320
Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovu təbrik edib. Dövlət başçısı bu ölkənin şərəfini qoruyan və onlara Rioda ilk qızıl medalı qazandıran həmyerlimizi nümunə göstərib.Rəhimova ünvanlanan teleqramda deyilir ki, o, ümidləri doğruldub: “Qazaxıstanlılar sənin çıxışını böyük maraqla gözləyirdi. Sən onların ümidlərini tam doğrultdun. Yüksək idman ustalığı, böyük əzm və fədakarlıq sənə gərgin mübarizədə güclü rəqiblər üzərində qalib gəlməyə və Qazaxıstan Olimpiya yığmasına ilk qızıl medalı gətirməyə kömək etdi. Şübhəsiz ki, sənin qələbən ölkənin bir çox yeniyetmə idmançıları üçün layiqli nümunə olacaq”.Qeyd edək ki, rekordla Rioda qızıl medal qazanan Rəhimov Qazaxıstan hökuməti tərəfindən 250 min ABŞ dolları (401 min, 550 manat) ilə də mükafatlandırılacaq.
77 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov birdən qaldırmada öncə 160 kq, ardınca 165 kq çəkini ram edib. O, 3-cü yanaşmasında 168 kq çəkinin öhdəsindən gələ bilməsə də, bu hərəkətlərdə kiçik bürünclə kifayətlənib. Birdən qaldırmada isə London-2012-nin qalibi olan çinli Lyu Siaoyun 177 kq çəkini ram etməklə, dünya və Olimpiya rekordu müəyyənləşdirib.
Rəhimov ondan 12 kq geri qalsa da, ardınca bu fərqi aradan qaldırıb. O, təkanla qaldırma hərəkətlərində yeni tarix yazıb. Birinci cəhdində 202 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz ardınca 214 kq çəkini qaldırmaqda da çətinlik çəkməyib.
Bununla, yeni dünya və Olimpiya rekordu vuran Rəhimov bu hərəkətdə kiçik “qızıl”ı qazanmaqla yanaşı, ümumi nəticədə (165 kq + 214 kq = 379 kq) çinliyə çatıb. Öz çəkisi rəqibindən cəmi 64 qr yüngül olan Nicat bu göstərici ilə Olimpiya qızılını rəsmiləşdirib. Bu, həm də Qazaxıstanın Rioda qazandığı ilk medalı olub.
Altıq Olimpiya çempionu olduğu üçün həmyerlimiz üçüncü yanaşmasına ehtiyac görməyib. Hərçənd o, 1 kq artıq çəkini qaldırmaqla, 2 hərəkətin cəmində də dünya və Olimpiya rekordu vuracaqdı.
Beləliklə, Azərbaycandan incik ayrılan həmyerlimiz Qazaxıstan yığmasının heyətində dünya çempionluğunun ardından Olimpiada “qızıl”ına da yiyələnib.
Rioda bu çəkidə ikinci yeri Siaoyun (177 kq + 202 kq = 379 kq), üçüncü yeri misirli Youssef Mahmud (165 kq + 196 kq = 361 kq) tutub.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığmasından imtina edərək, Qazaxıstanı seçən 23 yaşlı ağırlıqqaldıran ölkəmizə Sinqapur Yay Olimpiya Oyunlarının qızıl medalını qazandırıb. O, həmin ildə - 2010-cu ildə Avropa çempionu tituluna da yiyələnib.