çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur futbol qapıçıları:Canluici Buffon (1)

22.08.2016 11:38 Oxundu 3595

Onun haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Çünkü 38 yaşlı qapıçı günümüzdə belə dünyanın əfsanəvi qapıçılarından biri olaraq qalmaqda davam edir. Təsadüfi deyil ki, məşhur qapıçı Lev Yaşindən sonra o, dünya futbolu tarixinə adını ən məşhır qapıçı kimi yazdıra bilib və hələ də dünyanın diqqət mərkəzində qalmaqda davam edir.

Söhbət "Yuventus" və İtaliya yığma komandasının əfsanəvi qapıçısı Canluici Bufondan gedir. O, İtaliyanın A seriyasının (güclülər dəstəsinin) 8 qat çempionudur və hazırda "Yuventus"un və İtaliya millisinin kapitanıdır. Buffonun futbol uğurlarından danışarkən onu da qeyd edək ki, o, 2002-2003-cü il futbol mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilmişdir. O, Çempionlar Liqası tarıxındə yeganə qapıçıdır ki, bu turnirin ən yaxşı oyunçusu kimi qapıçı seçilib.

İFFHS tərəfindən 2003, 2004, 2006 və 2007-ci illərdə dünyanın ən yaxşı qapıçısı adına layiq görülən Buffon bununla dünya futbolu tarixinə adını qızılı hərflərlə yazdırıb. Lev Yaşindən sonra Buffon İFFHS tərəfindən həm də futbol tarixinin 1987-2009 periodunun ən yaxşı qapıçısı sayılan yeganə oyunçudur. Qapıda möhtəşəm oyunu ilə daim diqqət mərkəzində olan Buffon bundan əlavə XXI əsrin ilk onilliyinin ən yaxşı qapıçısı adına layiq görülüb. Nəhayət, Buffon haqqında danışarkən qeyd edək ki, o, 2006-cı ildə keçirilən dünya çempionatında FİFA tərəfindən çempionatın ən yaxşı qapıçısı seçilmişdir və hazırda da dünyanın ən yaxşı qapıçısı olaraq qalmaqda davam edir. Onu bu baxımdan dünya futbolunun canlı əfsanəsi adlandırırlar.

Böyük futbolda ilk addımları

Canluici Buffon 1978-ci il yanvar ayının 28-də İtaliyanın Karrara şəhərində idmançı ailəsində anadan olub. Onun anası Mariya Stello Mazokko yadro itələnməsi və disk atılması üzrə İtaliya çempionu idi. Buffonun dayısı Dante Mazokko peşəkar basketbolçu idi. Atası Adriano Buffon da yadro itələyən kimi İtaliyada məşhur idi. Bacıları Cendalina və Veronika isə istedadlı vaterpolçular kimi ölkədə tanınırdılar. Uşaqlıqdan Cici ləqəbi ilə çağrılan Buffon həmçinin İtaliya yığma komandasının keçmiş qapıçısı Lorentso Buffonla uzaq qohum sayılırdı. Uşaq yaşlarından futbola böyük maraq göstərən Cici "Cenuya" komandasının azarkeşlərindən biri kimi tanınırdı. Buffonun futbola olan böyük marağını nəzərə alan ata Adriano oğlunu Spetsiya şəhərindəki futbol məktəbinə qoydu. O, burada oxuyarkən Spetsiya şəhərinin həvəskarlardan ibarət "Kanaletto Sepor" futbol klubunda çıxış etməyə başladı. Futbol məktəbini başa vurandan sonra Buffon doğma Karrara şəhərinə qayıtdı və buradakı həvəskarlardan ibarət "Pertikata" komandasında oynamağa başladı. O, bu komandada yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 12 yaşında ikən Buffon Karrara şəhərinin həvəskarlardan ibarət digər futbol klubuna "Bonaskola"ya keçdi. Bu klubda da yarımmüdafiədə oynayan Buffon etibarlı oyunu ildə İtaliyanın tanınmış futbol klublarının diqqətini cəlb etdi.

Xoş bir təsadüf və yarımmüdafiədən qapıya

Buffon həmin dövrdə qapıçı olmaq barədə düşünmürdü və bütün diqqətini də hücumameyilli yarımmüdafiəçi kimi təcrübə əldə etməsinə yönəltmişdi. Buffonun yarımmüdafiədə etibarlı oyununu görən və onun istedadlı futbolçu kimi yetişməsini qət edən "Parma", "Bolonya" və "Milan" futbolçunun transferini həyata keçirmək istəyirdilər. Lakin "Parma" Buffonun transferi məsələsində daha çevik tərpəndi. Belə ki, "Parma" 15 milyon lirəyə Buffonun transferini həyata keçirdi. "Parma" Buffonu gələcəyin istedadlı hücumameyilli yarımmüdafiəçisi olacağı məqsədi ilə transfer etmişdi. Lakin Buffonun "Parma"da gözlənilmədən taleyini dəyişdirən və onu gələcəkdə dünya futbolunun ulduzuna çevrirəcək hadisə baş verdi. 1992-ci ildə 14 yaşında ikən Buffon "Parma"nın gənclərdən ibarət komandasının qapısını qorumalı oldu. Buna səbəb isə həmin dövrdə "Parma"nın gənclərdən ibarət komandasının hər iki qapıçısının zədələnərək sıradan çıxması oldu. Belə bir vəziyyətdə Buffona müvəqqəti olaraq qapını qorumağı tapşırdılar. İlk dəqiqələrdən həyəcanlı olsa da, Bufffon tədricən özünü ələ almağa, çoxlarına təəccüblü gələn qapıçlılıq məharəti nümayiş etdirməyə başladı. "Parma"nın gənclərdən ibarət komandasının məşqçiləri məəttəl qalmışdılar. Onlar Buffondan bu qədər qapıda etibarlı oyun nümayiş etdirmək istedadı göstərəcəyini gözləmirdilər. "Parma"nın əsas qapıçıları zədələrini tam sağaldana kimi təxminən iki həftə ərzində Buffon qapını qorudu. Qapıçılar zədələrini sağaldaraq geriyə dönəndən sonra müəmma ortaya çıxdı. Buffonu yenidən yarımmüdafiəyə qaytarmaq və ondan hücumameyilli yarımmüdafiəçi kimi istifadə etmək, yoxsa qapını qorumağı tapşırmaq? Bununla bağlı "Parma"rəhbərləri ilə məşqçilər arasında fikir ayrılıqları ortaya çıxdı. Klub rəhbərliyi Buffonu hücumameyilli yarımmüdafiəçi kimi transfer etmişdilər və onun gələcəkdə orta xətdə dünyanın nə yaxşı yarımmüdafiəçisi olacağına əmin idilər. Lakin indi vəziyyət dəyişmişdi. Komandanın qapıçılar üzrə məşqçiləri Buffonun qapıda əla reaksiya göstərdiyini və onun dünyanın ən yaxşı qapıçısı olacağını söyləyərək bu qızğıntəbiətli gəncin qapıçı olmasında israrlı idilər. Sonda belə qərara alındı ki, Buffon bir müddət də klubun gənclərdən ibarət komandasının qapısında dayansın, əgər yenə də əvvəlki kimi özünü yaxşı qapıçı kimi göstərməkdə davam etsə, onda ondan yalnız qapıçı mövqeyində istifadə edilsin. Əks halda Buffon yenidən hücumameyilli yarımmüdafiəçi mövqeyinə qaytarılsın. "Parma" rəhbərliyi belə bir qərar qəbul edərkən Buffonun qapıçılıq məharətinin təsadüfi bir hal olacağına və onun uzun müddət qapıda yaxşı oyun nümayiş etdirməyəcəyinə əmin idi. Buffon özü də onda hələ yaxşı qapıçı olacağına inanmır, orta sahədə yarımmüdafiəçi kimi oynamaq istəyirdi. Buna baxmayaraq, o, klub rəhbərliyinin qərarına əməl edərək bir müddət yenidən qapıda dayanmaq qərarına gəldi.Amma hadisələrin gedişi göstərdi ki, onun təsadüfən qapıda dayanması və bu zaman çoxlarının belə gözləmədiyi əla qapıçlıq reaksiyası göstərməsi heç də təsadüfi deyilmiş.

"Parma"nın ulduz qapıçısına çevrilir

Buffonun əla qapıçllıq məharəti göstərməsi klub rəhbərliyinin və "Parma"nın əsas məşqçilərinin o qədər xoşuna gəlmişdi ki, ona əsas komandanın qapısını qorumağı həvalə etmək qərarına gəldilər. 1995-ci il noyabr ayının 19-da 18 yaşında ikən Buffon "Parma"nın heyətində A seriyası çərçivəsində ilk oyununa çıxdı. Cici ilk debüt oyununda qapısının toxunulmazlığını qoruyub saxlaya bildi. Bununla da Buffon qısa müddətdə "Parma"nın əsas heyətinin əvəzedilməz qapıçısına çevrildi.

Sonralar məşhur qapıçı olandan sonra Buffon onun həyatında yeni səhifə açan o günlər haqqında belə demişdi: "Ömrümdə qapıda dayanmaq, qapıçı olmaq ağlımdan belə keçməmişdi. Mən hücumameyilli müdafiəçi olmaq və bu sahədə parlamaq istəyirdim. Amma gözlənilməz bir hadisə "Parma"nın gənclərdən ibarət komandasının iki qapıçısının birdən-birə zədələnməsi həyatımın dəyişməsinə yol açdı. O vaxt zədələnən qapıçıları əvəz edərkən qapıçı olmağmı ağlıma belə gətirmirdim. Amma bu xoş təsadüf mənim həyatımı sözün əsl mənasında dəyişdirdi və mən dünyanın ən məşhur qapıçılarından birinə çevrildim. Həyatımda baş verən belə bir xoş təsadüfə görə taleyimə və Allahıma minnətdaram".

Əziz Mustafa