431
Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə 8 komanda iştirak edəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin iyunun13-də keçirilmiş iclasından sonra jurnalistlərə qurumun prezidenti Rövnəq Abdullayev məlumat vermişdi. Onun sözlərinə görə, I Diviziondan elitaya heç bir komanda yüksəlməyəcək: “Premyer Liqada son 2 yeri tutan “Rəvan”la “Xəzər Lənkəran” isə lisenziya ala bilmədikləri üçün aşağı liqaya enəcək. I Divizion klubları Premyer Liqada iştirak üçün lisenziya tələblərinə cavab vermədiyinə görə onlara da lisenziya verilmədi. “Rəvan”la “Xəzər Lənkəran” Premyer Liqaya buraxılsa, AFFA cərimələnə bilər. Ona görə də çempionatın ortasında problemlə üzləşməkdənsə, elə 8 komanda ilə müvəqqəti çempionat keçirmək qərarına gəlindi. Amma PFL və baş katiblik qarşısına məsələ qoyulub ki, 2017-2018 mövsümü üçün ən azı 10 komanda hazırlansın”.
“Futbola maraq azalacaq”
8 komandalı çempionatın ölkə futboluna necə təsir edəcəyi ilə bağlı bəzi futbol adamları ilə əlaqə saxladıq. Hazırda “Sumqayıt”ın baş meneceri vəzifəsində çalışan Ceyhun Sultanov “Çempion” qəzetinə müsahibəsində bildirdi ki, 8 komandalı çempionat bizə müsbət heç nə verməyəcək: “Futbolçular itirəcəyik, məsələn, “Xəzər Lənkəran”da, “Rəvan”da olan futbolçular harda oynayacaqlar? Məcbur qalıb I Diviziona gedəcəklər. Bir var, “Qarabağ”la oynayasan, bir də var ondan qat-qat zəif rəqiblərlə. Necə inkişaf ola bilər? Məsələn, birinci dəstənin klublarından bəziləri Premyer Liqada olmalı idi. Ən azı heç olmasa 10 komanda qalardı. Belə çox pis vəziyyətdir. Nə qədər futbolçu karyerasını başa vuracaq, nə qədər gənc futbolçu futbolu atacaq. Nəticədə futbola maraq azalacaq”. Onun sözlərinə görə, alternativ variant kimi I Divizion klublarının bəzilərini Premyer Liqaya gətirmək olardı: “Bölgə klublarını - “Neftçala”, “Ağsu”, “Şəmkir” və digər bölgə klublarını əsas çempionata cəlb etmək olardı. Bu da futbolumuza öz müsbət təsirini göstərərdi. İndiki halda heç bir inkişafdan danışmaq olmaz”.
Vaxtilə baş məşqçi olmuş futbol mütəxəssisi Sabir Əliyev də 8 komandalı çempionatın maraq kəsb etməyəcəyini bildirdi: “Heç olmasa ən azı 10 komanda olmalı idi. Yəni futbolçuların oyun təcrübələrinin artırması üçün komanda sayı normal olmalıdır. Fikrimcə, Azərbaycanda 14 komandalı çempionat olsaydı, daha yaxşı olardı. 16 olsaydı, ondan da əla olardı. Mən işlədiyim dövrlərdə 14-16 komanda olub. Belə olanda futbolçuların da oyun təcrübəsi çox olur. Sözsüz ki, 8 komandalı çempionatda it-bata düşəcək futbolçular olacaq”.
Amma indiki halda...
Tanınmış futbolçu Vladislav Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, iki komandanın lisenziya ala bilməməsi ölkə futbolu üçün sevindirici hal deyil: “Mən istəyirdim Premyer Liqada ən azı 10 komanda iştirak eləsin. Amma indiki halda ancaq 8 komandalı çempionat bizi gözləyir. Sözsüz ki, bu futbolçularımızın oyun təcrübələrinə mənfi təsir edəcək. Yeri gəlmişkən əvvəllər 14 komandalı çempionatlar olurdu”.
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov bildirdi ki, qərar artıq verilib, odur ki indi nə isə danışmaq yersizdir: “Artıq qərar verilib, bunun obyektiv və subyektiv səbəbləri var. Mən də deyirəm ki, çempionatda komandaların sayı nə qədər çox olsaydı, bir o qədər yaxşı olardı. Olmayandan sonra nə eləyə bilərik ki?! Problem ilk növbədə oyun təcrübəsi baxımından olacaq. İkincisi də bəzi futbolçular kənarda qalacaqlar. Məcburiyyətdən I Diviziona gedən futbolçuların sayı artacaq”.
Millimizin sabiq üzvü, indi “Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyevin sözlərinə görə, 8 komandalı çempionatdan bir effekt gözləmək doğru olmaz: “4 dövrə, üstəgəl kubok oyunları, bu komandalar bir-biriləri ilə çox qarşılaşacaqlar, təxminən 6 dəfə. Onda da o qədər faydalı olmur. Klub nə qədər çox olardısa, bir o qədər yaxşı olardı. Bölgə klublarını Premyer Liqaya daxil etsəydilər, yaxşı olardı. İstər-istəməz adama təsir edir ki, Zaqatala, Lənkəran, Şəmkir, Tovuz və digər rayonların klubları liqada təmsil olunmur. Vaxtilə bu bölgələrdə futbol olub, əsas çempionatda iştirak ediblər. Elə bir vəziyyət yaranıb ki... Mənə elə gəlir ki, bu təkcə AFFA-nın məsuliyyəti deyil. Bu UEFA-nın qərarıdır. Ona görə də, klublar da bu məsələyə ciddi yanaşmalıdırlar. Ola bilər ki, hansısa problemə görə ümumilikdə ölkə futboluna sanksiya tətbiq oluna bilər. Bu da bizim futbola tam zərbə olar. Amma yenə deyərəm, 8 komandalı çempionat futbolumuza marağı aşağı salacaq. Yeri gəlmişkən, əhalisinin sayı bizdən az olan ölkələrdə ən azı 16-18 klublu çempionat keçirilir”.
“...klubları dağıtmağa başladılar”
Tanınmış futbol hakimi, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun fikrincə, bu məsələyə kompleks yanaşılmalıdır: “Son 10-12 ildə futbola ümumilikdə bir milyarddan çox vəsait xərclənib. Son bir ildə klubların dağılmasını iqtisadi böhranla əlaqələndirirlər. Yüz milyonlar olduğu dönəmdə “Karvan”, “MTK-Araz” və s. klublar fəaliyyətini dayandırıb. Onda nə baş verirdi? Bunlar hamısı futbola cavabdeh şəxslərin bəhanəsindən başqa bir şey deyil. “Neftçi”, “Qarabağ”ın tarixi uğurlarından sonra, 2013-də AFFA İcraiyyə Komitəsi, klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul etdi. Niyə bu qərar 2005-2012-ci illərdə, klubların 1-2 mərhələ keçdiyi dönəmdə qəbul olunmadı? Çünki klubların uğursuzluğu sərf edirdi. Cavabdeh ideoloqlar millinin nəticələrini, “çempionat zəifdir, klublar futbolçu hazırlamır” tipli açıqlamalarla ört-bastır edirdilər. Klubların qruplara çıxmasından sonra isə ictimaiyyət haqlı olaraq millidən də nəticə tələb etməyə başladı. Balans pozulmuşdu. Necə ola bilərdi ki, klublar uğur qazanır, milli isə yox?! Futbolu bilməyən cavadeh şəxslər gördülər ki, millidə uğur olmayacaq, plan qurub klubları dağıtmağa başladılar. Obyektivlik naminə qeyd edim, bəzi klublarda işini bilməyən insanlar olduğu üçün, proses sürətləndi. “Qarabağ”, “Qəbələ” şuralaşmaya getmədiyi üçün uğurun davamını gətirə bildilər. Digər klubların çoxu isə iflasa uğradıldı. Artıq yenidən millinin uğursuzluğuna bəraət var. Çempionatda çıxış etməyə klub tapılmır artıq. 6+5 limit olduğu halda, necə ola bilər ki, ümumi sifariş vərəqində limit nəzərə alınmasın? Bu “boşluq”dan istifadə edən bir çox klub mövsümə 25-30 legioner futbolçu dəvət edirdi. Bu, milyonlarla vəsait edir. Yüzlərlə yeniyetmə futbolçu klub olmadığı üçün özlərini göstərə bilməyəcəklər. Çempionatda rəqabətin oyun sayının azalması klublarımızın Avropada uğurunun qarşısını alacaq. Çıxış yolu, ondadır ki, futbol idarəçiliyində dönüş yaradılmalıdır, futbolu bölgələrə daşımaq lazımdır”.
Rasim Məmmədli