bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

Axtarırlar… - YAZI
 

09.06.2020 15:30 Oxundu 1243


 

Azərbaycan millisinin baş məşqçi postu üçün axtarışa çıxan AFFA rəhbərliyi namizədləri saf-çürük edir. Bu axtarışla elə görüntü yaradırlar ki, güya o adam gələcək və hər şey yoluna girəcək, bomboş qalan tribunalar dolacaq, ölkə futbolu həmin şəxsin sayəsində sürətli inkişaf yolu tapacaq. Və Azərbaycan yığması Dünya və Avropa çempionatına vəsiqə qazanacaq.

Əslində, əcnəbi məşqçinin gəlişi ilə Azərbaycan futbolunda hər hansı bir irəliləyişin olmayacağına, AFFA daxil olmaqla, hər birimiz əminik. Amma AFFA öz səmərəsiz işini, biz də “səmərəli” susqunluğumuzu davam etdiririk.

Ölkədə futbol adına gülcü ictimai qınaq yoxdur, hərkəs susur. Futbol tariximizin ortaya çıxardığı bəzi veteran futbolçular da “bəlkə də qaytardılar” xülyası ilə susurlar. Ağızını açıb danışmaq istəyənlərə isə az qala vətən xaini damağası vurulur.

Elə sistem qurulub ki, idman mediası səsini çıxartmağa qorxur. Səsini çıxaranı iflas təhlükəsi gözləyir. Qurban Qurbanovun istefasından sonrası AFFA-nın baş katibini ciddi tənqid edə bilən barmaqla sayıla biləcək qədər qələm əhli var idi ki, onların da səsini batırmaq futbol funksionerləri üçün ciddi problem sayılmadı.

İllər öncə, 27 yaşında baş katib postuna gələrkən danışanda üzü qızaran Elxan Məmmədov indi kiçik bir jestlə idman mediasını 8 yerə bölə bilir.

Beləcə, “dəyirman bildiyini edir, çax-çaxsa baş ağrıdır” prinsipi ilə futbolun anasını ağladırlar. Həm də göz görə-görə…
Ölkədə futbolu inkişaf elətdirmək üçün öncə yuxarıdan aşağıya kimi təmizlik etmək lazımdır. Xaricdən gətrilən baş məşqçilər üçün AFFA-nın xərclədiyi  pulların hesabını soruşan yoxdur.  

Axtarırlar… Pul xəcləmək üçün obyekt axtarırlar...

İndiki vaxtla 15 il əvvəlki futbolmuzu müqayisə etsək, hər kəs 15 il əvvəlki vəziyyətin geri qayıtmağını istəyər.

Axtarırlar… Futbolu irəli aparmaq üçün yox, geri salmaq üçün axtarırlar…

Kaş başda oturanlar futbolun neçə il geriyə saldıqlarını qəbul edəydilər…

Kaş biri bunları inandıra, məcbur edə biləydi ki, axtardıqları elə bu ölkənin özündədir. İndi heç olmasa, gedib Tovuzda, Lənkəranda, Gəncədə futbol akademiyası tikmək lazımdır ki, ümidimizi 10 il sonraya bağlaya bilək.

Futbolsuz qalan bölgələrmizdə futbolu diriltsələr, boş-boş yerlərə istifadə etdikləri pulları uşaq futboluna ayırsalar...

Azərbaycanda ən ideal, ən düzgün idarə olunan “Qarabağ” klubunun aşağı yaş qrupları belə, illər öncə “ölən klublar”ın məhsulu ilə “qidalanır”. Hazırda mövcud olan klubların akademiyaları ölmüş “Bakı”nın, ölməkdə olan “Qəbələ”nin ayağının tozu da ola bilmirlər.

Ölkəyə “böyük oyun”ları qaytarmaq lazımdır, futbol akademiyaları bu işin ustalarına etibar edilməldir. Ölkəmiz üçün can yandıran futbol mütəxəssisləri tapmaq lazımdır.

Axtarırlar… Guya işləyirlər görüntüsü yaratmaq üçün axtarırlar.

Amma bu axtarış qaranlıq otaqda qara pişik axtarışına bənzəyir.

Ölkə futbolunu daha on illər geriyə salmaq üçün xaricdə baş məşqçi axtarırlar.

İmişlinin, Şəmkirin, Yevlaxın, Zaqatalanın, Lənkəranın boş qalmış arenalarını görməyib, xaricdə məşqçi axtarırlar.

Axtarırlar… Futbolu sevdikləri üçün yox, ondakı şirəni çəkmək üçün axtarırlar…

İllərdir Azərbaycan futbolunun şirəsinə qonublar, bu şirədə lövbər salıblar, bu "ləzzətdən" qopa bilmirlər. Azərbaycan futbolunu sevmirlər. Azərbaycan futboluna rəhbərlik edənlər onu sevmirlərsə, xaricdən gələn məşqçi – İvan, Petrov niyə sevsin ki?

Axtarırlar... Özlərinin sevmədiklərinə sevgili axtarırlar...  
Məqsədi uğur olmayan axtarışla axtarırlar... 
Uğursuzluğa məhkum olacaqlarını bilə-bilə axtarırlar...

Kamran Əsədov