1852
Buffon dünya çempionatına 3-cü qapıçı kimi yollanmışdı. Ancaq ikinci qapıçı Ancelo Peruttsi zədələndiyindən Buffon onun yerinə qapıda dayanmalı oldu. Onun qapıda əla reaksiya göstərməsi və qolla nəticələnəcəyi heç bir şübhə doğurmayan topları tutması ölkənin əas yığma komandasının da qapılarının üzünə açılması demək oldu. Həmin dövrə Buffon İtaliya yığma komandasının əsas qapıçısı kimi Avropa çempionatında oynamalı idi. Lakin əlindən zədə alması Buffona əas qapıçı kimi çempionatda iştirak etməyə imkan vermədi. Buffonun olmadığı həmin çempionatda İtaliya yığması ikinci yeri tutdu. 2002-ci ildə Buffon İtaliya yığma komandasının tərkibində dünya çempionatında iştirak etdi. O bu çempionatda qapısından 5 top buraxdı. 2004-cü ildə isə nəhayət ki, Avropa çempionatında iştirak edən Buffon öz qapısından cəmi 3 top buraxaraq Avropanın ən yaxşı qapıçısı adını aldı. 2006-cı ildə keçirilən dünya çempionatında Buffon yalnız 2 top buraxdı. Onlardan birini Buffonun qapısına komanda yoldaşı Kristian Dzakkardo vurdu. Digər qolu isə Buffonun qapısından 11 metrlik cərimə zərbəsindən Zinədddin Zidan keçirdi. Buna kimi Buffon İtaliya yığma komandasının tarixində 418 dəqiqə öz qapısından qol buraxmamışdı. O, bu nəticə ilə ölkənin əfsanəvi qapıçısı Valter Dzenqadan sonra ikinci oldu. Xatırladaq ki, Valter Dzenqa İtaliya yığmasının qapısında dayanarkən 518 dəqiqə qapısının toxunulmazlığını qoruyub saxlaya bilmişdi.
Dünyanın ən yaxşı qapıçısı Lev Yaşin mükafatı
2006-cı il iyul ayının 9-da Buffon İtaliya yığması ilə birlikdə dünya çempionu olmağın sevincini yaşadı. Dünya çempionatı başa çatandan sonra Buffon dünyanın ən yaxşı qapıçısı adına və Lev Yaşin mükafatına layiq görüldü. 2006-cı il dünya çempionatında Buffon 7 oyun keçirdi və 690 dəqiqə ərzində qapısını qorudu. O, 7 oyunda qeyd etdiyimiz kimi cəmi 2 top buraxdı ki, onlardan da birini qoruduğu qapıya komanda yoldaşı, digərini isə 11 metrlik cərimə zərbəsi ilə Zinəddin Zidan vurdu. Çempionat ərzində Buffon 27 dəfə 100 faizli qol vəziyyətindən komandasını xilas edərək qapısının toxunulmazlığını saxlaya bildi. Məhz Buffonun qapısının toxunulmazlığını qoruyub saxlaya bilməsi nəticəsində İtaliya yığması dünya çempionatının qalibi ola bildi. Buffonun İtaliya yığmasının dünya çempionu olmasında böyük rol oynamasını həmin dönəmdə komandanın baş məşqçisi olan dünya şöhrətli futbol mütəxəssisi Marçelo Lippi də etiraf etmişdi. Marçelo Lippi bununla bağlı mətbuata verdiyi açıqlamasından birində: "Buffon qapıda dayananda mən bilirəm ki, qələbə İtaliya yığmasınındır. Buffon dünyanın ən məşhur qapıçılarındandır. Mən 10 ildir ki, (Lippi 2006-cı ildə deyib bunu) Cicinin oyununu izləyirəm. Onun səhv etdiyini çox çətinliklə xatırlayıram. Əlbəttə, o, robot deyil və canlı insandır. Bu baxımdan Buffon da səhv edir, səhv etməsəydi, onda ona adi insan demək çətin olardı. Amma Buffon qapıda dayananda digər qapıçılardan çox az, təsadüfi hallarda səhv buraxır. Əgər bir dünya çempionatında Buffon 27 dəfə 100 faizli qol vəziyətindən qapısını xlas edibsə, onda ona qəhrəman adını verməmək, onun qapıçılıq məharətinə heyran olmamaq, qarşısında baş əyməmək mümkün deyil. Yaxşı qapıçı komandanın yarısı deməkdir deyirlər, adətən. Mənsə deyərdim ki, Buffon dünya çempionatında komandamızın yarısı deyil, 75-80 faizi oldu. Mən dünya çempionatında qazandığımız qələbəyə görə Buffona çox minnətdaram", - demişdi.
Qeyd etdiyimiz kimi həmin dövrdə İtaliya yığma komandasını dünya çempionatına məşhur məşqçi Marçelo Lippi hazırlamışdı. Lippi isə qapını Canluici Buffona tapşıranda nə etdiyini yaxşı bilirdi. O həmişə qeyd edirdi ki, Buffon olmasaydı, qapını kimə tapşırmağı bilməz, bunda çətinlik çəkərdi. Hər halda dünya çempionatında qazanılan qələbədə Buffonun xidmətlərinin olduğu şübhəsizdir. Təbii ki, Buffon barədə baş məşqçinin dediklərini təsadüfi hesab etmək olmaz. Buffonun yaxşı qapıçı olduğunu həmin dövrdə məşhur futbol mütəxəssislərinin hamısı vurğulayırdılar. Bu baxımdan İtaliyanın 2006-cı ildə dünya çempionatının qalibi olmasında həqiqətən də Buffonun xidmətləri danılmazdır.
Buffonun özü isə İtaliya yığması dünya çempionu olmasından sonra göz yaşlarını saxlaya bilməmişdi. O: "Mənim həyatımda bundan böyük sevincli günüm ola bilməz. Dünya çempionu olmaq hər futbolçuya nəsib olmur. Çox məşhur futbolçular var, onlar dünyanın ən yaxşı futbolçusu adına layiq görülüblər, ancaq dünya çempionu ola bilməyiblər. Mən xoşbəxtəm ki, dünyanın ən yaxşı qapıçısı olduğum kimi, həm də dünya çemponu ola bildim. Məni bəzən İtaliya yığmasının 60-70, hətta 80 faizi hesab edirlər. Amma mən bunun əleyhinəyəm. Futbol kollektiv oyundur, qələbədə də, məğlubiyyətdə də hamının payı var. Mənim işim mümkün qədər az qol buraxmaq və ya buraxmamaqdır. Əgər bu vəzifənin öhdəsindən gələ bilirəmsə deməli, onda dünyanın ən xoşbəxt insanlarından biriyəm", - demişdi.
İtaliya yığmasının kapitanı
2008-ci ildə keçirilən Avropa çempionatında Buffon 4 oyunda meydana çıxdı. Kannavoronun zədələnməsindən sonra kapitan sarğısını Buffona etibar etdilər. Amma dünya çempionatında göstərdiyi oyunlardan fərqli olraq Buffon Avropa çempionatında keçirdiyi 4 oyunda qapısından 4 top buraxdı. Amma o bu çempionatda da öz ustalığını nümayiş etdirə bildi. Belə ki, İtaliya yığmasının Rumıniya ilə keçirdiyi oyunda Buffon Adrian Mutu tərəfindən vurlan 11 metrlik zərbəni tuta və komandasını məğlubiyyətdən xilas edə bildi. İspaniya yığma komandası ilə keçirilən dörddəbir final oyununda isə Buffon qapısının toxunulmazlığını qoruyub saxlaya bildi. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda Buffon Daniel Quis tərəfindən vurulan 11 metrlik zərbəni tuta bildi. Amma o, komandasının məğlub olmasının qabağını ala bilmədi... 2009-cu ildə keçirilən Konfederasiya kubokunda isə Buffon 3 oyunda meydana çıxdı və qapısından 5 top buraxdı. Konfderasiya kuboku uğrunda yarışlarda İtaliya yığması keçirdiyi 3 görüşdən 2-də məğlub olaraq mübarizəni dayandırdı. Yenə də komandanın mübarizəsini dayandırmasında Buffonun günahının olduğunu söyləmək çətindir. Çünki adətən hücum xətti işinin öhdəsindən gələ bilməyəndə ağırlıq müdafiənin üstünə düşür. Müdafiə xəttinin isə qarşı tərəfin daimi təzyqilərinə uzun müddət davam gətirə bilməcəyi heç kimə sirr deyil...
2010-cu ildə Cənubi Afrika Respublkasında keçirilən futbol üzrə dünya çempionatında Buffon bir oyunda meydana çıxdı. O, Paraqvayala keçirilən ilk oyundaca ağır zədə alaraq yarışlarda iştirakını dayandırmağa məcbur oldu. Bununla da Buffon İtaliyanın futbol yığması tarixində ilk oyunda zədələnərək həmin dünya çempionatında komandasının əsas heyətində oynaya bilməyən qapıçı oldu. 2012-ci ildə keçirilən Avropa çemponatında da Buffon komandasının kapitanı idi. İtaliya yığma komandası Avropa çempionatının finalına kimi gedib çıxa bildi. Buffon 2012-ci il Avropa çempionatı çərçivəsində 6 oyunda meydana çıxdı və qapısından 7 top burxdı. İngiltərə ilə keçirilən dörddəbir final oyununda Buffon oyunun əsas və əlavə vaxtında qapısından top buraxmadı. Qalibi müəyyən etmək üçün vurulan 11 metrlik zərbələr seriyası zamanı Buffon Eşli Koul tərəfindən vurulan 11 metrlik zərbəni qaytara bildi. İspaniya ilə oynanılan final oyununda isə Buffonun qapısına 4 top vuruldu. Lakin buraxılmış qollardan heç birində Buffonun günahı yox idi.
Əziz Mustafa