çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Bu gün dörd idmançımız yarışa çıxacaq

21.08.2016 12:50 Oxundu 2002

Avqustun 21-də “Rio-2016” Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın dörd idmançısı medallar uğrunda yarışa çıxacaq. Təmsilçilərimiz idmanın sərbəst güləş, marafon qaçışı və boks növlərində mübarizə aparacaqlar.

Əvvəlcə sərbəst güləşçilərimiz mübarizəyə başlayacaqlar. İlk olaraq dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Xetaq Qazyumov xalça üzərinə çıxacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı atletimizin onaltıdabir finaldakı rəqibi polşalı Radoslav Baran olacaq. Əvvəlki iki olimpiadada bürünc medal qazanmış X.Qazyumovun Rio-da ilk görüşü Bakı vaxtı ilə saat 15:46-da başlayacaq. Bu görüşün qalibi növbəti mərhələdə Məhəmməd Əli Reza Yazdani (İran) - İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

Saat 15:54-də isə Olimpiya çempionu Toğrul Əsgərov ilk görüşünə çıxacaq. Onun səkkizdəbir finalda rəqibi ukraynalı Andrey Kvyatkovski olacaq.

Saat 16:30-da atletimiz Evans Kiplaqat Barkovet marafon qaçışı üçün start xəttinə çıxacaq. Qaçışda 155 marafonçu iştirak edəcək.

Saat 22:00-da isə boksçumuz Lorenso Sotomayor 64 kq çəki dərəcəsində qızıl medal uğrunda final döyüşünü keçirəcək. Onun rəqibi 2015-ci il dünya çempionatının gümüş mükafatçısı, özbəkistanlı Fazlidin Qaibnazarovdur.