cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Futbolçu qardaşların qol vurduqları ayaqları kəsilmişdi”

25.05.2016 11:31 Oxundu 5805

II sıra: İsaq Zulqərniyev, Vladimir Qalkin, Kamil Eynullayev, Əhməd Ələsgərov, Marsel Cvaxyan, Viktor Smirnov;

Respublikamızda futbolçu qardaşlar çox olub və indi də az deyil. Bunlardan Samir və Aydın Ələkbərovlar, Musa və Qurban Qurbanovlar, Mehman və Füzuli Allahverdiyevlər, Hafiz və Asəf Namazovlar, Yadigar və İmamyar Süleymanovlar, Füzuli və İsgəndər Cavadovlar, Xaqani və Füzuli Məmmədovlar, Nadir və Aqil Nəbiyevlər, Rahid və Fair Əmirquliyev qardaşlarını, habelə başqaların göstərmək olar.

Böyük futbolda çıxış etmiş qardaşlardan biri də Eynullayevlərdir. Bu yazı Kamil Eynullayev haqqındadır.

İdman ustası Çingiz İsmayılov: “Kamil Eynullayev 1957-ci ildə Neftyanik komandasına gəlmişdi. Mən ondan əvvəl bu kollektivdə idim. Onu komandaya ikinci məşqçimiz, 40-50-ci illərdə Bakının ən güclü yarımmüdafiəçisi sayılan İsay Abramaşvili tapıb gətirmişdi. Gözəl texnikaya malik futbolçu idi. Onun ən yaxşı keyfiyyətlərindən biri sürətli qaçışı idi. Kamil gözəl futbolçu olmaqla bərabər həm gözəl insan, həm də gözəl ailə başçısı idi”.

Kamilin ayağı həmin il komanda üçün düşərli olmuşdu. “Neftyanik” 1957-ci ildə 44 xal toplayaraq “B” qrupunda üçüncü yerə çıxmışdı. Burada Kamilin də böyük əməyi olmuşdu.

16 qoldan yeddisi

Mövsümün axırında “Neftayanik” dörd yoldaşlıq görüşü keçirmək üçün İraqa yola düşmüşdü. Yola düşənlər arasında Kamil də var idi.

Bakı futbolçuları keçirdikləi dörd oyunun dördündə də qələbə qazanmışdılar. Soydaşlarımız meydan sahiblərinin qapısından 16 top keçirmiş, öz qapısından isə cəmi dörd top buraxmışdılar. Vurulan 16 qoldan yeddisi Kamilin payına düşmüşdü.

Sonralar Kamil bir neçə dəfə “Neftyanik”in heyətində xarici ölkələrdə keçirilən yoldaşlıq görüşlərində çıxış etmişdir.

Əvvəllər SSRİ çempionatı qabağı komandalar tez-tez yoldaşlıq oyunlarında görüşərdilər. Güclülər dəstəsinin komandaları “B” qrupunda yarışan komandalarla görüşürdülər. Yaxşı yadımdadır: 1958-ci ildə “Neftyanik” Bakıda Moskvanın “Lokomotiv” komandası ilə qarşılaşmışdı. Oyun 2:0 hesabı ilə “B” qrupunun iştirakçısı olan “Neftyanik”in xeyirinə qurtarmışdı. Moskvalıların qapısına bir topu Kamil vurmuşdu. Bu oyundan sonra moskvalılar yoldaşlıq görüşü keçirmək üçün Türkiyəyə yola düşmüşdülər. Onlar öz komandalarını gücləndirmək məqsədi ilə Kamili də özləri ilə Türkiyəyə aparmışdılar.

“Lokomotiv”, “Dauqava”

Türkiyədən qayıdandan sonra “Lokomotiv”in rəhbərliyi Kamili buraxmaq istəməmişdi. Kamim bir müddət “Lokomotiv”in şərəfini qorumuşdu. Qəribçiliyə dözməyən Kamil yenindən doğma kollektivə qayıtmışdı.

“Neftyanik” 1949 və 1950-ci illərdə SSRİ çempionatının güclülər dəstəsində yarışmışdı. Sonra yenidən “B” qrupuna düşmüşdü. İkinci dəfə onlar 1960-cı ildə yenidən yüksək liqaya qayıtmışlar. Kamil 1960, 1961, 1962 və 1964-cü illərdə güclülər dəstəsində çıxış etmişdir. Ümumiyyətlə, o, yüksək liqada 74 oyun keçirmiş və 7 top vurmuşdu.

“Neftyanik”in vurduğu qolların çoxu Kamilin ustalıqla ötürməsindən sonra alınırdı. 1963-cü ildə Kamil Riqanın “Dauqava” komandasında çıxış etmişdi.

Azərbaycan MEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru olmuş Məmməd Adilov: ”B” qrupundakı çıxışlarda “Neftyanik”in ən böyük uğuru bu oldu ki, burada keçirildiyi 10 il müddətində miliyyətcə azərbaycanlı olan Ç. İsmayılov, G. Cəfərov, H. Hüseynov, T. Məmmədov, A. Babayev, T. Axundov, Ə. Ələsgərov, Z. Süleymanov, K. Eynullayev, İ. Zulqərniyev kimi futbolçular respublikanın ən güclü komandasında özlərinə yer tuta bildilər. Onlardan bir neçəsi 60-cı illərdə güclülər dəstəsində də çıxış etmişdi”.

Komanda hücuma keçəndə

1961-ci ilin aprelin 20-də “Neftyanik” Bakıda Vilnüsün “Spartak” komandasını qəbul etmişdi. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, hesab açılmırdı. Qonaqların qapısına təyin olunmuş iki 11 metrlik cərimə zərbəsi də qapıdan keçməmişdi. Nəhayət, Kamilin zərbəsindən sonra “Neftyanik” iki xal qazana bilmişdi. Düz 3 həftədən sonra bakılılar Xarkovda yerli “Avanqard” komandasının qonağı olmuşdur. Burada da oyunun 58-ci dəqiqəsində Kamilin vurduğu yeganə top bakılılara daha iki xal qazandırmışdı.

İdman ustası Tofiq Fətullayev: “Mən də Kamillə bir yerdə “Neftyanik” komandasında çıxış etmişəm. Mən yarımmüdafiə xəttində, o isə hücumçu oynayırdı. Kamil çox gözəl insan, yaxşı dost idi. Böyük, kiçik yerini bilirdi. Komandada onun kimi sürətli oynayan oyunçu yox idi. Gözəl dribinqə malik idi. Komanda hücuma keçəndə oyunçular hər dəfə topun sağ tərəfdən, yəni Kamil tərəfdən rəqibin qapısı ağzına gəlməsini gözləyirdilər. Qolların çoxu onun gözəl ötürməsindən sonra vurulurdu”.

“Qarrinça” deyə çağırırdılar

Eynullayevlər ailəsini futbolçular ailəsi adlandırmaq olar. Böyük qardaşı Bahadır məhəllə futbolunda məşhur idi. Axsadığı üçün ancaq məhəllədə top qovurmuş. Çox gözəl oynayırdı. Onu məhəllədə “Qarrinça” deyə çağırırdılar. Kiçik qardaş Nadir də yaxşı futbolçu sayılırdı. O, Gəncənin “Dinamo”, “Kəpəz” və Bakının “Neftyanik” komandalarında çıxış etmişdi.

Çingiz İsmayılov: “Hər iki qardaş istedadlı futbolçu idi. Çox təəssüf ki, hər ikisi dünyalarını tez dəyişdilər. Onlar şəkər xəstəliyinə düçar olmuşdular. Hər ikisinin qol vurduqları ayaqları kəsilmişdi. Onu da deyim ki, onların ata-anaları da bu xəstəlikdən dünyalarını dəyişmişdilər. Allah onlara rəhmət eləsin”.

Kamil gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Sürəyya xanım “Azərfilm”in istehsal etdiyi “Qızmar günəş altında” filmində baş rollardan birinə çəkilmişdir. Kamildən iki övladı (oğlan və qız) yadigarı qalıb. Hazırda onlar ailə başçısıdırlar. Oğlu Məcid öz uşağına atası Kamilin adını verib. Balaca Kamil də babası və əmisi kimi futbolçu olmaq arzusundadır.

Kamil və Nadiri tanıyanlar həmişə onları xatırlayır, gözəl oyunları barədə xoş sözlər danışırlar. Dostları, veteran futbolçular Eynullayev qardaşlarının xatirəsini həmişə yad edirlər.

Abas Əzimov, Əməkdar jurnalist