1304
Avqustun 25-də UEFA Avropa Liqasında pley-off mərhələsinin növbəti matçları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da turnirdə qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Təmsilçimiz səfərdə minimal hesabla (0:1) məğlub olduğu “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi, bu dəfə də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” doğma azarkeşlərə qələbə sevinci yaşatmaq istəyir. Təmsilçimizi yalnız iki top fərqi ilə qalibiyyət əsas mərhələyə yüksəldəcək.
“Qarabağ” qələbə qazanarsa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətini rəsmiləşdirə bilər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Höteborq” oyunu saat 20:30-da başlayacaq.
Bu gün “Qəbələ” klubu da qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq. İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “Qəbələ” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Azərbaycan çempionatının bürünc medalçısının ilk oyundan sonra şansları yüksək qiymətləndirilir.
Hücum futbolu ilə diqqət çəkən “Qəbələ” cari mövsüm keçirdiyi bütün Avrokubok matçlarının səfər görüşlərində rəqib qapısına yol tapmağı bacarıb.
Bundan başqa, “Qəbələ” klub tarixində yeni səhifə açmağa da çox yaxındır. Belə ki, təmsilçimiz üstünlüyünü qorusa, ardıcıl iki dəfə dörd mərhələ adlamaqla tarixə düşəcək.