şənbə, 28 noyabr 2020

BİZİM FUTBOL

“İdeal komanda deyilik” - Elmar Baxşıyev

22.11.2020 17:40 Oxundu 172

 “Torpaqlarımızı işğaldan geri qaytardığımız üçün xalqımızı təbrik edirəm”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın öz meydanında 1:4 hesabı ilə məğlub olduğu görüşdən sonra komandasının çıxışına münasibət bildirib: “Oyunun çətin keçəcəyini bilirdik. “Neftçi” yaxşı futbolçulardan qurulmuş kollektivdir. Ciddi hazırlaşmışdıq. Meydanda nə etmək lazımdırsa, onun üzərində işləyirdik. Alınırdı da. Bu komanda meydanda hər şeyi edir. Sadəcə, qollar, soyuqqanlılıq çatışmır. Qol vurmayanda da rəqib səni cəzalandırar. Birinci hissədə epizodlar yaratdıq, tamamlaya bilmədik. Rəqib yarı epizodu maksimum dəyərləndirir. Qol buraxandan sonra da matçın axarını dəyişmək çətin olur”.

- “Neftçi”də baş məşqçi dəyişikliyini bu gün oyununda hiss etdinizmi?
- Onlara qiyməti özləri versinlər. Mən öz komandama cavabdehlik daşıyıram. Ağır məğlubiyyət alsaq da, meydançada istədiyimi futbolçulardan görə bilirəm. Hücum futbolu oynayırlar, şanslar yaradırlar, xətlərarası əlaqələr var. Yalnız son nöqtəni qoymaqda çətinlik çəkirik. Ümumi götürəndə, “Neftçi” ilə ilk dövrədəki görüşümüz də ağır keçmişdi.

- Xal ehtiyatınız ürəkaçan dərəcədə deyil. Son nöqtəni qoya bilməmək oyunçu çatışmazlığındandır?
- Mən bu cür dəyərləndirməzdim. Heyətdə keyfiyyətli, oyunun nəticəsini dəyişəcək səviyyədə futbolçularımız var. Sadəcə, son anda soyuqqanlılıq çatmır. Bu nöqsanları aradan qaldırmaq üçün üzərimizdə işləyirik.

- Qol vəziyyətləri üzərində nə qədər işləmək lazımdır ki, matçlar zamanı bu qədər şanslar əldən çıxmasın?
- Qol epizodu yaratmaq özü də böyük əmək tələb edir. Hücumlarımız da düşünülmüş qurulur. Sadəcə, tamamlamaqda çətinlik var. Bunun üzərində lazımi qədər çalışırıq. Məşqlə oyun ayrıdır. Matçda stress olur. Həmin stress altında futbolçular daha soyuqqanlı davranmalıdırlar ki, həmin epizodları dəyərləndirsinlər. Komandama çox irad bildirə bilmirəm. Bəzi epizodlarda boşluqlar veririk, rəqib dəyərləndirir. İlk 30 dəqiqədə “Neftçi” meydanın mərkəzini keçə bilmirdi. Standart vəziyyət yarı epizoddur, o da qolla nəticələndi. Bu, ümumi komandanın deyil, bir futbolçunun fərdi səhvidir. Fərdi səhvi düzəltmək asandır. Çətinlik oyun olmayanda yaranır. Belə olanda qlobal dəyişiklik etmək lazım gəlir. Bizdə isə dəyişiləsi heç nə yoxdur. Bütün turlara nəzər yetirsəz görərsiz ki, “Qəbələ” hansı komanda ilə oynayır, üstün tərəf olur. Bir matçda 5-6 real qol şansı yaradırıq. Bizim fəlsəfəmiz komandanın daim hücumda inkişaf etməsidir. Komandamın cərimə meydanında dayanıb, 1-2 əks-hücum etməsini istəmirəm. Təbii ki, ümumi boşluqlarımız var, ideal komanda deyilik. Sadəcə, daha artığını etmək lazımdır.

- Açıq-aşkar görünür ki, Cavid Hüseynov 90 dəqiqə oynamağa hazır deyil. Hətta liderlik keyfiyyətlərini də sərgiləyə bilmir. Belə futbolçunu 90 dəqiqə meydanda saxlamağın nə mənası var?
- Mən istədiyimi Caviddən ala bilirəm. Verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışır. Cavidə sona kimi inamımız var. Bir epizodda şansı qaçırdı. Dəyərləndirsəydi, başqa prizmadan yanaşmaq olardı. Futbol səhv oyunudur. Ön xətdə kreativlik yaratmalısan. Müdafiəçinin işi asandır. Topu qəbul edib, ötürür, işi tamamlanır. Amma hücumameyilli oyunçulara rəqib müqavimət göstərir. Bu baxımdan Cavid bizim üçün önəmli futbolçudur. Problemi onda görmürəm. Biz komanda şəklində məğlub olmuşuq. Bu komanda sırf kollektiv hesabına oynayır. Fərdi keyfiyyətlər üzərində dayanmırıq. Kollektivimizdə uğur qazana biləcək keyfiyyət var.