çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Hər iki komandamızın qələbəsi yubileyə də səbəb olacaq

16.08.2016 11:35 Oxundu 1536

İki gündən sonra Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan klubları pley-off mərhələsində ilk görüşlərinə çıxacaq. Apasport.az saytının məlumatına görə, “Qəbələ” və “Qarabağ” qrup mərhələsinə doğru növbəti addımını atmağa çalışacaq.

Evdə oynayacaq “Qəbələ” Sloveniyanın “Maribor”u qəbul edəcək. Ağdam təmsilçisi isə İsveçdə “Höteborq”un qonağı olacaq. Bu qarşılaşmalar yubiley və rekordla nəticələnə bilər. Amma bunun üçün qələbə qazanılması zəruridi.

“Qəbələ” “Dalğa Arena”da keçirəcəyi ilk avrokubok görüşündə qalib gəlsə, bir mövsümdə ən çox qələbə qazanan Azərbaycan klubu adına şərik olacaq.

Belə ki, Roman Qriqorçukun yetirmələri cari mövsümdə artıq 4 dəfə meydanı qalib tərk edib. 5-ci uğur isə onlara “Qarabağ”ın 2013/14 mövsümündəki nailiyyətini təkrarlamaq imkanı verəcək. İndiyədək əyalət klubundan başqa heç bir komandamız mövsümdə 5 qələbə görməyib.

İsveçdə oynayan “Qarabağ” da qalib gəlsə, daha bir rekord təkrarlanacaq. Cari mövsüm komandalarımız ümumilikdə 7 dəfə qələbə qazanıb. Həm “Qəbələ”, həm “Qarabağ”ın uğuru bu rəqəmi 9-a çatdıracaq. Bununla, 2014/15 mövsümünün rekordu təkrarlanmış olacaq. Həmin vaxt klublarımız rekord sayda – 9 dəfə qalib gəlmişdi.

Hər iki komandamızın qələbəsi yubileyə də səbəb olacaq. Çünki təmsilçilərimiz indiyədək Avropa Liqasında (2009-cu ilədək UEFA kuboku) 48 dəfə qalib gəlib. Bu turnirdəki qələbə sayını 50-yə çatdırmaq imkanı olan komandalarımız 51 heç-heçə edib və 81 dəfə uduzub. 181 və 182-ci qarşılaşmalar qələbə sayında 100-ü yarılamağa yetərli ola bilər.