2867
Dasaeyevin xarakterik xüsusiyyətlərindən biri top uğrunda mübarizədə irəli çıxması, daha dəqiq desək qapıya vurulan zərbələri ayaqları ilə dəfə etməsi idi. Ancaq onun bu xüsusiyyəti SSRİ-nin məşhur məqşçilərinin, o cümlədən SSRİ-nin əməkdar idman ustası, yığma komandanın məşhur keçmiş qapıçılarından biri olan, sonralar isə idman jurnalistikası ilə məşğul olan Vladimir Maslaçenkonun xoşuna gəlmirdi. Təcrübəli qapıçı belə hesab edirdi ki, qapıçı top uğrunda mübarizədə daha çox əllərini işə salmalı, hücumçunun ayaqları altından topu almaq üçün əlləri ilə onun ayaqları altına atılmalıdır. Dasayev isə buna cavab olaraq bildirmişdi ki, o, topa əlləri ilə çata bilməyəcəyini hiss edəndə ayaqlarını işə salır və bu, onun çox köməyinə gəlir. Bununla belə onu bu xarakterinə görə Maslaçenko müntəzəm
tənqid edirdi. Lakin Dasayevdə anadangəlmə qapıçılıq istedadı vardı və ən təhlükəli hallarda qol olacağı artıq şübhə doğurmayacağı vəziyyətlərdə belə ayaqlarını işə salaraq qapısının toxunulmazlığını qoruyub saxlaya bilirdi. Bu da Dasayevin özünəməxsus qapıçılıq istedadından, təhlükəni vaxtında hiss edərək onu aradan qaldırmaq bacarığından irəli gəlirdi. 1979-1988-ci illərdə Rinat Dasayev Moskva "Spartak"ının qapısının qorudu. 1979-cu ildən 1990-cı ilə kimi isə Dasayev SSRİ yığmasının qapısında dayandı.
Zirvə uğurları
Rinat Dasayev "Spartak" komandasının heyətində iki dəfə SSRİ çempionu oldu. 1980-1981,1983, 1984, 1985-ci illərdə isə Dasayev "Spartak" komandasının heyətində SSRİ birinciliyinin gümüş medalçısı oldu. 1982, 1986-cı illərdə isə Dasayev SSRİ çempionatının bürünc mükafatını qazanıb. Rinat Dasayev 1980-cı ildə Moskvada keçirilən Olimpiya oyunlarında SSRİ-nin futbol üzrə Olimpiya komandasınının tərkibində bürünc mükafata sahib oldu. 1988-ci ildə isə Dasayev SSRİ yığması ilə birlikdə Avropa çempionatının gümüş mükafatını qazandı. Rinat Dasayev SSRİ yığmasının tərkibində 1982,1986 və 1990-cı illərdə keçirilən futbol üzrə dünya çempionatında iştirak edib. Karyerası boyunca Dasayev SSRİ yığmasının tərkibində 91 dəfə oyuna çıxıb. O bununla da SSRİ-nin yığmasında rekord səviyyədə çıxış edən qapıçı olub. Onun bu rekordu bu günə kimi dəyişilməyib. 1982-ci ildə Dasayev " Futbol-xokkey" həftəliyinin keçirdiyi sorğu nəticəsində ən yaxşı qapıçı elan edilib. 1988-ci ildə isə Dasayev dünyanın məşhur futbol nəşrləri tərəfindən keçirilən sorğuda dünyanın ən yaxşı qapıçısı elan edildi. Bundan əlavə Dasayev "Oqonyok" jurnalı tərəfindən 1980, 1982, 1983, 1985, 1987 və 1988-ci illərdə ən yaxşı qapıçı elan edildi. 1979, 1980, 1981, 1982, 1983, 1985, 1986, 1987, 1988-ci illərdə 9 dəfə SSRİ-nin 33 ən yaxşı futbolçusunun siyahısına başçılıq edib. Dasayev yalnız 1984-cü ildə birinci yer uğrunda mübarizəni "Zenit" komandasını qapıçısı Mixail Biryukova uduzdu.
"Spartak"dan "Seviliya"ya
Rinat Dasayevin qapıçılıq istedadı qeyd etdiyimiz kimi xarici ölkələrin tanınmış komandalarının da diqqətini cəlb etmişdi. Amma o dövrdə SSRİ-də tanınmış futbolçuların xaricdə oynamasına pis baxdıqlarından Dasayevin xarici futbol komandalarından birinə transferi baş tutmadı. Sonralar o günləri xatırlayarkən Dasayev belə demişdi: "Bizim yeganə problemimiz o idi ki, xarici klublarda oynaya bilmirik. Bircə onu başa düşün ki, biz SSRİ-də boya-başa çatmışdıq və bu imperiyanın idmançıları hesab olunurduq. Ona görə də uzun müddət SSRİ çempionatında çıxış etmək bizim tərəfimizdən normal qəbul olunurdu".
Bununla belə, ötən əsrin 80-ci illərində Qorbaçovun hakimiyyətə gəlməsindən sonra xarici siyasətdə özünü göstərən yumşalma və ölkə daxilində həyata keçirilən yenidənqurma dalğaları futbolçuların xarici klublarda oynamasına icazə verilməsi ilə müşahidə olunmağa başladı. Bu müstəvidə də İspaniyanın köklü klublarından biri olan "Seviliya" komandası tərəfindən Rinat Dasayevin transferi məsələsi gündəmə gətirldi. 1988-ci ilin noyabr ayında Dasayev o dövr üçün böyük məbləğ hesab edilən 2 milyon dollara "Seviliya" klubuna transfer edildi. Bu, SSRİ futbolu tarixində xarici fubol komandasına ilk kommersiya məqsədli transfer idi. Transferdən əvvəl "Spartak" komandası ilə "Seviliya" arasında yoldaşlıq matçı keçirildi. "Spartak"ın 2-1 hesabı ilə qalib gəldiyi bu oyunun birinci hissəsində Dasayev doğma komandasının, ikinci hissədə isə "Seviliya"nın qapısını qorudu.
Amma sovet düşüncə tərzi əsasında tərbiyə edilən Dasayevin İspaniyann "Seviliya" komandasına adaptasiyası heç də asan başa gəlmədi. Belə ki, "Seviliya"ya transfer edilməsindən az sonra Dasayev başa düşdü ki, səhv edib.
Bu barədə o "Seviliya"nın rəhbərliyinə də öz fikrini çatdırdı. Amma klub rəhbərliyi onu komandada qalmağa razı sala bildi. Dasayev o günləri belə xatırlayır: "Sevilya"nın formasını geyindiyim vaxt 31 yaşım olsa da, özümü aciz yeniyetmə kimi hiss edirdim. Nəyə ehtiyacımın olduğunu heç kimə deyə bilmirdim. Meydançada da analoji problemlə üzləşirdim. İspan dilini bilmədiyim üçün mənə elə gəlirdi ki, komandada artıq adamam. Nəhayət, müəyyən müddətdən sonra dil öyrənmək üçün kursa getməyə başladım".
Dasayev komandaya az çox xeyir versə də, özünün əvvəlki yaxşı oyunlarını göstərə bilmirdi. Dasayev yeni komandası ilə İspaniya çempionu ola bilmədi. Əvəzində o yeni komandası ilə birlikdə UEFA kubokunda oynamaq şansı əldə etdi. 1989-cu ildə oyunlardan birində Dasayev zədə aldı və əməliyyat olunmalı oldu. Onun komandada olmadığı müddətdə qapını gənc Xuan Karlos Unsueyə tapşırdılar. Unsue özünü yaxşı qapıçı kimi göstərə bildi. Ona görə də sağalandan sonra Dasayevə əsas heyətdə oynamağa az-az şans verdilər. Klub rəhbərliyi Dasayevə Braziliyaya getməyi təklif etdi. O isə bunu rədd etdi. Onda Dasayev artıq anlamğa başlamışdı ki, o artıq "Seviliya"ya lazım deyil və buradan getmək, futbol karyerasını başa çatdırmağın vaxtı artıq çatıb. Bu arada o "Seviliya"nın ikinci komandasında məşqçi işlədi. Sonra o, əsas komandada qapıçılarla iş üzrə məşqçi funksiyasını həyata keçirməyə başladı. Həmin dövrdə "Seviliya"ya sonralar İspaniya yığma komandasına rəhbərlik edəcək məşhur məşqçi Luis Araqones rəhbərlik edirdi. Onunla Dasayev arasında gözəl münasibətlər əmələ gəlmişdi.
Bu arada isə "Seviliya" rəhbərliyində baş məşqçi dəyişikliyi baş verdi. Komandanın yeni baş məşqçisi portuqaliyalı Toni Oliveyra Dasayevi ümumiyyətlə komandada görmək istəmədiyini bildirdi. Nəticədə "Seviliya"nı tərk etməyə məcbur olan Dasayev bir müddət İspaniyanın ikinci divizionunda oynayan yerli komandalardan birində baş məşqçi işləməyə başladı. O özü ilə bu komandaya "Seviliya"da yaxşı münasibətdə olduğu bir neçə oyunçunu da gətirdi. Ancaq bir müddət sonra komanda rəhbərliyi Dasayevdən yalnız yerli futbolçuları oynatmasını tələb etdi. Yerli oyunçularla uğur qazana bilməyəcəyini görən Dasayev baş məşqçi postundan istefa verməyə məcbur oldu. O, evə, doğma vətənə qayıtmaq istəyirdi. Həmin dövrdə SSRİ dağılmaq ərəfəsində idi və imperiyanın daxilində qanlı hadisələr baş verirdi. Belə mürəkkəb dövrdə nə edəcəyini bilməyən Dasayev vətənə zəng edərək doğmalarının fikrini bilmək istədi. Ona indiki vəziyyətdə SSRİ-yə qayıtmağı məsləhət görmədilər. Bununla bağlı Rinat Dasayev deyir: "Sovet imperiyası süqut edəndə İspaniyada yaşayırdım. Ona görə də SSRİ-nin dağılmasının canlı şahidi olmamışam. Xoşbəxtlikdən hadisələri kənardan izləyirdim. Daha doğrusu, ailəm və dostlarım vasitəsilə nələrin baş verdiyini öyrənirdim. Həmin anda dostlarım mənə "İspaniyada qal, buraya qayıtma" deyirdilər. Ailəm kimi dostlarım da məni yeni dövlətin acı reallıqlarından uzaq saxlamaq istəyirdilər. 10 illik İspaniya həyatından sonra vətənə qayıtdıqda gözlərimə inanmadım. Hər şey dəyişilmişdi, hətta dilimiz də fərqli olmuşdu".
Nəticədə Dasayev İspaniyada qalmalı oldu.
O əvvəlcə İspaniyada nə işlə məşğul olacağını bilmədi. SSRİ-yə qayıtmaq da onun üçün çətin idi. O gedəndə SSRİ-də sakitlik idi. İndi isə hər gün vətəndən həyəcanlı xəbərlər alırdı. Belə bir vəziyyətdə o, bekar qalmamaq üçün bizneslə məşğul olmağı qərara aldı. Bu məqsədlə də idman malları satan şəxsi mağasasını açdı. Ancaq qısa müddət sonra anladı ki, bu sahədə təcrübəsizdir və qazanc əldə edə bilməyəcək. Ona görə də yenidən uşaq futbol məktəbində futbol dərsi keçməyə başladı.
Əziz Mustafa