3780
Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.
Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son saniyələrdə məğlub olaraq "Rio-2016"nın gümüş medalı ilə kifayətlənib.
Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.
58 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Yuliya Ratkeviç ilk görüşündə ukraynalı Oksana Herheldən üstün olub. Dörddəbir finalda Yuliya Ratkeviç kolumbiyalı Jaklin Ryenteriyanı mübarizədən kənarlaşdırıb. Yarımfinal mərhələsində Yaponiya idmançısı Kaori İçoya məğlub olan idmançımız bürünc medal uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə Yuliya Ratkeviç Tunis idmançısı Marva Amriyə uduzaraq Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.