çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Messi milliyə qayıdır?

06.08.2016 14:46 Oxundu 327

Lionel Messi Argentina yığmasının heyətində 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında çıxış edəcək. Bu barədə Argentina prezidenti Maurisio Makriyə istinadən ESPN telekanalı məlumat verib. Məlumata görə, prezident bildirib ki, Messi dünya çempionatında da çıxış edəcək komandamızın lideri olacaq: "Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq. Messi formada olan ən yaxşı argentinalı futbolçudur. Biz ona sayğı göstərməliyik ki, o, özünü rahat hiss etsin".

Qeyd edək ki, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub. 29 yaşlı hücumçu Amerika kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra bu addımı atıb.

Kapitan fikrini belə izah edib: "Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil".

Məlumat üçün bildirək ki, Argentina final oyununda Çiliyə penaltilər seriyasında uduzub. Zərbələrdən birini Messi qola çevirə bilməyib.

Argentina millisində ən çox qol vuran Messi 113 oyunda 55 dəfə rəqib qapılarına yol tapıb.