çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur müsəlman futbolçuları: Erik Kantona (2)

06.08.2016 09:14 Oxundu 1407

Əziz Mustafa

1991-ci ilin dekabr ayında "Nim"də oynayan Kantona növbəti dəfə əsəblərini cilovlaya bilmədi. O, hakimin qərarı ilə razılaşmayaraq, topu ona vurdu. Buna görə Erik Kantonanı Fransa Futbol Federasiyasının nizam-intizam komissiyasına çağıraraq onu bir ay müddətinə diskvalifikasiya etdilər. Kantona isə bu qərarı qəbul edən komitə üzvlərinə bir-bir yaxınlaşaraq onlara "idiot" dedi. Buna görə ona 3 ay yaşıl meydana çıxmağı qadağan etdilər. Buna cavab olaraq, Kantona futbol karyerasını başa vurduğunu bəyan etdi. Ancaq Erik Kantonanın oyununu bəyənən Mişel Platini onu qərarından döndərməyə razı sala bildi. Bundan sonra Mişel Platini və Jerar Ulyenin tövsiyəsi ilə bu dəlisov futbolçu karyerasını İngiltərədə davam etdirmək qərarına gəldi.

Erik Kantona "Lids Yunayted"də

1991-ci il noyabr ayının 6-da UEFA kuboku uğrunda oyunda "Liverpul" 3:0 hesabı ilə Fransanın "Oser" komandası üzərində qələbə çaldı. Həmin oyundan sonra "Liverpul" komandasının baş məşqçisi Qrem Sunesslə görüşən Mişel Platini ona Erik Kantonanı transfer etməyi məsləhət gördü. Lakin Platiniyə buna görə təşəkkür edən Qrem Suness problemli oyunçunu transfer etmək istəmədiyini bildirdi. Bundan sonra Platininin tövsiyəsi və vasitəçiliyi ilə İngiltərəyə gedən Erik Kantonaya "Şeffild Uensdey" komandası ilə anlşadı. "Şeffild Uensdey" məşhur futbolçuya bu komandada bir həftəlik sınaqdan çıxmağı təklif etdi. Sınaq müddəti başa çatandna sonra ona sınağı daha bir həftə artırmağı məsləhət bildilər. Lakin Kantona bu təklifi qəbul etməyərək 900 min funt sterlinqə digər iddialı kluba "Lids Yunayted"ə keçdi.

Həmin il "Lids Yunayted" İngiltərə çempionatının qalibi oldu. Kantona çempionatda göstərdiyi gözəl oyunu ilə diqqəti cəlb etdi və onu azarkeşlər məhəbbətlə "kral" deyə çağırmağa başladılar.

"Lids Yunayted"in "Liverpul"la keçirdiyi İngiltərə superkuboku uğrunda oyunda isə Erik Kantona, belə demək mümkünsə, bir vaxtlar onun keçidini istəməyən Qrem Sunessin komandasına divan tutdu. O, rəqib qapısından 3 top keçirərək "Lids Yunayted"in 4:3 hesabı ilə qalib gəlməsinə yardım etdi.

"Mançester Yunayted"lə zirvəyə

Erik Kantonanın "Lids Yunayted"də parlaq oyun nümayiş etdirməsini görən "Mançester Yunayted" rəhbərliyi onu transfer etmək qərarına gəldi. 1992-ci ilin noyabr ayında Kantona 1,2 milyon funt sterlinqə "Mançester Yunayted"ə transfer edildi. Kantonanı satdığına görə "Lids Yunayted"in prezidenti Hovard Uilkinson azarkeşlərin tənqidinə məruz qaldı. Ancaq bu çılğın fransızın "Lids" azarkeşləri üçün daha böyük anlamı var idi. Erik Kantonanın "Qırmızı-şeytanlar"ın düşərgəsinə yollanmasına cavab olaraq "Lids" azarkeşləri onu "xain" elan etdilər.

Hadisələrin gedişi göstərdi ki, "Lids Yunayted" Kantonanı satmaqla səhv hərəkət etdi. Belə ki, Kantonanın gedişindən sonrakı mövsümdə " "Lids Yunayted" nəinki çempion titulunu qoruyub saxlaya bildi, əksinə o biri dəstəyə yuvarlandı.

"Mançester Yunayted"ə keçməklə Kantona İngiltərə futbolunun ən unudulmayan futbol ulduzları sırasına daxil oldu.

Kantonanın ayağı düşərli oldu. Fransız bu komandaya gəlişi ilə "Mançester Yunayted"ə həm həyəcan, həm də çempionluq gətirdi.

26 yaşlı nizam-intizamsız bir fransalını transfer edən Ferquson o vaxt xeyli tənqid olunmuşdu. Komanda rəhbərliyi hücumçuya görə "Lids"ə 1.6 milyon avro ödəmişdi. Tənqidləri müəyyən mənada haqlı da saymaq olardı. Belə ki, Kantona çıxış etdiyi bütün komandalarda qalmaqalla yadda qalmış, qeyri-stabil oyun sərgiləmişdi. Lakin dahi Ferquson, Kantonanı böyük futbolçu edə bildi.

"Mançester Yunayted"in heyətində Kantona ilk oyununa Lissabonun "Eştadiu da luj" stadionunda Eysebionun 50 illik yubileyinə həsr oluna yoldaşlıq matçında "Benfika" ilə oyuna çıxdı. İngiltərə çempionatında isə ilk rəsmi matçına Erik Kantona "Mançester Yunayted" tərkibində dekabrın 6-da " Mançester Siti " ilə oyuna çıxdı. O, komanda yoldaşını əvəz elədi. Oyun 2:1 hesabı ilə "Mançester Yunayted"in xeyrinə başa çatdı. Qeyd edək ki, Kantona "Mançester Yunayted"ə gəlməzdən əvvəl adı çəkilən komanda 1992-1993-cü il futbol mövsümünə pis başlamışdı. Komandada qol vuran oyunçuya böyük ehtiyac duyulurdu. Həmin dövrdə "Mançester Yunayted"in əsas hücumçuları olan Brayan Makkler və Mark Hyuz formada deyildilər və onlar hücumda zəif çıxış edirdilər. Bundan əlavə, "Mançester Yunayted"in yayda transfer etdiyi Dion Dablin ayağını sınmışdı. Belə bir vəziyyətdə Kantonanın "Mançester Yunayted"ə transferi olduqca yerinə düşdü və o, Ferqyusonun ümidlərini doğruladaraq sözün əsl mənasında dünyanın ən güclü futbolçularından biri olduğunu sübut edə bildi. Komandaya qısa müddətdə adaptasiya olan Erik Kantona "Stemford Bric" stadionunda "Çelsi" ilə oyunda meydan sahiblərinin qapısına ilk qolunu vurdu. Beləliklə, o, "Mançester Yunayted"in heyətində qol hesabını açmış oldu. 19 dekabr 1992-ci ildə keçirilən bu oyun 1:1 hesabı ilə başa çatdı. Həmin vaxt Erik Kantona həm də komanda yoldaşlarına qolla nəticələnən ötürmələr verməyə başladı. 1993-cü il yanvar ayının 9-da "Tottenhem Hotspur"la görüşdə Kantona rəqib komandanın qapısına top vurdu. O həm də qolla nəticələnən iki ötürmə verdi. Oyun 4:1 hesabı ilə "Mançester Yunayted"in xeyrinə başa çatdı.

Dəlisovluğu başına bəla açır

İngiltərədə də dəlisov Erik Kantona öz xarakterini nümayiş etdirməyə başladı. Belə ki, "Elland Roud" stadionunda "Lids Yunayted"lə keçirilən oyunda Kantona onun ünvanına təhqiramiz ifadələr səsləndirən "Lids" azarkeşlərindən birinin üzünə tüpürdü. Buna görə futbolçu İngiltərə Premyer Liqası rəhbərliyi tərəfindən 1 min funt sterlinq cərimə edildi. Sonrakı iki ildə Erik Kantona "Mançester Yunayted"in heyətində özünün ən yaxşı oyunlarını keçirdi. 1992-1993-cü illər mövsümündə Erik Kantonanın vurduğu qollar sayəsində "Mançester Yunayted" ölkə çempionu oldu. Növbəti 1993-1994-cü il mövsümündə Erik Kantona "Mançester Yunayted"lə həm ölkə çempionu oldu, həm də İngiltərə kubokunu qazandı. İngiltərə kuboku uğrunda final oyununda "Mançester Yunayted" "Çelsi" ilə görüşdü. "Mançester Yunayted"in 4:0 hesabı ilə qalib gəldiyi oyunda Erik Kantona rəqib qapısından iki top keçirdi. Professional Futbol Assosiasiyaları versiyasına əsasən, Erik Kantona 1993-1994-cü illər mövsümünün ən taxşı oyunçusu elan edildi. Amma 1993-1994-cü illər mövsümündə həm də Erik Kantona ən çox qırmızı vərəqə alan oyunçu oldu. Hakimlər ona 4 dəfə qırmızı kart göstərərək meydandan çıxardılar.

Növbəti mövsümdə isə Erik Kantona yenə də əsəblərini cilovlaya bilmədi. 1995-ci il yanvar ayının 25-də Kantona rəqib meydanında "Kristal Pelas" komandası ilə oyunda daha xoşagəlməz bir hadisə ilə üzləşdi. Oyun zamanı o futbolkasını tutub dartan meydan sahiblərinin müdafiəçisi Riçard Şoyuya Erik Kantona ayaqla zərbə endirdi. Hakim tərəfindən dərhal qırmızı kartla cəzalandırılan Kantona bu hələ azmış kimi meydanı tərk edərkən ona söyən yerli azarkeş Metyu Simmonsun üzərinə hücum edərək onu bərk əzişdirdi.

Əslində o bunu etməməli idi və bilirdi ki, cəzası onsuz da ağır olacaq. İngiltərə Futbol Federasiyası bu hərəkətinə görə Erik Kantonanı cəzalandırdı. Hüquq-mühafizə orqanları isə onun bu hərəkətinə qarşı cinayət işi qaldırıdlar. Buna cavab olaraq Kantona qarşı tərəfi təhqir etdi və üzərinə hücum edərək döydü. Nəticədə Kantona 7 gün həbs cəzası aldı.