cümə, 08 avqust 2025

BİZİM FUTBOL

İdman prisiplərini unutmuş Azərbaycan çempionatı

19.09.2020 13:00 Oxundu 637
 
Azərbaycan futboluna azarkeşlik edənləri narahat edən ən əsas problemlərdən biri yüksək liqada 8 klubun təmsil olunmasıdır. Bu hal artıq uzun müddətdir ki, müzakirə olunur. Komandaların sayının az olması, onsuz da zəif olan liqamızı bir qədər də geri salır. Bu azmış kimi elitada çıxış edən komandalardan 5-i paytaxt Bakını təmsil edir. Bu da əyalətlərdə futbolun inkişafına mane olur. Paytaxtdan başqa üç bölgə komandası əsas liqada çıxış edir. Bunlar "Qəbələ", "Qarabağ", "Sumqayıt" kollektivləridir. Futbolun kütləvi sevildiyi  əyalətlər olan Qərb və Cənubda isə futbol yox vəziyyətindədir. 2004-cü ildə yaradılan və adından söz etdirməyi bacaran "Xəzər Lənkəran" artıq peşəkar klub fəaliyyətini dayandırıb. Komanda yalnız aşağı yaş qrupları üzrə təmsil olunur. Qərb bölgəsi isə Azərbaycan futbolunda özünəməxsusluğu ilə seçilirdi. Hazırda isə bu regionun əsas təmsilçiləri olan "Göyəzən", "Turan", "Şəmkir" və "Kəpəz" adlarına uyğun halda deyillər. Belə ki, Qazax və Şəmkiri təmsil edən komandalar çox təssüf ki, fəaliyyətlərini dayandırıblar. Tovuz və Gəncə klubları isə birinci divizionda oynayırlar. Ancaq onlar da əvvəlki formalarından çox uzaqdırlar.
Bir müddət əvvəl Şəmkir şəhər stadionunun satılması haqqında məlumatlar yayıldı. O stadion Azərbaycan müstəqil olduqdan sonra tikilən ilk yüksək standartlara cavab verən stadion idi. Onsuz da "Şəmkir" birinci divizionda çıxış edən vaxtlar rəqiblərini Şəmkir Olimpiya kompleksinin stadionunda qəbul edirdi. Yəni, satılan stadionda çoxdan idi ki, oyunlar olmurdu. Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də stadion məsələsi problemə çevrilib. Belə ki, 27 min azarkeş tutumuna malik olan Gəncə şəhər stadionu acınacaqlı vəziyyətdədir. Gələcəkdə təmir olunması gözlənilir. Tovuzda stadion məsələsi bir o qədər də problem deyil. AFFA adı çəkilən rayonda futbol akademiyası qurmaq istəyir. Elə bu səbəbdən də "Turan"ın ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionu əsaslı şəkildə təmir edilir. Bu ilin oktyabrında istifadəyə verilməsi gözlənilir.
Futbolla nəfəs alan daha bir rayon isə Zaqatala idi. Bu bölgəmizi isə "Simruq" adlanan komanda təmsil edirdi. Amma ölkə futbolunu şəxsi mülkiyyəti kimi görənlər zaqatalalı azarkeşlərə "Simruq" klubunun da Simruq quşu kimi əfsanə olduğuna inandırmağa çalışırlar.
Adı çəkilən klubların bu acınacaqlı vəziyyətə düşməsini maliyyə problemləri ilə əlaqələndirirlər. Əgər, həqiqətən, futbola ayırmaq üçün pul tapılmırsa, niyə 2014-cü ildə Bakını təmsil edən "Zirə" adlı komanda yaradıldı və tezbazar da yüksək liqaya çıxmaq hüququ verildi. Həmin vaxt "Turan" və "Şəmkir" birinci divizionda yüksək yerlər uğrunda mübarizə aparırdılar. Yeni klub yaradıb oraya vəsait ayırmaq əvəzinə bu köklü klublardan birini yüksək liqaya çıxarmaq daha yaxşı olardı. "Zirə"nin ardınca "Səbail" və "Sabah" adlı komandalar yaradıldı və Premyer Liqaya çıxarıldı. Ölkə çempionatına cavabdeh olan şəxslər niyə futbolun əhatə dairəsini bu qədər daraldırlar? Bu da bir ayrı problemdir.
Əsas Liqada çıxış edən klubların sayı əyalət komandalarının hesabına artırılarsa, liqada intriqa artar, indiki kimi çempionat başlamamış çempionun kim olacağı bəlli olmaz. İkinci, üçüncü pillənin sahibləri də, demək olar ki, eyni komandalar olur, bəzən yerlərini dəyişsələr də, adları dəyişmir.
Bizim futbolumuzda idman prinsipləri çoxdan unudulub. Çempionat bitəndə sonuncu yeri tutmuş kollektiv ya liqanı tərk etmir, tərk edirsə də onun yerinə ya yeni qurulmuş, ya da Birinci Divizionda orta pillələrdə qərarlaşmış bir komanda gətirilir.
Bu vəziyyəti izah edən tapılacaqmı?
 
Qasım Xuluflu