2064
Rinat Dasayev Moskvanın "Spartak" komandasını tərk etdikdən sonra da idmandan ayrılmadı. O, 2000-ci ildə "Formula-avtosport" assossiasiyasının prezidenti təyin edildi. Bu assosiasiyanın vəzifəsi avtomobil yarışlarının təşkili idi. Amma Rinat Dasayev futboldan da ayrılmaq niyyətində deyildi. 2003-cü ildə Dasayev Futbol akademiyası və qapıçılıq incəlikləri" adlı qurumun əsasını qoyaraq ona rəhbərlik etməyə başladı. Həmil ildə Georgi Yartsev Rusiya yığma komandasının baş məşqçisi təyin edildi. O, Rinat Dasayevi özünə qapıçılarla iş üzrə köməkçi götürdü. 2005-ci ilə kimi Dasayev Rusiya yığma komandasında bu vəzifəni həyata keçirdi. Lakin uğursuzluq səbəbindən Yartsev yığma komandanın baş məşqçisi vəzifəsindən azad edildi. Bundan sonra Rinat Dasayev də onunla yığma komandanı tərk etməyə məcbur oldu. 2008-ci ildə Dasayev Moskvada keçirilən Çempionar liqasının final oyunu üzrə UEFA-nın səfiri oldu. 2007-2008-ci illərdə Dasayev Moskvanın "Torpedo" komandasının məşqçilərindən biri oldu.
SSRİ yığmasında karyerası
Rinat Dasayev 1979-cu ildə SSRİ-nin əsas yığma komandasına dəvət edildi. O, yığma komandanın heyətində ilk oyununa 1979-cu il sentyabr ayının 5-də Almaniya Demokratik Respublikası ilə oyunda çıxdı. Ancaq oyun onun üçün yaxşı bitmədi. Bu oyunda SSRİ 0:1 hesabı ilə məğlub oldu. O, SSRİ yığmasının heyətində meydana sonuncu 91-ci oyunda çıxanda da uğursuzluğa düçar oldu. Belə ki SSRİ yığması 1990-cı il iyun ayının 9-da Rumıniya yığmasına 0:2 hesabı ilə məğlub oldu. Rinat Dasayev 1982, 1986, 1990-cı illərdə SSRİ yığmasının heyətində çıxış edib. Bundan əlavə Dasayev Moskvada keçirilən Olimpiya oyunlarında olimpiya yığmasının heyətində 6 oyun keçirib. Rinat Dasayev məşhur hücumçu Oleq Bloxindən sonra SSRİ yığma komandasının heyətində ən çox meydana çıxan (91 oyun) oyunçudur.
Ailə həyatı
Rinat Dasayevin ailə həyatı da özünəmxsu olub. O, iki dəfə evlənib. İlk dəfə 1985-ci ildə 28 yaşında ikən Dasayev tanınmış gimnast qadın Nelli Haasla ailə həyatı qurub. Amma İspaniyaya gedəndən sonra həyat yoldaşından ayrılıb.
Keçmiş həyat yoldaşı Saraqosda gimnastika məktəbi açaraq uşaqlarını da ora aparıb. Dasayevin birinci həyat yoldaşından olan qızı Elmira gimnastika üzrə İspaniya çempionudur. Kiçik qızı Krsitina isə başqa ixtisas seçib. 1994-cü ildə Dasayev yerli ispan qadın Mariya del Marla tanış olub və onunla mülki nikahda yaşayıb. 2002-ci ildə isə onunla rəsmi nikaha girib. İkinci həyat yoldaşından Betaris və Aliyə adlı qızı və Səlim adlı oğlu var.
Xeyriyyəçi qapıçı
Rinat Dasayev həm də xeyriyəçilik fəaliyyəti ilə məşğuldur. Belə ki, Moskvanın Rinat Dasayev xeyriyyə konsert-marafonu təşkil edən Həştərxan müsəlmanlarını dəstəkləmişdir. Tədbirdən toplanan maliyyə vəsaiti vilayət mərkəzindəki tarixi Ağ məscidin bərpası üçün xüsusi olaraq açılan fonda köçürülüb.
Dasayev bununla bağlı mətbuata verdiyi açıqlamada deyib: "Həştərxanın müsəlman tatarlarının xeyriyyə konsertləri təşkil etməsi soydaşlarımın vətənpərvərlik ruhundan, müsəlmanların savab iş görməyə daim hazır olmasından xəbər verir".
Moskva "Spartak"ının və SSRİ yığmasının "qızıl heyəti"nin qapıçısı, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı və dünyanın ən yaxşı qapıçılarından biri, FİFA-nın versiyası üzrə XX əsrin ən yaxşı qapıçısı olan Dasayev hər bir müsəlmanı bu nəcib işin təşkilatçılarını dəstəkləməyə çağırıb.
Unudulmaz xatirələr
Rinat Dasayev keçmiş günlərini özünəməxsus şəkildə xatırlayır. O bununla bağlı mətbuata verdiyi müsahibələrindən birində maraqlı fikirlər söyləyib. Jurnalistin": "Karyeranız ərzində sizin üçün ən unudulmaz oyun hansı olub?" sualına cavabında Rinat Dasayev: "Mənim üçün ən unudulmaz matç 1982-ci ildə İspaniyada baş tutan dünya çempionatında Braziliyaya qarşı keçirdiyimiz oyundur (1:2). Bu, mənim mundialda debütüm və bizim qrup mərhələsində ilk görüşümüz idi. Boş vaxt tapan kimi yenə həmin oyunun videoyazısına baxıram və düşünürəm ki, buraxdığım hər iki qolda topu tutmağa yox, qaytarmağa cəhd göstərsəydim, qol buraxmazdım. Bir də Avro-1988-in qrup mərhələsində Hollandiya üzərində 1:0 hesablı qələbə qazandığımız oyunu unuda bilmirəm".
Dasayev qoruduğu qapıya ən yaxşı qolu isə Marko van Bastenin vurduğunu söyləyib. Onun sözləriən görə, bu hadisə Avro-1988-ci ilin finalına təsadüf edir: "Həmin qol, sadəcə, möhtəşəm idi. Əgər sabiq "Milan"lı həmin nöqtədən min dəfə təkrar zərbə vursaydı, qol buraxmazdım. Ancaq həmin anda çarəsiz qaldım. Çünki van Bastenin zərbəsi qarşısıalınmaz idi. Artıq həmin oyundan 20 il keçib və güman edirəm ki, əksər azarkeşlər məni məhz buraxdığım o qola görə yadda saxlayıblar".
Məşhur qapıçı SSRİ yığmasının şərəfini qoruyanda digər insanlarla müqayisədə daha rahat ömür sürdüklərini də etiraf edir. O deyir ki, biz futbolçular tez-tez xarici ölkələrə getmək imkanı qazanırdıq və daha yaxşı yaşayırdıq. O, futbolçu olduğuna görə heç vaxt təəssüflənmədiyini deyir. Dasayevin fikrincə, həmin vaxt yeganə problemləri xarici klublarda oynaya bilməmələri idi.
Məşhur qapıçı onu da deyir ki, SSRİ-də onlar indiki rusiyalı futbolçuların qazandığı qədər pul qazanmayıblar: "Ancaq paralel olaraq Sovet imperiyasında hər şeyin qiyməti aşağı idi. Ona görə də aldığımız pul həyatdan ləzzət almaq üçün bizə bəs edirdi. Yaşayışımızdan tam razı idik. İnsanlar ev, maşın almaq üçün illərlə növbəyə dururdular. Biz isə qısa zamanda bunları əldə edirdik. SSRİ-də idman ən başlıca prioritetlərdən biri idi. Ona görə də idmançılar heç bir maliyyə və sosial problemlərlə üzləşmirdilər".
Dasayev İspaniyada legioner həyatı yaşaması ilə bağlı deyir ki, "Sevilya"nın formasını geyindiyi vaxt 31 yaşı olsa da, özünü aciz yeniyetmə kimi hiss edib: "Nəyə ehtiyacımın olduğunu heç kimə deyə bilmirdim. Meydançada da analoji problemlə üzləşirdim. İspan dilini bilmədiyim üçün mənə elə gəlirdi ki, komandada artıq adamam. Nəhayət, müəyyən müddətdən sonra dil öyrənmək üçün kursa getməyə başladım".
SSRİ dönəmi üçün nostalji...
Sovet imperiyasının süqutunu da Dasayev nostalji hissi ilə xatırlayır. O deyir ki, sovet imperiyası süqut edəndə İspaniyada yaşayırdı və nəticədə SSRİ-nin dağılmasının canlı şahidi olmayıb. O hadisələri kənardan izlədiyini və baş verən hadisələr barədə ailəsi və dostları vasitəsilə xəbər tutduğunu söyləyir: "Həmin anda dostlarım mənə "İspaniyada qal, buraya qayıtma" deyirdilər. Ailəm kimi dostlarım da məni yeni dövlətin acı reallıqlarından uzaq saxlamaq istəyirdilər. 10 illik İspaniya həyatından sonra vətənə qayıtdıqda gözlərimə inanmadım. Hər şey dəyişilmişdi, hətta dilimiz də fərqli olmuşdu".
"Müasir futbolda kimi ən güclü qapıçı hesab edirsiniz?" sualına cavabında isə Dasayev "Çelsi"nin keçmiş qapıçısı Petr Çexin adını çəkib: "Mənim vaxtımda, demək olar ki, bütün yığmaların qapısını məşhur qolkiperlər qoruyurdular. İndi dövr dəyişib və bugünkü futbolu dəyərləndirməyin özü belə, çətindir. Fikrimcə, Petr Çex ən güclü qapıçıdir. O, özünəməxsus qapıçı texnikasına malikdir, oyunu yaxşı oxuyur və komandasının əks-hücumunu başlamağı bacarır. Onu da qeyd etmək lazımdır ki, Çex ciddi zədədən sonra əvvəlki formasını bərpa edə bildi. Bunun özü Çexin güclü futbolçu, xarakterli qapıçı olduğunu deməyə əsas verir.
"Real"ın keçmiş oyunçusu İker Kasilyası da pis qapıçı hesab etmədiyini söyləyən Dasayev "Real"ın qazandığı uğurlarda onun rolunun danılmaz olduğunu vurğulayır.
Rusiya futbolunda isə əvvəllər Akinfeyevə ümid bəslədiyini, lakin onun bu ümidləri doğrultmadığını Dasayev təəssüf hissi ilə qeyd edir: "Uşaq komandasında, ardınca əvəzedici heyətdə oynayanda Akinfeyevə inam böyük idi. Hamı onun dünya səviyyəli qapıçı olacağını gözləyirdi. Artıq onu deyə bilərəm ki, ümidləri doğrultmadı. Akinfeyev həlledici anda inkişafdan kəsildi".
Digər bir suala cavabında isə Dasayev karyerası ərzində bir çox məşqçilərlə birgə çalışdığını, onlardan daha çox Konstantin Beskovu və Valeri Lobanovskini bəyəndiyini də söyləyib: "Mənim üçün ən dəyərli məşqçi Konstantin Beskov olub. Hansı ki, mən 11 il onun rəhbərliyi altında "Spartak"da oynamışam. Valeri Lobanovskini da qeyd etmək istərdim. SSRİ yığmasına təzə-təzə cəlb olunanda ondan çox şey öyrənmişəm. Bu iki məşqçinin futbolçu karyeramda rolu böyükdür".
Əziz Mustafa