03.05.2020 14:44
439


Futbol üzrə İngiltərə çempionatının rəhbərliyinə mövsümün pandemiyaya görə dayandırılmış matçlarının Avstraliyada oynanılıb başa çatdırılmağı təklif edilib.
Cempion.az "The Sun” nəşrinə istinadən xəbər verir ki, yerli senatorun iddiasına görə, futbol agenti Geri Uilyams İngiltərə Premyer Liqasının rəhbərliyinə çempionatı Avstraliyanın Pert şəhərində başa çatdırmağı təklif edib. Şəhər pandemiyadan az zərər çəkib və "Yer kürəsində ən təhlükəsiz yerdir".
Uilyamsın fikrincə, belə qərar oyunçular üçün daha rahat şəraitə zəmanət verir, polisi klubların məşq bazalarını qorumaq zərurətindən qurtaracaq.
Daha öncə klub rəhbərləri ilə keçirilən videokonfrans zamanı onlara bildirilib ki, oyunlar neytral meydanda və azarkeşlərin iştirakı olmadan keçiriləcək.
Avstraliyadakı mənbə deyib ki, məsələ ilə bağlı Premyer Liqa klublarının nümayənləri ilə danışıblar: "Onlar bu fikrə müsbət yanaşırlar. Burada təhlükəsizdir. Hökumət məhdudiyyətlərin çoxunu ləğv edib”.
İngiltərə çempionatı martın 13-də dayandırılıb, yarışın qalan 92 matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Cümə günü liqa klubları müşavirə keçirib və əgər hökumətdən icazə olarsa, çempionatı oynayıb qurtarmağı razılaşdırıblar.