1407
Londonun "Arsenal" futbol komandasının fransız əsilli baş məşqçisi Arsen Venqer heyəti yeniləmək xatirinə komandaya yeni transferlər etmək istəmədiyini söyləyib. O bununla əlaqədar "The Qardian" nəşrinə verdiyi müsahibəsində həmişə yersiz transferlərdən uzaq qaçdığını, transfer xatirinə transferin əleyhinə olduğunu vurğulayıb. Arsen Venqer: "Uzun illərboyu təcrübəmdən bilirəm ki, həmişə heyəti yeniləmək taktikası komandaya yaxşı heç nə vermir. Çünki hər dəfə yeni oyunçularla əsas heyətdə çıxış edənlər arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün vaxta ehtiyac olur. Əsas məsələ sabit heyət formalaşdırmaq və onların imkanlarından maksimum istifadə edərək komandanı çempionluğa daşımaqdır. Düzdür, müasir futbolda bunu etmək heç də asan deyil. Amma hər dəfə çempion ola bilməyəndə heyəti yeniləsən, onda bu, komandanı dağıtmaq anlamına gələcək. Ona görə də sabit heyəti qoruyub saxlamaq, yalnız zərurət yaranacağı təqdirdə transferə əl atmaq məqsədəuyğundur",-deyib.
"Arsenal"ın yeni hücumçu transferinə hazırlaşması ilə bağlı mətbuatda yayılan məlumatların doğru olmadığını vurğulayan Arsen Venqer: "Yeni hücumçuya ehtiyacımız yoxdur. Komandımızda Sançes və Uolkott kimi güclü hücumçular var. Onlar işlərinin öhdəsindən layiqincə gəlməyi bacarırlar",-deyib.
Əziz Mustafa