cümə, 29 mart 2024

BİZİM FUTBOL

Visente Qomez: "Biz aqressiv oyuna üstünlük veririk"

13.09.2020 21:48 Oxundu 400


"İki fərqli hissə oldu. Birinci yarıda biz daha yaxşı oynadıq. Fasilədən sonra matça pis başladıq. Qırmızı vərəqədən sonra geri çəkilməyə məcbur olduq".

Bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının II turunun "Qəbələ" ilə ev oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bu tip oyunlar çox olacaq: "Narahatlıq yoxdur. Gələcək oyunlarda da meydanda azlıqda qaldıqdan sonra eyni taktikanı seçə bilərik".

İspaniyalı baş məşqçi hücumçular  Ramil Şeydayevlə Xulio Sezar Rodrigesin oyunundan razı qaldığını söyləyib.

V.Qomes Azərbaycan çempionatı barədə də fikirlərini bölüşüb: "Dünənki matçlar sübut etdi ki, çempionat asan deyil. Qarşıda hamını ağır oyunlar gözləyir. Mən hesaba baxmıram. Əsas istəyin yaxşı oyundur. Bu gün komandam yaxşı təsir bağışladı. Biz aqressiv oyuna üstünlük veririk. Amma bəzən rəqiblər buna imkan vermir".

"Liqa çox uzundur. Çatışmazlıqlar olacaq. İndi gördüyümüz komandalar 1 aydan sonra fərqli çıxış edə bilərlər. Biz öz oyun tərzimizi yaratmaq istəyirik. Bundan sonra avrokuboklar uğrunda mübarizə aparacağıq".

Baş məşqçi Şeydayevin "Sabah"da istəksiz oynaması fikri ilə razılaşmayıb: "Bu suala cavab verə bilmərəm, çünki razı deyil. Yanaşma fərqlidir".

Qomes icarə əsasında "Qəbələ"də çıxış edən "Sabah"ın müdafiəçisi İdris İnqilablının oyununu bəyəndiyini vurğulayıb: "Onu təbrik etdim. Dedim ki, belə də davam et, gözümüz üstündədir".

Mütəxəssis qırmızı vərəqədən sonra aqressiv olmasının səbəbini də açıqlayıb: "Belə lazım idi. Düşünürəm ki, bu yolla komandaya kömək etmiş oldum".

Mütəxəssis Bakını sevdiyini deyib: "Gəzməyi xoşlamıram. Amma Bakı çox xoşuma gəlir".