1538
Buffon ilk oyunlarda qapıda arzu edilən səviyyədə dayana bilməsə də sonrakı oyunlarda tədricən özünə gəlməyə və qapıda inamlı oyun nümayiş etdirməyə başladı. "Yuventus"a transfer olduğu ilk ildə Canluici Buffon bu komanda ilə birlikdə İtaliya çempionu oldu. "Yuventus" yalnız son oyunda bütün mövsüm ərzində liderlik edən "İnter"ə xal hesabı ilə çata və onu birinci yerdən sıxışdıraraq çempion olmağı bacardı. 2002-2003-cü il mövsümünü də Buffon "Yuventus"un heyətində olduqca uğurlu keçirdi. O bu dəfə də Turin komandası ilə birlikdə İtaliya çempionu oldu, İtaliya super kubokunu qazandı. Həmin mövsümdə "Yuventus" Çempionlar kubokunda finala kimi gedib çıxa bildi, ancaq həlledici oyunda digər İtaliya təmsilçisi "Milan"a məğlub oldu. Buna baxmayaraq Buffon 2002-2003-cü il Çempionlar liqasının ən yaxşı oyunçusu elan edildi. 2003-cü ildə Buffon "Yuventus"un heyətində 3-cü dəfə İtaliya superkubokunun qalibi oldu. Ancaq "Yuventus" ölkə çempionatında o qədər də yaxiı çıxış edə bilməyərək 3-cü yeri tutdu. "Yuventus" həmin mövsümdə Çempiponlar liqasında da uğursuz çıxış etdi. Belə ki, Turin komandası vaxtından əvvəl mübarizəni dayandırmalı oldu. 2004-cü ildə "Yuventus"da baş məşqçi dəyişikliyi baş verdi. Tanınmış məşqçi Fabio Kapello "Yuventus"un baş məşqçisi təyin edildi. Kapellonun rəhbərliyi altında 2004-2005-ci illər mövsümündə "Yuventus" yenidən İtaliya çempionu oldu. Ancaq 2006-cı ildə oyun alqı-satqısı ilə bağlı əmələ gələn qalmaqal nəticəsində bu çempionluq "Yuventus"un əlindən alındı.
2005-ci il avqust ayının 14-də "Milan"la oyunda Buffon ciddi zədə aldı. Nəticədə onun çiyini çıxdı və 3 ay yaşıl meydanlara qayıda bilmədi. Noyabrın sonunda Buffon İtaliya kuboku uğrunda " Fiorentina" ilə keçirilən görüşdə meydana çıxdı. Ancaq sonrakı oyunlarda Kapello Buffonu ehtiyatda saxlayaraq "Milan"dan icarəyə götürülmüş qapıçı Kristian Abbyatini əsas heyətdə oynatdı. Bununla belə 2006-cı il yanvar ayının sonunda yenidən əsas heyətdə çıxış etməyə başladı. 2005-2006-cı il mövsümündə də "Yuventus" Kapellonun rəhbərliyi altında ölkə çempionu oldu. Ancaq yenə də alınıb satılmış oyunlar qalmaqalı ilə bağlı "Yuventus" çempion titulundan məhrum edildi. Buna baxmaayraq Buffonun oyunu həm İtaliya, həm də dünya mətbuatında məşhur futbol mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilirdi. Belə ki, məşhur əfsanəvi qapıçı Dino Dzoff Buffonun oynuna heyran olduğunu gizlədə bilməyərək mətbuata verdiyi açıqlamasında belə demişdi: "Buffon qapıçıya lazım olan bütün yüksək keyfiyyətlərə malikdir. O, qapıda əla reaksiya göstərir və topun vurulduğu istiqaməti asanlıqla müəyyən edir. O, əla sıçrayışa malikdir, topa zərbə enidirilən an ona dərhal reaksiya verən və ən çətin, qolla nəticələnməsi şübhə doğurmayan topları belə möcüzəli şəkildə tuta və komandasını qoldan xilas edə bilir. Mən qapıçıyam və qapıda əla reaksiya göstərməyin vaxtında və düzgün qərar qəbul etmənin ən olduğunu çox yaxşı bilirəm. Top qapıya vurulan anda qapçının beyninin ildırım sürəti işləməsi və ona bir andaca qərar qəbul edərək reaksiya verməsi həqiqətən də ağlasığmazdır. Buffon belə qapıçılardandır və onun beyni qapıda dayanarkən, mən deyərdim ki, işıq sürəti ilə işləyir və bir andaca düzgün qərar qəbul etməyi bacarır. O, İtaliya yığma komandasının qapısında dayananda mən əmin oluram ki, biz ən azından məğlub olmayacağıq".
Zədələr ara vermir
2006-cı ildə baş verən alınıb satılmış oyunlarla bağlı məhkəmə araşdırmasından sonra "Yuventus"un günahı sübuta yetirildi və nəticədə Turin klubu 2004-2005 və 2005-2006-cı illər də əldə etdiyi çempion titulundan məhrum edildi. "Yuventus" komandası bundan əlavə daha bir cəzaya məruz qaldı. Onu B seriyasında oynamağa göndərdilər. Həmin vaxt "Yuventus"un heytəində olan bəzi məşhur futbolçular Turin komandasını tərk etdilər. Həmin vaxt Buffonun transferi üçün "Milan" və "İnter" danışıqlara başladılar. Lakin Buffon olduqca çətin qərar qəbul etməli oldu. O bütün hallarda ona artıq doğma olan bu komandaya inanır və ondan ayrılmaq istəmirdi. Ona görə də ən əlverişli transfer təkliflərini rədd edərək "Yuventus"da qalmağa üstünlük verdi. B liqasında oynayarkən Buffon gözlənilməz bir hadisə ilə üzləşdi. O, karyerası ərzində ilk dəfə meydandan qovuldu. Bu hadisə 2006-cı il noyabr ayının 18-də "Albinoleffo" komandası ilə oyunda baş verdi. Həmin vaxt hakim Buffonu meydanda qovmaya və ona sarı kart göstərə də bilərdi. Ancaq "Yuventus"un adının oyun alqı-satqısında hallandırılmasından sonra hakimlər özləri barədə şübhə oyatmaqdan qorxaraq Turin komandasına qarşı amansız olurdular.
Buffon 2006-2007-ci illər mövsümündə əla oyununa görə dünyanın ən yaxşı qapıçısı elan edildi. "Yuventus" yenidən güclülər dəstəsinə qayıdandan sonra Buffon Turin komandası ilə imzaladığı anlaşmanın müddətini 2012-ci ilə kimi uzatdı. O, "Yuventus"la yenidən İtaliyanın ən yüksək titullarını qazanmaq, ölkə çempionu olmaq, Çempionlar liqasında qalib gəlmək arzusunda idi. 2007-2008-ci il mövsümündə Buffon yenidən qarın boşlığı çırığı ilə zədələndi və bir müddət meydana çıxa bilmədi. 2008-2009-cu il mövsümündə Buffon tez-tez zədə almağa başladı. Oyunların birində Buffonun qabırğası qırıldı və o yenidən ciddi şəkildə zədələndi. Nəticədə yenə də yaşıl meydanlardan uzaq qalmalı oldu. Belə bir vaxtda İngiltərənin "Mançester Siti" komandası Buffonun transferi üçün hərəkətə keçdi. İngiltərə kulubu məşhur qapıçının transferi üçün 75 milyon avrodan keçməyə hazır idi. Buffona isə ildə 15 milyon avro və 5 illik müqavilə təklif edildi. Ancaq "Yuventus" rəhbərliyi "Mançester Siti"nin olduqca əlverişli təklifini rədd etdi. 2009-cu ilin yanvar ayının 6-da Buffon "Monako" ilə keçirilən yoldaşlıq oyununda yenidən "Yuventus"un əsas heyətində meydana çıxdı. Amma zədələr məşhur qapıçını sakit buraxmaq istəmirdi. Belə ki, 2009-cu ilin dekabr ayının 13-də Buffon sol dizindən zədə alaraq əməliyyat oundu. Sağalandan sonra Buffon cəmi 7 oyunda meydana çıxa bildi. Bundan sonra yenidən qabırğasından zədə alaraq sıradan çıxdı.
2010-cu ilin may ayında 32 yaşlı qapıçının "Yuventus"u tərk edəcəyi barədə məlumatlar yayıldı. Buna səbəb kimi isə komandanın heyətinin gəncləşdirilməsi göstərildi. Həmin mövsümdə Buffon yenidən zədələnərək bir müdddət oynaya bilmədi. Uzun müddət müalicə olunduqdan sonra Buffon 2011-ci il yanvar ayının 13-də yenidən əsas heyətdə oynamağa başladı. 2012-ci il oktyabr ayının 28-də Buffon "Yuventus"un heyətində özünün 500-cü oyununu keçirdi. 2013-cü ildə Buffon "Yuventus"la anlaşmasını 2015-ci ilə kimi uzatdı. Buffon bu zaman əməkhaqqının yarıbayarı azaldılması kimi olduqca ciddi bir güzəştə getdi.
İtaliya yığmasında
Buffon 15 yaşından başlayaraq İtaliyanın yeniyetmələrdən və gənclərdən ibarət yığma komandasının qapısını qorumağa başlayıb. 1995-ci ildə Buffon İtaliyanın 20 yaşlılardan ibarət yığma komandasının heyətində Avropa çempionatının finalına çıxdı. 1996-cı ildə isə 21 yaşlılardan ibarət İtaliya yığmasının heyətində Buffon Avropa çempionu titulunu qazandı.
Buffon İtaliyanın əsas yığmasının heyətində ilk oyununa 1997-ci ildə dünya çempionatına vəsiqə uğrunda Rusiya ilə keçirilən oyunda çıxdı. 1:1 hesabı ilə başa çatan oyunda Buffonun qapısına qolu komanda yoldaşı Fabio Kannavaro vurdu. Romada keçirilən cavab oyununda isə Rusiya komandasına 1:0 hesabı ilə qalib gələn İtaliyanın yığma komandası dünya çempionatının finalına vəsiqə qazandı.
Əziz Mustafa