çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Samir Abasov: "Mənə indi ancaq xəstəxanadan təklif gələ bilər" - MÜSAHİBƏ

23.04.2020 19:00 Oxundu 792


Mövsümün əvvəlində "Zirə"nin baş məşqçi postundan ayrılan və hələ də işsiz qalan Samir Abasov sportinfo.az- a müshahibə verib. Cempion.az həmin müsahibəni sizə təqdim edir:  


 

- Karantin günləri necə keçir?

- Çox şeydən məhrumuq deyə, bəzi şeylərin qədrini bilməyə başlamışıq. Bir az dilxorçuluqdur, ürəksıxıcıdır.

- Vaxtınızı daha çox necə keçirirsiz?

- Bizdə bağ evidir. Axşamlar çıxıb bir az gəzirəm. Bağda ağacları sulayıram, üzüm çardağı düzəldirəm. Lazımsız şeyləri də bekarçılıqdan edirəm (gülür). Belə şeylərlə vaxtımı keçirirəm. Bir də baxıram ki, axşam düşüb.

- Əksər futbol adamları məcburiyyətdən Belarus çempionatın izləyir. Bəs siz necə?

- Belə qabağıma hansısa oyunları çıxmayıb ki, baxam. Köhnə oyunlara daha çox baxıram. "Dinamo" (Kiyev Ukrayna) - "Barselona" görüşünə baxmışam. "Barselona"nın Ukraynada 3:0 uduzduğu oyun. Nostalji oyunlar daha çox ləzzət edir.

- İşlədiyiniz klublardakı oyunlarınızı heç analiz etmisiz?

- Yox. Elə bil ki, bu mühit adamı futboldan uzaqlaşdırıb. Daha çox başqa şeyləri fikirlərşirsən. Nəinki mən, bütün insanlar sanki hər şeydən soyuyublar. Məcburiyyətdən məşq edən futbolçuların da imkanları olsa, heç məşq etməzdilər.

- Belə vəziyyətin sonradan futbol dünyasına hansı təsirləri ola bilər?

- Bu vəziyyəti arxada qoyandan sonra, hər şey yaddan çıxacaq. Bir tarix kimi yadda qalacaq ki, belə bir şeylər olmuşdu. Hər şey əvvəlki kimi öz axarına düşəcək. Sadəcə, bu ili yola verəcəklər. Bu vəziyyət klubları da soyudub. Top klubların baş məşqçilərinin açıqlamalarından da görünür ki, yarımçıq qalmış çempionatdansa, yeni çempionat başlasaydı daha yaxş olardı düşüncəsindədirlər.

- Klublarımızın əksəriyyəti AFFA-dan maliyyələşir. AFFA-ya isə pullar SOCAR-dan gəlir. Neftin sürətlə ucuzlaşması klublarımızın gələcəyinə necə təsir edə bilər?

- Ümumiyyətlə, neftin qiymətinin düşməsinin bütün ölkəyə təsiri böyük olacaq. Bəzi ölkələrdən fərqli olaraq, biz konkret neftdən asılı ölkəyik. Neftin futbolumuza təsiri həddindən artıq böyükdür. 5-6 klub, milli komanda SOCAR-dan maliyyələşir. Doğurdan da bunun böyük təsiri olacaq. Ümid edək ki, tezliklə neftin qiymətində bahalaşma baş versin, nəyinki kəskin ucuzlaşmasın.

- Və belə proqnozlardan sonra düşünmək olar ki, bundan sonra ölkəmizə yüksək ödənişli futbolçuların gətirilməsi azalacaq, yerli futbolçularlın maaşlarında kəskin azalma olacaq?

- Proseslər yenə nə olur kasıba olur prinsipi ilə davam edəcək. Bu da o deməkdir ki, bunun "Sumqayıt" kimi aşağı yerlərdə gedən və digər SOCAR-dan maliyyələşən başqa klublar varsa onlara daha çox təsiri olacaq. Amma bunun böyük klublardan "Neftçi"yə təsir edəcəyinə inanmıram. Hə, ayrılan maliyyə aşağı düşəcək. Amma bu yenə digər klublara nisbətdə yüksək olacaq.

- Sizcə, bu qədər fasilədən sonra futbolçuların bərpasına nə qədər vaxt lazım olacaq?

- 15 gün heç nə etməyib məşqləri buraxırsansa. Bundan sonra hansısa çempionat oyununa tam şəkildə çıxmaq üçün sənə bir ay, ay yarım vaxt lazımdır. Baxmayaraq ki, futbolçular hazırda evdə məşq edirlər, amma yenə çətin olacaq. İkinci bir məsələ var ki, sən burda tək deyilsən. Hamı eyni vəziyyətdədir. Ona görə də fiziki durum baxımından oynanılan bütün oyunlar eyni gücdə gedəcək.

- Bu qədər fasilə müddətində fərdi proqramla bağlı sizə müraciət edən hansısa yerli futbolçu olubmu?

- Bu vaxta kimi mənim komandamda oynayan futbolçulara hər yay və qış fasiləsindı proqramlar paylayırdıq. Eşitdiyim qədəri ilə indi də bəzi futbolçuların o proqramlarla işlədiyini mən bilirəm. Amma sırf indi kömək istəyən olmayıb.

- Yeni iş təklifi varmı?

- İndi hardan təklif gələ bilər ki?. Uzağı, hansısa xəstəxanadan təklif gələr ki, gəl, xəstələrə kömək elə (gülür). Hazırda futbolda iş yoxdur.