çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur müsəlman futbolçuları: Rinat Dasayev (3)

18.08.2016 06:08 Oxundu 1729

Rinat Dasayevin İspaniya həyatı ilə bağlı sirr kimi qalan və bu gün də belə açılmayan bəzi müəmmalar var. Bu da məşhur futbolçunun İspaniyada, belə demək mümkünsə, səssiz- səmirsiz "yoxa" çıxması, daha dəqiq desək, heç kimlə əlaqə saxlmaması ilə bağlı idi. O dövrdə Dasayevin gözlənilmədən vətənlə əlaqələrini kəsməsi və mətbuat işçilərindən qaçması anlaşılmaz idi. Bir müddət məşhur futbolçu keçmiş SSRİ-nin varisi olan Rusiyanın idman jurnalistləri ilə əlaqə qurmadı və onlara müsahibə vermədi. Əslində həmin dövrdə baş verən hadisələr Dasayevin vətəndə də yaddan çıxmasına gətirib çıxarmışdı. Dasayev vətənlə, doğmaları ilə əlaqə saxlasa da onun yerini, İspaniyanın hansı şəhərində yaşadığını doğma qardaşı belə bimirdi. Nə üçün Dasayev o dövrdə hamıdan gizlənirdi, niyə ünsiyyətdən qaçırdı? Bu suallara birmənalı cavab vermək heç də asan deyil. Bəlkə məşhur futbolçu İspaniyada ciddi uğurlara əl ata bilməməsindən utanır, xəcalət çəkirdi, bunu söyləmək çətindir. Amma ortada olan bir açı həqiqət var idi: bu da Rinat Dasayevin özünə vətən tərəfindən unudulmasını bağışlaya bilməməsi idi. Dasayev bununla bağlı xeyli sonralar demişdi: "Mən SSRİ yığma komandasında sona kimi borcumu vicdanla yerinə yetirdim. Heç vaxt vəzifə, pul davası etmədim. Amma sonralar sanki yoxa çıxdım, mənə elə gəldi ki, ümumiyyətlə, futbolda heç bir xidmətim olmayıb. İspaniyada bunu daha dərindən hiss elədim".

Dasayev əslində bununla da futbolda göstərdiyi xidmətlərinin vətəndə tez unudulduğuna dolayısı ilə işarə vurmuşdu. Həqiqətən də Dasayevin SSRİ yığması qarşısında xidmətləri çox olmuşdu. O, 80-ci illərdə nəinki SSRİ, həm də dünyada ən məşhur qapıçılardan biri idi. O dəfələrlə ən yaxşı qapıçı adına layiq görülmüşdü, ən yüksək mükafatlara layiq görülmüşdü. Ancaq futbolu tərk edən kimi unudulmuşdu. Sanki onun SSRİ-də futbol qarşısında heç bir xidmətləri olmamışdı. Təbii ki, bir vaxtlar şöhrət zirvəsində olan bir futbolçu üçün unudulduğunu dərk etmək çox ağır idi. Həqiqətən də bu dünyada şöhrət zirvəsindən enəndən sonra unudulmaqdan ağır bir dərd ola bilməz. Bunu şöhrət zirvəsindən enənlər dəfələrlə etiraf edib, unudulduqlarını uzun müddət onları əhatə edən cəmiyyətə bağışlaya, həzm edə bilməyiblər. Ola bilsin ki, Dasayevin də faciəsi hamıdan qaçaraq İspaniyada tənhalığa çəkilməsi bu amillə bağlı idi.

Rinat Dasayev axtarılır...

Ötən əsrin 90-cı illərinin sonlarında Rusiya futbolunun böhranlı günlərini yaşaması bir vaxtlar SSRİ yığmasının tərkibində gözəl oyunu ilə diqqəti cəlb edən futbolçuların yenidən xatırlanmasına gətirib çıxardı. Rusiya futboluna rəhbərlik edənlər o dövrdə keçmişin bir çox məşhur futbolçuları, o cümlədən Dasayevlə maraqlanmağa, onlardan Rusiya futbolunun böhranlı vəziyyətdən necə çıxarılması üçün məsləhət almaq qərarına gəldilər. Həmin dövrdə Rusiya futbolunu idarə edənlər, o cümlədən tanınmış idman jurnalistləri belə Dasayevin yerini bilmirdilər. İlk dəfə Rinat Dasayevin yerini axtarıb tapmaq üçün cəhdə "Komsomolskaya Pravda" qəzetinin əməkdaşı Sergey Yemelyanov tərəfindən vuruldu. O, ötən əsrin 90-cı illərinin sonlarında təmsil etdiyi qəzetə müsahibə almaq üçün Rinat Dasayevin axtarışına çıxdı. Yemelyanov bu məqsədlə Həşətərxana məşhur futbolçunun ailəsinə zəng vuraraq onun telefon nömrəsini istədi. Yemelyanovun Dasayevin doğma qardaşı Rafiqlə telefon danışığı zamanı məlum oldu ki, məşhur futbolçunun İspaniyanın harasında yaşamasından onun da xəbəri yoxdur. Rafiq Dasayev Yemelyanova: "Ailəmiz onunla ancaq telefon vasitəsi ilə əlaqəə saxlayır. Rinatın İspaniyada olduğunu bilirik, ancaq onun dəqiq ünvanı bizə məlum deyil. O uzun illərdir vətənə gəlmir, buna vaxtının olmadığı, işinin çoxluğu ilə haqq qazandırır", - demişdi.

Rinat Dasayevin doğmaca qardaşından belə cavab gözləməyən Yemelyanov öz növbəsində şoka düşmüşdü. Bir zamanla SSRİ-nin və dünya futbolunun ən məşhur qapıçılarından biri olan Rinat Dasayevin birdən-birə az qala hamıdan üz döndərməsi həqiqətən də ağır idi. Yemelyanov uzun müddət Dasayevi axtardı. Onun yerini bilən yox idi, məşhur futbolçu tanımadığı adamların telefon zənglərinə isə adəti üzrə cavab vermiridi. Amma Yemelyanov inadla Dasayevin axtarışlarını davam etdirirdi. Sonda o təsadüfən məşhur basketbolçu Hose Biryukovla Dasayev arasında dostluq münasibətlərinin olduğunu və onların bir neçə dəfə İspaniyada bir yerdə olduqlarını öyrəndi. Yemelyanov dərhal Hose Biryukovla əlaqə saxalayaraq ondan Dasayev barədə məlumat istədi. Yeri gəlmişkən qeyd edək ki, Hose Biryukovun anası Klara Aqirreqaviriya 1937-ci ildə İspaniyanın Bask əyalətindən SSRİ-yə gətirilən yetim uşaqlardan idi. Klara SSRİ-də böyüyüb boya başa çatmış və Aleksandr Biryukov ad və soyadlı rusa ərə getmişdi. Hose də bu izdivacdan dünyaya gəlmişdi. Hose gənc yaşlarından məşhur basketbolçu kimi şöhrət qazanmış, 1980-1882-ci illərdə OMİK komandasının gənclərdən ibarət komandasında, sonra da "Dinamo" komandasında oynamışdı. Həmin dövrdə Hose Biryukov SSRİ-nin gənclərdən ibarət yığma komandasının heyətində Avropa çempionatının qalibi olmuşdu. Hose Biryukov həmçinin SSRİ-nin əsas yığma komandasında 22 oyunda meydana çıxımışdı. Onun ana tərəfindən ispan olduğunu bilən ispanlar məşhur basketbol ulduzunu Madridin "Real" komandasında oynamağa dəvət etdilər. Hose bu təklifi qəbul edərək İspaniyaya getdiyi üçün onu SSRİ beynəlxalq idman ustası fəxri adından məhrum etmiş, komsomol sıralarından qovmuşdular. Biryukov "Real"ın heyətində 11 dəfə İspaniya çemionu oldu, 4 dəfə İspaniya kubokunu qazandı, basketbol üzrə bütün avrokubokların qalibi olmuşdu. İspaniya yığmasının heyətində 57 matçda meydana çıxan Hose Biryukov ötən əsin 80-cı illərinin sonları, 90-cı illərinin əvvəllərində Avropanın ən məşhur basketbolçusu kimi şöhrət qazanmışdı. Biryukov məşhur futboçu Rinat Dasayevlə hələ SSRİ-də olduğu vaxtdan tanış idi və onlar arasında dostluq münasibətləri yaranmışdı. Dasayev İspaniyada olanda onlar yenidən bir araya gəlmişdilər. Hose Biryukov Yemelyanova Dasayevlə görüşməkdə yardım elədi. Dasayevlə görüşdə Yemelyanov onu doğma vətənə qayıtmağa razı sala bildi. Əslində Yemelyanova Dasayevin axtarılaraq tapılması barədə göstərişin o dövrdə Rusiya Futbol Federasiyası tərəfindən verildiyi ehtimal edilir. Çünki Dasayevin tapılmasında və vətənə qaytarılmasında məhz onlar daha çox maraqlı idilər.

Yenidən doğma "Spartak"da

1998-ci ilin yayında İspaniyadan Rusiyaya qayıdan Dasayevi "Spartak" komandasında qapıçılarla iş üzrə məşqçi vəzifəsinə dəvət etdilər. Eyni zamanda Dasayev 1986-cı ildə anadan olan futbolçulardan ibarət Moskva yığma komandasının məşqçisi işləməyə başladı. Bu komanda Dasayevin rəhbərliyi altında müxtəlif yarışlarda fəxri, mükafata layiq yerlər tutdu. 1998-ci il sentyabr ayının 23-də Moskvada Dasayevlə vida matçı keçirildi. Əslndə bu çox gecikmiş tədbir idi. Çünki Dasayev futbolu hələ İspaniyada olarakən 1992-ci ildə buraxmşdı. Amma vida görüşünü təşkil edənlər Dasayein vətəndən incik olmasını aradan qaldırmaq, onun könlünü almaq istəyirdilər. Vida oyunu SSRİ veteranlardan ibarət yığma komandası ilə Rusiya yığma komandası arasında keçirildi. Bu görüşdə veteran futbolçular 3: 1 hesabı ilə Rusiya yığma komandasına məğlub oldular.

Dasayev "Spartak" komandasının veteranlardan ibarət komandasının heyətində 80-dən artıq oyunda meydana çıxdı. Amma vətənə qayıdandan bir il sonra o səhv etdiyini başa düşərək "Spartak" komandasını tərk etmək qərarına gəldi. Belə ki, keçmiş komandası ona verdiyi vədləri yerinə yetirmirdi.

Əziz Mustafa