
Slovakiyanın "Jilina" klubu aprelin 1-dən fəaliyyətini dayandırıb.
Cempion.az xəbər verir ki, səbəb maliyyə böhranı ilə bağlıdır:
"Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".
1908-ci ildə yaranmış "Jilina" 7 qat Slovakiya çempionudur. Adçıkilən komanda 2005-ci ildə UEFA Kubokunun ilkin mərhələsində "Bakı" ilə qarşılaşıb.
"Zolaqlılar" Bakıda keçirilən matçda Ceyhun Sultanovun vurduğu qolla 1:0 qalib gəlsə də, səfərdə 1:3 hesabıyla uduzaraq, mübarizəni dayandırmışdı.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.
"Jilina"dan məhz indi söz salmağımız təsadüfi deyil. Məsələ ondadır ki, Slovakiya klubunun rəhbərliyi öz futbolçularını Azərbaycan Premyer Liqasının iştirakçılarına təklif edib. Özü də kifayət qədər aşağı qiymətə.
Artıq onlara maraq göstərənlər var. "Jilina"nın aparıcı simalarını hədəf alan 3 klubun adını çəkə bilərik - "Sabah", "Neftçi" və "Keşlə". Tərəflər artıq danışıqlara başlayıb.