiqə oynadı və Roke Juniorla əvəz olundu. Elə həmin mövsümdə də Sandro özünün yeganə İtaliya Kubokunu qazandı.

   Vaxtdır? Yox. Billi 37 yaşında da dincəlməyə getməyə hazırlaşmırdı və özü üçün yeddinci, "Milan" üçünsə hələlik sonuncu olan "skudetto"ya (2003/04) əlini (və ayaqlarını) qoydu. Çempionluğu Sandrodan çox (8 "skudetto") yalnız Cuzerre Furino və Covanni Ferrari udub.
 Lakin hətta onun qazandıqları da İtaliya futbolunun şərəf kürsüsündə yer tutmaq üçün kifayətdir. Kostakurtanın oyunçu kimi futbolla vidalaşması Çempionlar Liqasında "Liverpul"la final qarşılaşmasından dörd gün əvvəl baş tutdu. Mayın 19-da "San Siro"ya "Udineze" təşrif buyurmuşdu. Meydan sahiblərinin uduzmasına baxmayaraq, stadionda bütün diqqətlər yalnız bir nəfərə yönəlmişdi. 57-ci dəqiqədə 1:2 hesabında udinelilərin qapısına penalti təyin edildi. Və topa Billi yaxınlaşdı. Həmin anda bütün stadion, nəinki arenadakılar, bütün İtaliya fikrində qonaqların qapıçısı Morqan de Sanktisdən əfsanənin bayramını korlamamağı xahiş edirdi. Amma Sandro sübut etdi ki, onun hədiyyəyə ehtiyacı yoxdur və inamlı şəkildə penaltini reallaşdırdı. İki dəqiqə sonra Kostakurtanı əvəz etdilər.
   Belə vida matçına istənilən oyunçu həsəd apara bilərdi. Stadion onunla ayaq üstə vidalaşdı. Billinin üzündən getməmək istəyi oxunurdu. Amma yaşıl qazondakı qələbələrin əvəzinə tezliklə məşqçi skamyasındakı uğurlar gələcək. Və bəlkə də, çox tez bir zamanda əfsanəvi müdafiəçini artıq başqa rolda görəcəyik.

 
Bunları bilmək maraqlıdır
 
Alessandro futboldan kənar iqtisadiyyat və maliyyə ilə maraqlanırdı. Onun digər həvəsi isə uşaqlıqda məşğul olduğu basketbol (o, MBA-nın böyük həvəskarıdır) idi. Yeri gəlmişkən, "Billi" ləqəbi də bundan yaranıb. Bu ləqəbi ona məşqçilərdən biri verib. O, Sandronun istəkli olmasını görərək, onu Milanın "Olimpiya" basketbol klubuna (yeri gəlmişkən, İtaliyada ən titullu klub) dəvət etmişdi. Komandanın sponsorlarından biri meyvə şirəsi istehsalçısı "Billi" idi. Kostakurtanın beyzbola da marağı böyükdür. O, məşhur "Nyu York Yankiz"in tərəfdarıdır. 2004-cü ilin avqustunda Sandro "Yankiz"in "Baltimor"la ev matçında rəmzi zərbəni vurmaq şərəfinə layiq görülmüşdü. Ümumiyyətlə isə, Kostakurtanın özü etiraf edib ki, o, ABŞ-ı və Amerikanın həyat tərzini çox xoşlayır.