şənbə, 28 noyabr 2020

BİZİM FUTBOL

“Bizim üçün önəmli qələbə idi” – Rəşad Sadıqov

22.11.2020 20:25 Oxundu 170

 "Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 10-cu turunda evdə "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

O, çempionatın iddialı və güclü komandalarından birinə qalib gəldiklərini xatırladıb: "Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. "Keşlə"ni əks hücumda yaxalayırdıq. Qol epizodlarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik".
38 yaşlı məşqçi hazırda klubda hamının koronavirus testinin nəticəsinin mənfi olduğunu qeyd edib: "Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də işimiz çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir.
Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay virusa yoluxmuşdu və artıq sağalıb. Mənim köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur".

Sadıqov "Qarabağ"ın qapıçısı Emil Balayevlə bağlı yayılan transfer xəbərlərinə belə münasibət bildirib: "Belə bir şey yoxdur. O, son illər ölkənin ən yaxşı qapıçılarındandır. Uyğunlaşması üçün vaxt lazımdır.
"Qarabağ" hər zaman çempionluğa oynayan komandadır. Balayev çox yaxşı qapıçıdır. Onu hamı heyətində görmək istəyər. Amma bizim onu transfer edəcəyimiz real deyil".
Baş məşqçi qış transfer dönəmində heyətdəki dəyişikliklə bağlı hələ ki, düşünmədiyini bildirib: "Hazırda bütün fikrimi komandaya yönəltmişəm. Hamıdan 99 faiz razıyam. Bütün futbolçuları hər oyun 90 dəqiqə oynada bilmərik. Futbolçuların yanaşmasından və şəffaf rəqabətdən çox razıyam.
Qış fasiləsində transfer barədə düşünə bilərik. Ehtiyac olsa, heyətə yeni oyunçular cəlb ediləcək. Daxili çempionatdakı oyunçuların çoxunun müqaviləsi var. Qışda transfer etmək asan məsələ deyil. Hamı iddialıdır və yuxarı yerlər uğrunda mübarizə aparır. Heç vaxt xoşlamıram ki, müqaviləsi olan futbolçu ilə danışıq aparaq.
Yayda gətirmək istədiyim futbolçu var idi. Keçid baş tutmadı. Hələ də fikirləşirəm. Qışda alınsa, gətirəcəm".

Sadıqov torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: "Hamımızın gözü aydın olsun. "Qarabağ" komandası öz meydanında oynaya bilmirdi. Bu, beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Biz artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandan, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərim təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar.

Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik. Bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam".