
"Karantin başlayanadək evdə çox olmurdum. Çünki il ərzində bəlkə də bir ay evdə qala bilirdim. Hər zaman təlim-məşq toplanışında idim, yığmanın hazırlıq proseslərinə qatılırdım".
Cempion.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "İdman TV"də yayımlanan "Evdə qal, idmansız qalma!" verilişində deyib.
30 yaşlı idmançı Azərbaycan dilini unutmağa başladığını etiraf edib: "2011-ci ildən Türkiyədə yaşayıram. Ətrafdakı insanlarla eyni dildən istifadə edirik. Ona görə də Azərbaycan dilini bir az unutmuşam. Amma praktika lazımdır. Danışsam, bir ay və ya 2-3 həftəyə yenidən öz dilimə uyğunlaşa bilərəm".
Quliyev Türkiyə hökumətinin qərarı ilə həftəsonunadək evdən çölə çıxa bilməyəcəklərini xatırladıb: "Hazırda Türkiyədə karantin rejimidir. Hamı evdə oturur. Bu gün uşaqların bayramıdır. Bu həftəsonuna qədər evdə olacağıq. Çölə çıxa bilmirik".
Təcrübəli atlet bildirib ki, 2018-ci ildə proqramı dəyişdirdiyi üçün Avropa çempionatında yaxşı nəticə göstərərək, yarışın rekordunu qırıb.
Quliyev 2019-cü ildə yaxşı çıxış edə bilməməsinin səbəbini də açıqlayıb: "Ötən il üçün yaxşı hazırlıq keçmişdik. Mövsümü 19,98 saniyə ilə açdım. Bununla da Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Mövsümə çox yaxşı başlamışdıq, yaxşı nəticəm var idi. Hazırlığı da yaxşı keçirmişdik. Bizim yarışların arasındakı fasilə az olur, 3 gün bir yerdə qalırıq, daha sonra başqa şəhərə gedirik. Təyyarədə, bağlı yerlərdə və otellərdə olduğum üçün 2019-cu ildə xəstələndim, virusa yoluxdum".
Təcrübəli atlet deyib ki, həmin vaxt çətin durumda olub: "Məşqlərə yenidən başlamaq lazım gəldi. İstədiyimiz formanı qaytara bilmədim".
Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.
"Evdə qal, idmansız qalma!" layihəsi Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilir.