cümə, 29 mart 2024

BİZİM FUTBOL

Canni de Byazi: "Düşünürəm ki, AFFA özü qərar verəcək"

08.10.2021 17:20 Oxundu 491


“Komandada situasiya yaxşıdır".

"CEMPİON.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
65 yaşlı italiyalı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb. O, komandasının oyuna hazırlığını dəyərləndirib: “Bəzi oyunçular zədə səbəbindən sabah olmayacaq. Ümumilikdə komanda çox istəklidir. Yaxşı məşq etmişik. Komandamdan razıyam. Sabah müsbət nəticə qazanmağa çalışacağıq. İrlandiyada 2 xal itirdik. Onu bərpa etmək istəyirik".
- Araz Abdullayev və Renat Dadaşov uzun fasilədən sonra milliyə çağırılıb. Onların hazırlıq durumu necədir?
- Araz müsbətə doğru dəyişilib, daha da böyüyüb. Yaxşı mənada məni təəccübləndirdi. Ona ümid bəsləmək olar. Renat isə uzun zədədən qayıdıb. Gənc oyunçudur, bizim üçün vacibdir. Ona da oynamağa şans verməyə çalışacağıq.
- Müqavilənizin bitməyinə az qalıb və qarşıdakı iki matçın nəticəsi gələcək taleyinizə böyük ölçüdə aydınlıq gətirəcək. Bu durum üzərinizdə təzyiq yaratmır?
- Qətiyyən təzyiq yoxdur. Artıq 30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Bu baxımdan problem yoxdur. Düşünürəm ki, AFFA özü qərar verəcək, 14 ay ərzində nə etdiyimizə baxacaq. 16 oyundan 13-nü evdən kənarda keçirmişik. Bu, qeyri-adi situasiyadır. Amma komanda inkişaf edir. Bunu Dublində gördük. Rəqib FİFA-nın reytinqində 50-ci yerdədir. Bunu nəzərə alsaq, inkişaf etdiyimizi demək olar.
- Sabahkı oyunda rəqibin heyətində xüsusi çəkindiyiniz oyunçu var?
- Ümumilikdə çox güclü komandadır. Əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir. Fiziki cəhətdən güclüdürlər. Səfərdə ilk hissədə keçirdiyimiz oyunu təkrarlamalıyıq. Topu lazımsız situasiyada irəli vurmamalıyıq. Bunun üçün keyfiyyətimiz var. Standart vəziyyətlərdə də diqqətli olmalıyıq.
- "Beşiktaş"ın futbolçusu Berkay Vardarı izləyirsiniz? Onu gələcəkdə yığmaya çağırmaq variantı var?
- Bəli, onu izləmişəm. Çempionlar Liqasının son matçında bir az məcburiyyətdən oynadı. Çünki çox oyunçuları zədəlidir. Sol ayağı təhlükəlidir. Bizdə belə oyunçu yoxdur. Vaxtı gələndə onu da çağıracağıq.
Onu da deyim ki, futbolçularımız bu ildən xaricə çıxmağa başlayıblar. Bu Azərbaycan futbolu üçün xoş haldır. Amma düşünürəm ki, hələ cəmi 2 aydır oradadırlar. Hələ az müddətdir. Bir ildən sonra danışarıq. Mahir Emreli Çempionlar Liqasında qol vurub. Sabah ondan qol gözləyirik. Çünki burada olduğum müddətdə - 16 oyunda bir qol da vura bilməyib.