çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur müsəlman futbolçuları: Əli Dayi (2)

09.08.2016 11:39 Oxundu 2050

Əli Dayi 2007-ci ildə futbol karyerasını başa vurdu. Həmin vaxt o, "Saypa" futbol komandasında oynayırdı. Əli Dayinin bu komandadakı uğurları, vurduğu qollar onun gənclik həvəsinin hələ də davam etdiyini göstərməkdə idi. Əli Dayi kimi dünya şöhrətli bir futbolçunun "Saypa"da vurduğu qollarla bu klubu ölkənin ən güclü komandaları sırasına çıxarması ona yeni bir şöhrət gətirmişdi. O vaxt Avropanın tanınmış futbol mütəxəssislərindən biri Əli Dayı haqqında: "Əli Dayi qocalmaq bilmir, o özünün ikinci gənclik dövrünü yaşayır, belə futbolçular dünyada çox az olur", - demişdi.

Əli Dayinin meydanda əsl gənclik həvəsi ilə oynaması əslində onun anadan olduğu Ərdəbilin coşqun mühitində böyüməsindən, damarlarında axan qaynar türk qanından irəli gəlirdi.

Gözlənilməz məşqçilik fəaliyyəti

2006-cı il oktyabr ayının 8-də həmin dövrdə "Saypa" komandasının baş məşqçisi olan tanınmış alman mütəxəssis Verner Lorant gözlənilmədən tutduğu vəzifəsindən istefa verdi. Klub rəhbərliyi belə bir vəziyyətdə uzun-uzadı fikirləşmədən Əli Dayini müvəqqəti olaraq komandanın baş məşqçisi postuna təyin etdi. Bir müddət sonra isə Əli Dayiyə rəsmi şəkildə "Saypa" futbol komandasının baş məşqçisi vəzifəsi tapşırıldı. Əli Dayinin "Saypa"dakı ilk məşqçilik təcrübəsi uğurlu alındı. Onun rəhbərliyi altında 2007-ci il may ayının 28-də "Saypa" "Fars körfəzi" kubokunun sahibi oldu. Həmin vaxt Əli Dayi baş məşqçi olmaqla yanaşı, həm də meydanda oyuna çıxırdı və vurduğu gözəl qollarla diqqəti cəlb edirdi... Amma 2007-ci ildə Əli Dayi meydana çıxmağını dayandıraraq bütün fəaliyyətini komandasının baş məşqçisi vəzifəsinə həsr etdi. Onun meydanda yoxluğu isə "Saypa"nın uğursuz çıxışlarına yol açdı. Belə ki, "Saypa" 2007-2008-ci illər mövsümündə 18 komanda arasında 11-ci yeri tutdu. Buna baxmayaraq, "Saypa" Əli Dayinin rəhbərliyi altında Asiyanın Çempionlar liqasında dörddəbir finala kimi gedib çıxa bildi.

İran yığma komadasının yeni baş məşqçisi

Əli Dayinin "Saypa"da özünəməxsus istedadlı məşqçi olduğunu nümayiş etdirməsi İran Futbol Federasiyasının da diqqətini cəlb etdi. 2008-ci il mart ayınınn 2-də Əli Dayi İran yığma komandasının baş məşqçisi təyin edildi. Xatırladaq ki, Əli Dayi 2006-cı il Dünya Çempionatına qədər İranın yığma komandasının əsas futbolçusu və kapitanı idi. Onu bu vəzifəyə təyin edərkən, şübhəsiz ki, bu amilləri də nəzərə almışdılar. Amma onun İran yığma komandasında məşqçilik fəaliyyəti uğurlu alınmadı.

İran yığmasının 2010-cu il dünya çempionatının seçmə oyununda Səudiyyə Ərəbistanı milli komandasına məğlub olması Əli Dayinin bu vəzifədən istefaya göndərilməsinə səbəb oldu. Belə ki, martın 28-də Tehranın 100 min nəfərlik "Azadlıq" stadionunda keçirilən matçda qonaqlar 2:1 hesabı ilə İran yığma komandasına qalib gəldilər.

77-ci dəqiqəyə qədər hesabda irəlidə olan İran yığmasının uduzması azarkeşlərin kəskin etirazına səbəb oldu. Qəzəbli azarkeşlər baş məşqçinin əleyhinə şüarlar səsləndirərək onun istefasını tələb etdilər.

Görüşdən sonra jurnalistlərlə söhbətində baş verənləri özünə qarşı təxribat sayan və istefaya getməyəcəyini söyləməsinə baxmayaraq Əli Dayi tutduğu vəzifəsindən azad edildi.

"Persopilis"in yeni baş məşqçisi

İran yığma komandasının baş məçqçisi vəzifəsindən istefaya göndəriləndən sonra, 2009-cu ildə Əli Dayiyə "Rahi Axan" komandasına rəhbərlik etmək təklif edildi. Lakin həmin dövrdə onun "Persepolis" komandasına da baş məşqçi təyin edilmək imkanı var idi. Bu barədə mətbuatda müxtəlif söhbətlər də gəzirdi. Lakin Əli Dayinin əvəzinə "Persepolis" komandası baş məşqçi postuna Zlatan Krançarı gətirdi. Lakin Krançar bu vəzifədə özünü doğrulda bilmədiyindən 2009-cu il dekabr ayının 28-də Əli Dayi "Persepolis"ə baş məşqçi təyin edildi. Əli Dayinin rəhbərliyi altında "Persepolis" 2009-2010-cu illərdə ölkə çempionatında 4-cü yeri tutdu və ölkə kubokunun finalına çıxdı. 2010-2011-ci illər mövsümündə "Persepolis "Hazfi" kubokunu qazandı. Amma "Persepolis"də Azərbaycan türkünün adlı-sanlı komandaya baş məşqçi olmasını istəməyən qüvvələr var idi. Məşhur futbolçu, Əli Kaşani ilə aralarındakı ziddiyyətlərə görə onunla işləmək istəmədi. Bunun ardınca "Persepolis" futbol komandasının azərbaycanlı baş məşqçisi (murəbbi), keçmiş məşhur futbolçu Əli Dayi öz vəzifəsindən uzaqlaşdırıldı. Əli Dayinin yerinə Həmid Derəxşan təyin edildi.

Qeyd edək ki, "Persepolis" futbol klubu Təbrizin "Traxtur" klubu üçün də müəyyən səbəblərə görə olduqca prisipial rəqib sayılır.

"Persepolis"də işlədiyi vaxt Əli Dayi Həmidrza Əsgəri, Saman Ağazamani, Hadi Norouzi və Mazir Zare kimi istedadlı futbolçuları üzə çıxararaq onları ölkə yığmasının əsas oyunçularına çevirdi.

"Rahi Axan"da və "Persepolis"ə yeni qayıdış

2011-ci il il iyul ayının 14-də Əli Dayı "Rahi Axan" komandasının baş məşqçisi təyin edildi. Bu komanda əvvəlcə ölkə çempionatında 8-ci, sonrakı illərdə isə 11-ci yeri tutdu. "Rahi Axan" Əli Dayinin rəhbərliyi altında "Persepolis"ə iki il dalbadal qalib gəldi. 2013-cü ilin may ayının 1-də Əli Dayi "Rahi Axan"la yollarını ayırdı. Həmin gün də o, "Persepolis"in baş məşqçisi təyin edilməsi barədə klub rəhbərliyi ilə üçillik anlaşma imzaladı. Həmin il "Persepolis" ölkə çempionatında ikinci yeri tutdu. Amma 2014-2015-ci illər mövsümünə uğursuz başlaması Əli Dayinin yenidən istefaya göndərilməsi ilə nəticələndi.

Həyatından maraqlı anlar

Əli Dayi 2005-ci ildə keçmiş tələbə yoldaşı ilə evlənib. Onların toy mərasimi olduqca təmtəraqlı keçib.

***

Əli Dayi idman geyimləri istehsal edən müəssisənin sahibidir. O bundan əlavə doğma, anadan olduğu qədim türk şəhəri olan Ərdəbildəki Əli Dayi İdman kompleksini maliyyələşdirir.

***

2012-cu ildə Əli Dayi İsfahandan Tehrana gedərkən avtomobil qəsasına düşüb. Amma o bu qəzadan yüngül yaralanma ilə qurtarıb.

***

Əslən Azərbaycan türkü olan keçmiş hücumçu Əli Dayinin adı 2014-cü ildə "Ginnes Rekordlar Kitabı"na düşüb. O, beynəlxalq görüşlərdə ən çox fərqlənən milli komanda oyunçusu kimi bu adı qazanıb. Azərbaycan türkü olan məşhur futbolçu 1993-cü ildən 2006-cı ilə qədər ölkəsinin yığma komandasının heyətində 149 matçda 109 dəfə fərqlənib.

***

Əli Dayi həm də YUNİSEF-in xoş məramlı səfiridir.

****

2009-cu ildə dünyanın ən çox qol vuranı futbolçu əslən Azərbaycan türkü olan Əli Dayi seçilib.

Dayi 149 oyunda 109 qolla birinci yeri tutub.

***

Əli Dayinin adı dünyanın həyatda olan ən yaxşı 50 futbolçusu siyahısına daxil edib. Tanınmış futbolçular arasında Braziliyadan Pele, Mario Zaqalo, Zikko və Romario, Almaniyadan Frans Bekkenbauer, Herd Müller və Karl Hayns Rumenige, Fransadan Mişel Platini və Zinəddin Zidan, Argentinadan Dieqo Maradona, Mario Kampas və Daniel Pasarla, İtaliyadan Paolo Rossi, Dino Zoff və Franko Barezzi, Hollandiyadan Marko Van Basten, İngiltərədən Bebbi Çarlton və İspaniyadan Raul Qonzalesin adları bu siyahıya daxil edili.

****

ASPN İnformasiya Agentliyi Avstraliyada 2015-ci il Asiya Çempionatının başlaması ərəfəsində bir hesabat verib. Hesabatda bu yarışların tarixində 10 güclü futbolçu yer alıb. Siyahıda ölkəsinin sabiq yığmasının hücumçusu Əli Dayi və İranın hazırkı yığma komandasının kapitanı Cavad Nekunam adına rast gəlinir.

***

Əli Dayi dünyanın ən yaxşı bombardiri titulundan əlavə Asiya Çempionatının da ən yaxşı oyunçusu hesab olunur.

İranın yığma komandasının heyətində üç Asiya Çempionatında çıxış edən Dayi ümumilikdə 14 qol vurub və elə buna görə Asiya Çempionatının ən yaxşı bombardiridir.

Əziz Mustafa