bazar, 11 may 2025

BİZİM FUTBOL

Millini məğlubiyyətdən qurtaran qol - YAZI - VİDEO

12.04.2020 15:47 Oxundu 726

Vaqif Cavadovun karyerasını yenidən vərəqləmək, rəqəmlər üzərində dayanaraq geniş məlumat verməyə çalışmaq yerinə düşər.

Moskva "MOİK"-ində futbolun sirlərini öyrənmək şansını boşa verməyən Vaqif Şahin Diniyevin çalışdırdığı "Qarabağ”da gənc yaşda forma şansı qazandığına görə, şübhəsiz, sözügedən mütəxəssisə borcludu.

Əslində Azərbaycan futbolunun ön xətt oyunçusu sarıdan böyük sıxıntı çəkdiyi vaxtda gənc vingerin Ağdam komandasında parlaması yüzlərlə futbolsevərin ürəyində yeni ümidlər cücərtdi.

Bəli, intensiv məqşlərin, həvəsin, Füzuli Cavadovun oğlu olmasının da onun yetişməsində böyük rolu var. Ancaq meydandakı hər hərəkəti ilə maraqlı futbolçu təsiri bağışlayan cinah hücumçusu həm də istedadlı idi.

"Qarabağ” – "Tvente” –"Bakı” marşrutu ilə çıxdığı yolçuluqdan, qısa "Volqa" macərasından demək olar ki, hamı xəbərdardı.

Elə Cavadovlar nəslinin indilik son futbolçu nümayəndəsinin karyerasını da iki yerə ayırmaq olar. Təəssüf ki, ölkənin bir qədər qürur, bir qədər pafos və bir qucaq ümidlə "Tvente”yə yola saldığı yerli ulduz bir daha xəyallardakı Vaqif olmağı bacarmadı.

Belə desək, nikbin fanatların umduğu yüksəliş gözə dəymədi. Yəni 2007/2010 aralığındakı. Bir qədər də qətiləşdirsək, bu qısa dönəmin son ilyarımında sərgilənən qürurverici performansın ardı gəlmədi.

Düzdü, ön xətt oyunçusu hər kəsin "Vaqifin futbolu bitib” dediyi vaxtda Kaxaber Tsxadadzenin "İnter”ində kapitan sarğısını daşıyan oyunçu hələ tükənmədiyini 33 oyunda vurduğu 14 qol və çoxsaylı məhsuldar ötürmələri ilə ortaya qoydu. Ancaq azarkeşlərin, mətbuat nümayəndələrinin, eləcə də futbol mütəxəssislərinin gözlədiyi bu deyildi...

Bütün hallarda, Vaqifi müstəqillik dönəminin "qaymaqlar”ından biri, oynadığı klublarla yanaşı, Azərbaycan millisinə də ciddi faydası dəymiş oyunçu qismində dəyərləndirmək vacibdi.

Vingerin ulduzlaşdığı matçların bir neçəsini yada salmağa dəyər.

DÇ-2010-un seçmə mərhələsinin oyunları zamanı gənc Cavadov futbol formasının zirvəsində idi. Təbii, Rusiya yığmasıyla oktyabrın 14-də keçirilən qarşılaşma ərəfəsində azərbaycanlı fanatların xüsusi nə isə gözlədiyi isim də o idi. Hücum xəttinin gənc lideri 1:1 hesabıyla bitən matçda özünü ən yaxşı tərəfdən göstərdi. O, şimal qonşularımızla prinsipial dueldə seçməmizin yeganə qolunu vurdu və 90 dəqiqə sıradan futbolçu olmadığını isbatladı:
 

Milli formayla çıxdığı 57 qarşılaşmada 9 dəfə rəqib qapılarına yol tapan Vaqifin Bakıda rusları 4 il sonra yenə qələbəyə həsrət qoyması isə bəlkə də alın yazısı adlandırılmalıdı:

AÇ-2012-nin seçmə mərhələsində Astanada Qazaxıstana 1:2 hesabıyla yenilən milli məğlubiyyətin əvəzini evdə çıxmalıydı. Əlbəttə, yığmamız sambalda komandaların seçmə tsikllərdə öz hədəfləri olur. 2011-ci ildə, sentyabrın 6-da Bakıda gerçəkləşən görüşdə qonaqlar hesabı açsa da, yekunda azərbaycanlı futbolsevərlər zəfərə sevindi. Qazaxıstanın mübarizə əzmini qıran qola isə "7 nömrə” imza atdı:

Siyahını uzatmaq, cinah hücumçusunun səfərdə Lixtenşteynin (2:0), BƏƏ-dəki beynəlxalq turnirdə Çexiyayanın (2:0), rəqib meydanında Almaniyanın qapısına yol tapmasından danışmaq da olar. Onun rəqiblərin qapı torunu silkələməsə belə, yüksək səviyyədə keçirdiyi başqa önəmli matçlar da var. 


Ən pisi budu ki, son klubu "Keşlə” olan Cavadov ötən ilin yayından klubsuzdu. Karyerasını bitirməyə hazırlaşmadığını dəfələrlə açıqlasa da, güvənən, komandaya dəvət edən yoxdu. Hə, səbəblər müxtəlifdi... Hər biri haqda danışmaq isə ayrıca yazı mövzusudu.