bazar ertəsi, 23 iyun 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in oyunu ləğv olundu

10.06.2020 14:00 Oxundu 469


İngiltərənin "Mançester Yunayted" və "Stok Siti" komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.

Cempion.az "Manchester Evening News" nəşrinə istinadən verdiyi məlumata görə, buna "şəhərlilər"in baş məşqçisi Maykl ONilin koronavirus testinin müsbət çıxması səbəb olub.

Qarşılaşma iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında baş tutmalı idi. "Mankunianlar" oyunöncəsi məşğələlərə başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər. Komandanın futbolçuları "Stok Siti"dən heç kiminlə təmasda olmadıqlarından, onların yoluxma ehtimalı yüksək deyil.

Hazırda İngiltərə Premyer Liqası koronavirusun yayılması ilə əlaqədar dayandırılıb. Çempionatın iyunun 17-də bərpa olunması nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-ci yeri tutur. "Stok Siti" isə Çempionşipdə çıxış edir.