532
Rusiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Rusiya Futbol İttifaqı (RFİ) baş məşqçi postunu Stanislav Çerçesova tapşırıb. Fransada keçirilən Avropa çempionatındakı uğursuzluqdan sonra Leonid Slutski ilə yollarını ayıran RFİ Çerçesovun keçidini bu gün rəsmən bəyan edəcək. Milli komandada ona həmişəki köməkçiləri Miroslav Romaşenko, Gintaras Stauçe və Vladimir Panikov yardım edəcəklər. Anlaşmaya əsasən, Çerçesov DÇ-2018-in sonuna qədər, yəni qarşıdakı 2 il ərzində Rusiya millisinin “sükanı arxası”nda olacaq. Məşqçilər korpusunun illik məvacibi ümumilikdə 2,6 milyon avro təşkil edəcək. Qeyd edək ki, 2018-ci ildə dünya çempionatı məhz Rusiyada keçiriləcək.
S.Çerçesov yeni komandası ilə ilk oyununu avqustun 31-də Türkiyə yığmasına qarşı keçirəcək. 52 yaşlı mütəxəssisin sonuncu iş yeri Polşanın “Legiya” klubu olub. 2007-ci ildə onun başçılığı ilə Moskvanın “Spartak” komandası Rusiya çempionatında ikinci yeri tutub.