çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur müsəlman futbolçuları: Erik Kantona (3)

07.08.2016 09:33 Oxundu 653

24 saat həbsdə saxlanıldıqdan sonra Erik Kantonanı azad etdilər. Bununla bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən Kantona: "Əgər qağayılar balıqçı gəmisinin ardınca gedirlərsə, deməli, onlar öz balıq paylarını gözləyirlər", - dedi.

Bu sözləri deyəndən sonra Kantona mətbuat konfransı keçirilən zalı tərk etdi. Erik Kantonanı azarkeşin üzərinə hücum etməsinə görə 120 saat islah-əmək işlərinə cəlb etdilər. O həmçinin 10 min funt sterlinq cərimə ödəməli oldu. Öz növbəsində İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Qrem Kelli baş verən hadisəni futbol üçün qara ləkə adlandırdı. Buna paralel olaraq "Mançester Yunayted" Kantonanı iki həftəlik maaşdan məhrum etdi. Erik Kantonanı Fransa yığma komandasının kapitanlığından uzaqlaşdırdılar. Həmin il "Mançester Yunayted" İngiltərə çempionu uğrunda mübarizədə "Blekbern"dən sonra ikinci yeri tutdu. Yəni Kantonanın oynamaması özünü pis mənada göstərdi. Baş verən hadisədən sonra Kantona İngiltərəni tərk etmək fikrinə düşdü. Lakin Ferqyuson onu İngiltərədə qalmağa razı sala bildi.

Kantona "Mançestr Yunayted"ə çempionluqlar yaşadır

Yeni futbol mövsümünün əvvəlində "Mançester Yunayted"də cavanlaşma prosesi getdi. Cavanlara isə Erik Kantona öz oyunu ilə nümunə olmalı idi. Diskvalifikasiya müddəti başa çatandan sonra Kantona 1995-ci il oktyabr ayınınn 1-də "Liverpul"la oyunda meydana çıxdı. O, oyunun 2-ci dəqiqəsində komanda yoldaşı Niki Batta qolla nəticələnən ötürmə verdi. Sonra isə Rayan Qiqqza qarşı kobud oyuna görə rəqib qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi. Bununla belə bir müddət yaşıl meydandan uzaq qalması Kantonanın oyununa təsir etmişdi. O yalnız yanvar ayında öz əvvəlki formasını bərpa edə bildi. Həmin vaxt "Mançester Yunayted" lider "Nyukasl"dan 12 xal geridə idi. Buna baxmayaraq, Erik Kantonanın vurduğu qollar nəticəsində "Mançester Yunayted" "Nyukasl"a çata bildi. Ardıcıl qələbələr zamanı Kantonanın vurduğu qollar "Mançester Yunayted"ə çempion titulunu qazanmaq imkanı verdi. "Liverpul"la İngiltərə kubokunun final oyununda isə oyunun başa çatmasına 5 dəqiqə qalmış Kantonanın vurduğu qol "Mançester Yunayted"ə qələbə gətirdi və komanda kubokun sahibi oldu. Erik Kantona isə komandanın kapitanı kimi kuboku başı üzərinə qaldıran ilk xarici oyunçu oldu. Oyun başa çatandan sonra jurtnalistlərin suallarına cavabında Kantonadan son dəfə cəzalandırılması barədə soruşdular. Kantona isə onlara cavabında: "Bilirsiniz, həyat belədir, yüksəliş də olur, enmə də..."

Beləliklə, "Mançester Yunayted" öz tarixində həm çempion həm də İngiltərə kubokunu qazanan ilk komanda oldu. Növbəti mövsümdə də Kantona gənc futbolçular - Qiqqz, Bekhem, Skoulz və Nevill üçün nümunə olmaqda davam etdi. 1996-1997-ci illərdə də "Mançester Yunayted" çempion oldu. "Mançester Yunayted" komandası Erik Kantonanın gəlişindən sonra 5 ildə 4 dəfə ölkə çempionu adını qazandı.

30 yaşında futbola vida

1996-1997-ci il mövsümünda Çempionlar Liqasının yarımfinalında "Mançester Yunayted"in Dortmundun "Borussiya" komandasına məğlub olmasından sonra Kantona böyük futboldan gedəcəyini bildirdi. Onun bu açıqlaması azarkeşləri şoka saldı. Çünki milyonlarla "Mançester Yunayted" azarkeşi üçün Kantona canlı əfsanəyə çevrilmişdi. 1997-ci il may ayının 11-də Kantona "Vest Hem"lə oyunda sonunca dəfə meydana çıxdı. Bu oyundan 5 gün sonra may ayının 16-da Kantona "Koventri Siti" ilə Devid Busstun xatirəsinə həsr edilən yoldaşlıq görüşündə son vida oyununu keçirdi. Bu oyun 2:2 hesabı ilə başa çatdı. "Mançester Yunayted"dən"dən hər iki topu Kantona vurdu. Ümumiyyətlə, "Mançester Yunayted"də oynadığı 5 ildə Kantona rəqib qapılarından 82 top keçirdi. Onlardan 65-ni Kantona İngiltərə çempionatı çərçivəsində, 10-nu İngiltərə kubokunda, 5-ni isə Çempionlar liqasında vurdu. Üstündən illər ötəndən sonra 2004-cü ildə Kantona demişdi: "Mən çox şadam ki, azarkeşlər hələ də sevimli komandalarının oyunu zamanı məni xatırlayaraq adımı mahnı ilə yad edirlər. Amma qorxuram ki, sabah onlar məni yaddan çıxarsınlar. Mən adımın azarkeşlər tərəfindən yad edilməsini çox xoşlyıram. Biz sevirik və həmişə də sevdiyimizi itirməkdən qorxuruq".

2006-cı ildə isə "The sun"a verdiyi müsahibəsində Erik Kantona bəyan etmişdi ki, "Mançester Yunayted" öz ürəyini

itirib. Həmin ilin avqust ayında isə "United Magazine"yə verdiyi müsahibəsində Kantona demişdi ki, o, "Mançester Yunayted"ə yalnız 1 nömrə olaraq qayıda bilər, yəni komandada baş məşqçi ola bilər. Əgər o, komandada baş məşqçi olsa, tamam bir fərqli komanda yaradacaq. Amma Qleyzerlər ailəsi tərəfindən "Mançester Yunayted"in satın alınmasından sonra Kantona bildirdi ki, nə qədər onlar var, hətta baş məşqçi kimi də komandaya qayıtmayacaq. Bu da azarkeşlər tərəfindən təəssüflə qarşılandı. Xatırladaq ki, 2000-ci ildə azarkeşlər arasında keçirilən sorğu zamanı onlar Ferqyusondan sonra Kantonanı baş məşqçi kimi görmək istədiklərini bildirmişdilər.

Kontana "Mançester Yunayted" forması ilə çıxdığı 143 oyunda 64 qol vuraraq komandasının ən vacib futbolçusuna çevrildi. 5 mövsüm "Qırmızı Şeytanlar"ın uğurları üçün çalışan Kontana, 4 dəfə Premyer Liqanın qalibi oldu.

Yığma komandada karyerası

Erik Kantona Fransa yığma komandası heyətində ilk dəfə rəsmi matça 1987-ci ilin avqust ayında Almaniya

ilə oyunda çıxdı. 1988-ci ildə onu yığma komandaya çağırmadılar. Buna görə də Kantona televiziyaya verdiyi müsahibəsində Fransa yığma komandasının baş məşqçisi Anri Mişeli sərt şəkildə tənqid etdi. Buna görə də Mişel Kantonanın bir daha yığmaya çağırmayacağını bəyan etdi. Amma bu hadisədən az sonra Mişeli yığma komandanın baş məşqçisi vəzifəsindən azad etdilər. Fransa yığma komandasının yeni baş məqşçisi isə Mişel Platini oldu. Onun ilk işi Erik Kantonanı yenidən Fransa yığma komandasına qaytarmaq oldu. Platini qeyd etdi ki, nə qədər Kantona yüksək səviyyəli oyun nümayiş etdirir, o qədər də onu yığma komandaya çağıracaq. Platinin rəhbərliyi altında Fransa yığma komandası 1992-ci ildə İsveçdə keçirilən Avropa çempionatına vəsiqə qazandı. Lakin Fransa yığma komandası Kantona və Papen kimi güclü futbolçulara malik olmasına baxmayaraq, bir oyunda belə qələbə qazana bilmədi. Ona görə də Avropa çempionatı başa çatandan sonra Platini istefa verməyə məcbur oldu. Onun yerinə isə komandaya Jerar Ulye baş məqşçi təyin edildi. Ulyenin başçılıq etdiyi Fransa yığma komandası isə öz növbəsində ABŞ-da keçirilən dünya çempionatına vəsiqə qazana bilmədi. Fransa yığma komandası həlledici oyunda Bolqarıstan yığma komandasına 1:2 hesabı ilə uduzdu. Bolqar Emil Kostadinov müdafiəçi Jinolanın kobud səhvindən sonra qələbə topunu vuraraq komandasının dünya çempionatına getməsini təmin etdi. Kantona buna görə Jinolanı satqın elan etdi. Fransa yılma komandasının dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra Ulye istefa verdi, onun yerinə isə Eme Jake baş məşqçi təyin edildi. Jake Kantonanı Fransa yığma komandasına kapitan təyin etdi. Amma Kantonanın İngiltərədə azarkeşi döyməsinə görə diskvalifikasiya edilməsindən sonra Jake onu daha yığma komandaya çağırmadı. Buna görə onu tənqid edənlərə isə Jake: "Fransa yığması Kantonasız da yaxşı oynayır", - deyə cavab verdi. Əslində həmin vaxt Jakenin əlinin altında Zidan kimi istedadlı futbol ulduzu vardı. Məhz Jake oyunu Zidanın üzərində qurdu. Kantona isə buna görə uzun illər Jakeyə qarşı kin saxladı. O hətta Avro-2004-də keçirilən Avropa, 2006-cı ildə isə keçirilən dünya çempionatında Fransaya deyil, İngiltərəyə azarkeşlik etdi.

Futbol karyerasını başa vurandan sonra Kantona "Çəmənlikdə məhəbbət" (1995), "Yelizaveta"(1998) və "Erikin axtarışında" (2009) filmlərində çəkildi. Sonuncu film Kann kino festivalının "Qızıl palma" mükafatına layiq görülüb.

Son

Qeyd edək ki, Kantona 2010-cu ilin sonunda bankları məhv etmək çağırışı ilə də siyasi gündəliyə gəlmişdi.

Kantona o vaxt deyirdi: "Aydındır ki, bu baş verənlərdən biz xoşbəxt deyilik. Ancaq küçələrlə yürüş etməkdən nə fayda. Siz bununla yalnız özünüzü aldadırsınız.İndiki vaxtda inqilab etmək üçün ələ silah almaq lazım deyil. İnqilabı çox asan etmək olar. Sistem banklar üzərində qurulub. Ona görə o 3 milyon adam ora-bura qaçmaqdansa, yaxınlıqdakı banka gedib, ordakı pulunu çıxartsın. 10 milyon belə adam yığılsa, bankların sonu gələcək".

Bir sözlə, o, öz davranışı və fikirləri ilə həmişə diqqət mərkəzində olub.

Əziz Mustafa