çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur futbol qapıçıları: Canluici Buffon (2)

23.08.2016 10:29 Oxundu 2591

Buffonun qapıçlıq istedadı və ağlasığmaz qol vəziyyətlərində qapısını qoldan xilas etməsi İtaliyanın əsas yığmasının məşqçilərinin də diqqətini cəlb etdi. 1997-ci ildə Buffon İtaliya yığma komandasının heyətində ilk oyununa çıxdı. Buffonun qapısının toxunulmazlığını təmin etməsi nəticəsində "Parma" 1999-cu ildə UEFA kubokunun və superkubokun qalibi oldu.

Həmin dövrdə artıq o, dünyanın ən məşhur qapıçılarından biri kimi şöhrət tapmağa başlamışdı. Onun adı dünyanın məşhur futbol nəşrlərinin birinci səhifəsini bəzəyir, haqqında çoxlu sayda tərif dolu sözlər yazılırdı. Buffonu ən çox dünyanın məşhur qapıçılarından biri hesab edilən Lev Yaşinlə müqayisə edirdilər. Buffon isə bütün bu təriflərə olduqca adi şəkildə, təvözakarcasına yanaşır, çox vaxt özü haqqında yazılanları oxumamağa çalışırdı. Bunun səbəbini ondan soruşanda isə Canluici Buffon özü haqqında şişirdilmiş, tərifli sözlərdən xoşlanmadığını, tərifli sözlərin özündə arxayınçılıq gətirəcəyindən ehtiyat etdiyini söyləyirdi. Əslində Buffon haqlı idi və əksər hallarda həqiqətən də çox futbolçular mətbuatın tərifli sözlərinin qurbanı olaraq arxayınlaşmış, ulduz xəstəliyinə düçar olmuş və nəticədə ortabab futbolçulardan birinə çevrilmişdilər. Buffon bunu yaxşı bilirdi və ona görə də ulduz xəstəliyinə düçar olmamaq üçün özü haqqında mətbuatda yazılan tərifli sözləri oxumaq istəmir, hətta üzbəüz ünvanına tərifli sözlər deyiləndə buna etiraz edirdi. Buffonun böyüklüyü sadəliyində idi və bu da onun dünyanın məşhur futbol qapıçılarından birinə çevrilməsində önəmli rol oynadı.

"Parma"dan "Yuventus"a

Buffonun istedadlı qapıçı olduğunu hər oyunda nümayiş etdirməsi və məhz onun qapıda etibarlı dayanmasının "Parma"ya 1999-cu ildə avrokuboku qazanmağa imkan verməsi dünyanın aparıcı futbol klublarını onun transferini həyata keçirməsi üçün hərəkətə keçməyə məcbur etmişdi. Onların arasında İspaniyanın "Barselona" və "Real" (Madrid), İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi", həmçinin İtaliyanın "Yuventus" kimi məşhur futbol klubları vardı. O dövrdə adı çəkilən futbol klublarının demək olar hamısı Buffonun transferi üçün o dövr üçün rekord hesab ediləcək məbləğ ödəməyə hazır olduqlarını bildirirdilər. Buffon özü də "Barselona" və ya "Real"ın (Madrid) təklifini qəbul etməyə könlü vardı. O da dünyanın əksər ulduz futbolçuları kimi "Real" və ya "Barselona"da oynamağı karyerasının zirvəsi, özünün futbol istedadının dünyaya sübutu etməsi kimi qəbul edirdi. Lakin İtaliya yığma komandasının məşqçiləri və İtaliya Futbol Federasiyası Buffonun xaricdə oynamasının onun oyununa mənfi təsir göstərəcəyindən

ehtiyat edirdilər. Onlar Buffona İtaliyanı tərk etməməyi, doğma ölkədə qalmağı məsləhət görürdülər. Belə bir vəziyyətdə Buffon İtaliya Futbol Federasiyası rəhbərliyinin və İtaliya yığma komandasının məşqçilərinin tövsiyəsi və təklifi ilə "Yuventus" komandasının transfer barədə təklifini qəbul etməyi daha məqsədəyğun hesab elədi. Öz növbəsində "Parma" da qapıda inamlı oyunu ilə ona avrokuboklarda və super kubok oyununda qalibiyyət bəxş edən məşhur qapıçını ucuz qiymətə satmaq istəmirdi. Çünki Buffonun transferi üçün "Parma"ya daha yüksək transfer qiyməti təklif edən klublar vardı. Belə bir vəziyyətdə "Yuventus" klubu rəhbərliyi Buffonun transferi üçün "Parma"ya 75 milyard İtaliya lirəsi ödəməyə, həmçinin özünün ən yaxşı oyunçularından biri hesab edilən Conatan Bakinini verməyə hazır olduğunu bildirdi. Həmin dövrdə Bakininin transfer qiyməti ən azından 30 mlyard lirə hesab edilirdi. "Parma"nın belə bir əlverişli təklifi qəbul etməkdən başqa çarəsi qalmadı. Buffonun transferini reallaşdırmaq üçün "Yuventus" klubunun prezidenti Umberto Anyelli şəxsən özü danışıqlar masası arxasında oturmuşdu. Nəticədə tərəflər arasında əldə edilən razılığa əsasən Buffon 2001-ci ildə 75 milyon İtaliya lirəsinə "Yuventus" komandasına transfer edildi. "Yuventus" Buffonun əvəzinə həmçinin qeyd etdiyimiz kimi o dövrdə 30 milyon lirə qiyməti olan futbolçu Conatan Bakini verdi. Bu, "Yuventus" futbol klubunun tarixində ən bahalı transferlərdən biri oldu. "Yuventus" Buffonla bərabər məşhur fransız müdafiəçi Lilian Türamın da transferini həyata keçirdi. Bundan məqsəd komandanın müdafiə xəttini daha da gücləndirmək idi.

İnamsız oyun və çətin adaptasiya

Cici "Yuventus"un heyətində ilk iki oyunda olduqca inamsız təsir bağışladı. Xüsusi ilə "Yuventus" üçün olduqca önəm daşıyan "Kyevo" və "Roma" ilə oyunlarda Buffonun qapıda inamsız oyun nümayiş etdirməsi və özünə heç cür bənzəməməsi Turin komandasının xal itirməsinə gətirib çıxardı. "Roma" və "Kyevo" ilə oyunlarda adi vəziyyətlərdə səhv etməsi və qapısından, belə demək mümkünsə, adi qapıçıların belə tuta bilməsi hesab edilən qollar buraxması isə o dövrdə çoxlarını təəccübləndirmiş, klub rəhbərliyini belə təşvişə salmışdı. Sonralar Buffon "Yuventus"un heyətində çıxdığı ilk oyunlarda buraxdığı adi səhvlər barəsində belə demişdi: "Mən "Yuventus" kimi məşhur bir futbol klubuna transfer edildikdən sonra bir müddət nə üçünsə yeni şəraitə uyğunlaşa bilmədim. O vaxt çox həyəcanlı idim və qapıda dayanarkən heç cür özümü ələ ala bilmirdim. Bilirsiniz buna səbəb "Parma"da tamam başqa bir atmosferdə oynamağım idi. "Parma"da azarkeşlər məni sevirdi, onlara, oyun keçirilən stadiona da yaxşı alışmışdım. "Yuventus"da isə mühit fərqli idi və burada azarkeşlər də, oynadığım stadionda mənə yad təsir bağışlayırdı. Üstəlik, Yuventusa da hər oyununda diqqət mərkəzində idim və adi səhvim belə dərhal mətbuatda və azarkeşlər arasında ciddi müzakirə obyektinə çevrilirdi. Hər oyunda özümə qarşı böyük diqqətin olduğunu görür və istər-istəməz meydana çıxanda həyəcanlanırdım ki, birdən hansısa səhv edərəm və bu komandama baha başa gələr, azarkeşlərdə buna görə məni fitə basardılar. Ona görə də bir müddət yeni şəraitə uyğunlaşmaq üçün əzablı və çətin günlər yaşamalı oldum. Amma çətinliklə də olsa "Yuventus"un oyun tərzinə, azarkeşlərinə uyğunlaşa bildim".

Yenə də qeyd edək ki, "Yuventus" da ilk oyunlarda qapıda inamlı dayanmaması və adi vəziyyətlərdə səhvlər etməsi nəticəsində o çoxmilyonlu İtaliya azarkeşlərinin qəzəbinə tuş gəlmişdi. Mətbuatda da onu tənqid etməyə, haqqında xoşagəlməz fikirlər söyləməyə başlamışdılar. Dünən onu məşhur qapıçı kimi tərifləyərək göylərə qaldıranlar indi az qala onu qapıda durmağa layiq olmayan qapıçı adlandırmaqdan çəkinmir, onun "Yuventus"a transferini klubun tarixində ən uğursuz transfer kimi qələmə verməyə cəhd edirdilər. Amma xoşbəxtlikdən Buffon bir vaxtlar onu tərifləyəndə bunun əleyhinə çıxdığı kimi, indi də əleyhinə yazanların yazılarını oxumaqdan imtina edir, bu barədə danışmaq belə istəmirdi. Buffon həmin dövrdə var gücü ilə yeni komandasına, yeni mühitə uyğunlaşmaq istəyirdi. Bunun üçün o, məşqlərə hamıdan tez gəlir, hamıdan da gec gedir, üzərində inamla işləyirdi. Bu isə ona tezliklə komandaya uyğunlaşmağa, oyunçularla, xüsusi ilə müdafiə xəttində çıxış edən futbolçularla dil tapmağa imkan verdi.

Əziz Mustafa