cümə axşamı, 21 yanvar 2021

BİZİM FUTBOL

Elmar Baxşıyev:  “Getdikcə öz oyunumuzu nümayiş etdirəcəyik”

14.01.2021 20:13 Oxundu 192

“Qış fasiləsində həm fiziki, həm taktiki-texniki hazırlıq üzərində çalışmağı planlaşdırmışdıq. Toplanışın arxada qalan hissəsində də bunun üzərində işlədik”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sumqayıt”la keçirilən yoxlama görüşündən sonra deyib.

1:1 hesabı ilə başa çatan görüşdən sonra mətbuat konfransı keçirən “qırmızı-qaralar”ın çalışdırıcısı hazırlıq prosesi və matç haqda fikirlərini bölüşüb: “Qəbələdə hər bir şərait var. Antalya yalnız sınaq matçları üçün rəqiblərin olması ilə fərqlənir. Qəbələdə rəqib komandaları da qəbul etməyə imkan var. Çempionatda fasilə çox olmadığından bir oyunla kifayətlənmək mümkündür. İnkişafdayıq, bu, komandanın maksimumu deyil və daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu nümayiş etdirəcəyik. Komandanı komplektləşdirib, müqavimətə davamlı kollektiv yaratmağa çalışırıq. Hər rəqiblə görüşdə öz oyunumuzu nümayiş etdirməyimiz sevindirir. Bugünkü qarşılaşmada bütün oyunçulara şans verdim ki, onların hər biri oyundakı yükləməni götürsün”.

41 yaşlı mütəxəssis Premyer Liqanın növbəti turunda “Zirə” ilə görüşə tam heyətlə hazırlaşdıqlarını bildirib: “Heyətdə zədəli olmadığından tam heyətlə “Zirə”ylə matça hazırlaşırıq. Hələ kubok matçı barədə düşünmürük. Bütün fikrimiz “Zirə” ilə qarşılaşma ilə bağlıdır. Kubokda da yaxşı nəticələr qazanmaq istəyirik. Komanda məşqlərdə yaxşı çalışır. Futbolçular məsuliyyəti dərk edir və bizim tələblərimizi yerinə yetirirlər”. 

Baxşıyev heyətin gücləndirilməsi barədə də danışıb: “Yeni oyunçuların transferini istəyirik. Bu, hücumameylli futbolçu olacaq. Bəyəndiyimiz oyunçular var. Çempionata rəng qata biləcək gücdədirlər. Akademiyadan cəlb etdiyimiz dörd futbolçudan bəziləri hazırlıqları bizimlə davam etdirir. Onlar gələcək üçün yaxşı perspektiv vəd edir”.