456
73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. Təəssüf ki, qızıl uğrunda görüş Orucov üçün uğursuz alınıb. Rionu "gümüş"lə başa vuran idmançımız Azərbaycanın hesabına ilk medal yazdırıb.
Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
Azərbaycana ilk medalı qazandıran Rüstəm Orucov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində deyib:“Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi”.
Yarışa ciddi hazırlaşdığını bildirən R.Orucov finaldakı rəqibinin güclü olduğunu deyib: “Olimpiadaya hazırlaşarkən yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün görüşdə üstünlüyə sahib oldu”.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.