çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik"

24.08.2016 22:35 Oxundu 1604

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Maribor”u tam təhlil etdikdən sonra Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadır. Belə ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq. Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdi ki, sabah meydanda maraqlı futbol izləniləcək. Son turda oynamamağımızı üstünlük saymıram. Çünki “Maribor”da demək olar ikinci heyətlə meydana çıxıb. Bəzi futbolçular isə 45 dəqiqə oynayıblar. Rəqib üçün bunu problem saymıram. Gördüyümüz hər işin, nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm. Sabahkı oyuna və hazırlığına yanaşmamızın düzgünlüyünə də inanıram. Bu üzdən də güclü qalib gəlsin. Meydanı görmədiyimdən onun durumu haqda heç nə deyə bilmərəm. Əgər ot örtüyü yaxşı deyilsə, hər iki komanda eyni durumda olacaq. Çünki “Maribor” kimi kombinasiyalı futbol oynayan komandaya da yaxşı meydan lazımdır. Oyun zamanı müşahidə olunacaq hava şəraiti də hər iki tərəf üçün eyni olacaq. Rəşad Sadiqovun oynayıb-oynamayacağını özü ilə müzakirə edib, qərar qəbul edəcəyik. Rəqibimizin cari mövsümdə çempionatda qalib gəlməməsinin sabahkı görüşə təsiri yoxdur. Bu matç hər iki klub üçün çox vacibdir. “Maribor”un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq”.

"Qrupa düşmək üçün bizdən asılı olan hər şeyi edəcəyik"

“Qəbələ” ilə qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Artıq matçın başlama saatını gözləyirik ki, meydana çıxıb, cütün taleyini xeyrimizə həll edək”. Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransı keçirən Sloveniyanın “Maribor” klubunun baş məşqçisi Darko Milaniç” “Qəbələ” ilə sabah baş tutacaq görüş haqda iddialı danışıb.

O bildirib ki, yetirmələri meydana qrup mərhələsinə vəsiqə istəyi ilə çıxacaq: “Bütün gücümüzü nümayiş etdirmək üçün aqressiv oyuna üstünlük verəcəyik. Qrupa düşmək üçün bizdən asılı olan hər şeyi edəcəyik. Biz öz oyun üslubu olan azsaylı komandalardan biriyik. Amma Bakıdakı görüşdə buraxdığımız səhvlər xoş olmayan nəticəyə səbəb oldu. Lakin bundan nəticə çıxarmaq üçün bir həftə vaxtımız olub. Artıq sakit və təmkinliyik. Komandamın meydanda göstərə biləcəyi oyun keyfiyyətlərinə şübhəm də yoxdu. Son görüşlərdəki uğursuzluqlar ab-havaya təsir etməyib. İnanıram ki, biz uğur qazanacağıq, buna şübhəm yoxdu”.

Milaniç Bakıdakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün riskli deyil, ağıllı futbola üstünlük verəcəklərini qeyd edib: “Ağıl və enerji ilə oynayacağıq. Gözləmə mövqeyi tutmayaraq, qələbə üçün mübarizə aparacağıq. Amma eyni zamanda, rəqibə imkanlar yaradacaq qədər riskə yol verməyəcəyik. Zəngin avrokubok təcrübəmiz bu qarşılaşmada işimizə yaraya bilər. Evdə oynayırıq, üstəlik, rəqibi də yaxşı tanıyırıq. Biz yaxşı oynayanda, lazım olan nəticəni əldə edirik. Bu dəfə də yüksək templə çıxış edəcəyik”.

Qeyd edək ki, sabah keçiriləcək “Maribor” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.