
Elitada hər mövsüm 5-6 klub mütləq çempionluq uğrunda yarışırdı.
Komanda sayı da 16 deyildi, daha çox idi. Aparıcı klublar hər il nəinki çempion olmaq, heç mükafatçılar sırasına da düşə bilmirdilər. Liqada amansız mübarizə, rəqabət üst səviyyədə gedirdi.
"Neftçi" 67-ci ildə də çox layiqli çıxış etdi. 5-ci pillə tutulsa da, ötən mövsümdəki uğuru təkrarlamağa cəmi 3 xalı çatmadı. Ən önəmli, liderlər sırasında bakılılar stabil çıxışlarını davam etdirir, yerli istedadların komandaya axınının ardı-arası kəsilmirdi. Baş məşqçimizin özü də gənc idi və günü-gündən təcrübəsi artırdı...
Növbəti il də əlamətdar oldu. Azərbaycan futbolunda yeni tarix, bir ilk yaşandı. Yüksək liqada iki komanda ilə təmsil olunurduq. "Dinamo" Gəncə və digər ustalardan ibarət Sumqayıt, Mingəçevir, Zaqatala, Naxçıvan, Xankəndini təmsil etmiş klublarımıza ayrıca yer veriləcək. İndi isə "Neftçi"nin 60-lardakı çıxışlarını yekunlaşdıraq...
Komanda liderlər sırasına daxil olduqca, futbolçularımıza diqqət artırdı. Yığmaya dəvətlər öz yerində, daha imkanlı klublar oyunçuları rahat buraxmırdı. V.Hacıyev "Dinamo" M., N.Boqdanov "Dinamo" K., S.Melkumov "Ararat"... Sonrakı illərdə də köç davam edirdi...
Hər dəfə əsas heyət oyunçularını itirə-itirə stabil çıxış etmək də asan məsələ deyildi. Buna baxmayaraq Əhməd Ələsgərov çəkinmədən istedadları heyətə qatır, "Neftçi" ilk 10-luqda nəticələrini təmin edirdi. Azərbaycan futbolunun legionerlərə, gəlmə futbolçulara da ehtiyacı yox idi, ölkə futbolu konveyer kimi çalışırdı...
Ruslan Abdullayev, Nikolay Smolnikov, Rafiq Quliyev, Vitali Şevçenko, Tofiq Abbasov, Aleksandr Mirzoyan, Rəşid Özbəyov və sonrakı yaxın illərdə Asəf Namazov, Nurəddin Əliyev, Səməd Qurbanov, Fizuli Cavadov, Yuri Romenski, Əbdulqəni Nurməmmədov, Arif Orucov....
Bu, tam olmayan, heyətə qatılan və davamı gələn istedadlı futbolçularımızın qısa siyahısıdır. Gənc heyətlə ilk 3-yə qalxan, sayı-hesabı bilinməyən bacarıqlı ehtiyat qüvvəsi olan "Neftçi" yuxarı qalxmaq əvəzinə 5-6 ildən sonra necə eniş yaşaya bilərdi?!
Azərbaycanda tarixən problemlərə emosional, üzdənyanaşma halları prioritet təşkil edib. Üstəgəl də daxili, şəxsi maraqları ümumi işdən üstün tutulub. Komanda tarixində ilk dəfə elitada davamlı, layiqli, baxımlı çıxış etdiyi, kubok yarışlarında ardıcıl finalların bir addımlığında dayandığı halda klubda dəyişikliyə gedilməsinin nə anlamı var idi?!
31 yaşında baş məşqçiliyə gətirilən Əhməd Ələsgərov özünü doğrultmuşdu. Sonrakı 3-4 il ərzində aparıcı futbolçuları itirə-itirə çəkinmədən 17(!) yaşlı V.Şevçenko və digər yeniyetmə-gəncləri əsas heyətdə oynada-oynada "Neftçi"nin elitada stabil çıxışlarını təmin edirdi. Zaman göstərdi ki, bacarıqlı mütəxəssisin yola salınması Azərbaycan futbolu adına bağışlanmaz səhv idi...
Rusiya öz beskovlarını, Ukrayna Lobanovskini, Gürcüstan Axalkatsini qoruduğu, şərait yaratdığı, inandığı kimi, Azərbaycan futboluna cavabdehlər Ə.Ələsgərovu qorumadı, daxili çəkişmələrin qurbanına çevirdi. Nə yazıq ki, ölkə futbolunda bacarıqlı insanlara münasibət hər zaman belə olub.
Öz evində yadellilər, sapı özümüzdən olan baltalar ona da imkan vermədilər. Ən parlaq, enerjili illərini elə yad ellərdə, "Çernomorets"ın uğurlarına həsr etməyə məhkum edildi. Bu, o illər idi ki, "Neftçi" artıq zirvələrdə olmaq əvəzinə zirzəmiyə yuvarlanmışdı, birinci dəstədə can verirdi...
Təhlillər onu göstərir ki, 60-lar bitəndən sonra futbola kurasiya edənlərin strateji addımları, bağışlanmaz səhvləri, daxili intriqaların artmasına zəmin yaradıb. Futbol adına düzgün analizlərin aparılmaması və ya maraqların üst-üstə düşməsi "Neftçi"ni də, Azərbaycan futbolunu da 10 illərlə geri salıb.
Pleyada istedadlı futbolçular yetişə-yetişə tənəzzülün yaşanması, daha doğrusu, səriştəsiz qərarlarla yaradılması, neçə-neçə bacarıqlı gənclərin karyeralarına mənfi təsir edib, inkişafını dayandırıb, bataqlıqda çıxış etməyə məcbur edilib. Sonrakı onillikdə nələr baş verməyib?!
Tahir Süleymanov