25.04.2020 13:00
1080


Artıq bir aydan çoxdur ki, Azərbaycan premyer liqasında 2019-2020 mövsümü koronavirus pandemiyasina görə yarımçıq dayandırılıb. Oyunlardan və məşqlərdən məhrum olan futbolçular formada qalmaq və artıq çəki almamaq üçün kifayət qədər çətinliklə üzləşiblər. Əgər çempionat bərpa olunsa, Premyer Liqada mübarizə aparan klublara futbolçuların əvvəlki formasına qayıtması üçün əlavə təlim-məşq toplanışına ehtiyac olacaq. Cempion.az saytında yaranmış vəziyyətlə bağlı maraqlı yazı dərc olunub. Yazıda pandemiya dövrünün "Evdə qal"ı "Bazada qal"la əvəzləmək təklifi irəli sürülüb. Bunun üçün də klublar futbolçulara və digər zəruri kadrlarına karantin dövrünün qaydalarına uyğun olaraq “icaze.e-gov.az” portalı vasitəsi ilə icazə alıb bazada karantinə alınmalarını təmin etsələr, problemi , demək olar ki, həll etmiş olarlar. Belə olan halda çempionat bərpa olunacağı təqdirdə futbolçular, demək olar ki, hazır vəziyyətdə olacaqlar.
Cempion.az saytı olaraq klubların bu təklifə münasibətini öyrəndik:
Nurlan İbrahimov, “Qarabağ”: Nəzəri cəhətdən bu məsələ klublardan aslı olan bir şey deyil. Belə götürsək, əgər futbolçular bazada qalsa, onlara qulluq edən xidmətçilər var onlar da gərək bazada qalsınlar. Bu da əlavə xərclərə gətirib çıxardır. Hal-hazırda futbolçuların bazada qalıb məşq etməkləri real görünmür, çünki futbolçuların sağlamlığı bizim üçün hər şeydən önəmlidir.
Rüstəm Allahverdiyev, “Neftçi”: Bu təklifi ölkədə tətbiq etmək olar, amma bir məsələ var ki, Premyer Liqa klublarının bazalarının vəziyyəti hamıya məlum məsələdir. Həm də İdman Nazirliyinin qoyduğu qanun var, yəni kütləvi idman tədbirləri ləğv olunub. Onlar məsləhət bilsələr, bu təklifi müəyyən mənada tətbiq etmək olar.
Murad Axundov, “Keşlə”: Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var və biz də o qərara görə bir yerdə toplaşa bilmərik. Əgər AFFA-dan belə bir qərar verilərsə, o zaman biz də bu qərara uyğun hərəkət edərik.
Elmar Abdullazadə, “Zirə”: Bildiyniz kimi, klubmuzun bazası yoxdur. İcarə əsasında Olimpia stadionunda məşqlərmizi keçiririk. Həm də dövlət tərəfindən verilən göstəriş var, hamımız buna əməl etməliyik.
Elnur Həmidov, “Sabah”: Bəzi ölkələrdə bu qayda tətbiq olunur. Futbolçular 5-5 bir araya toplaşıb, məsafə saxlayaraq məşq edirlər. Biz də isə bu məsələ heç müzakirə olunmayıb. Əgər Operativ Qərargah bununla bağlı hər hansısa bir qərar qəbul edərsə, biz də ona uyğun hərəkət edərik.
Anar Hacıyev, “Qəbələ”: Bu məsələ bizi aşan məsələdir. Biz dövlət tərəfindən qoyulmuş qaydalara riayət edirik. Bu elə bir məsələdir ki, bun yalnız Operativ Qərargah qərar verə biər. Amma bu təklif tətbiq olunsa, çox gözəl olar.
Törə Əhmədova, "Səbail": Çox təəssüf ki, pandemiya dövründə futbolçuların bazada qalıb məşq etmələri düzgün deyil və hətta deyim ki, mümkün deyil. Bu karantin dövründə qaydalara zidd bir şeydir. Futbolçuların bir-biri ilə ünsiyyəti qəti şəkildə olmaz. Bunun üçün də, hamı evdə qalmalıdır, karantinin şərtlərinə kəsinliklə əməl edilməlidir. Doğru variant ancaq budur.