çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

Pirlo “İmperator”u bəyənməyib

22.06.2016 11:04 Oxundu 336

İtaliya milli komandasının sabiq üzvü Andrea Pirlo Türkiyə millisinin baş məşqçisi Fatih Terim haqqında maraqlı fikirlər səsləndirib. Təcrübəli futbolçu yazdığı kitabda 2001-2002-ci illərdə “Milan”ın baş məşqçisi olmuş Fatih Terim barədə düşüncələrini qeyd edib: “Berluskoni ilə Ançelotti arasında qarşılıqlı sevgiyə söykənən olduqca sağlam bir münasibət vardı. Lakin bunu “Milan”ı çalışdıran hər kəsə aid edə bilmərəm. Məsələn, Fatih Terim olduqca diqqətçəkici və qaydalara allergiyası varmış kimi görünən qəribə bir insan idi. Onun lap əvvəldən “Milan”da uzun müddət çalışa bilməyəcəyi bəlli idi və az keçmədi ki, qovuldu”.

Andrea Pirlo daha sonra yazır: “Terim “Milan”dan öncə istədiyi hər şeyi edə biləcəyi kiçik klublarda çalışmışdı, amma bura “Milan” idi. Burada bəzi hərəkətlərinin qəbul edilməyəcəyini hər kəs bilirdi. Məsələn, yeməyə istədiyi vaxt gecikirdi. “Milan”ı təmsil etməli olduğu yerlərə qalstuk taxmadan gəlirdi. Onun vəzifəyə keçdiyi ilk günlərdəki məşqləri də yadımdadır. O, əlinə tabaşir alıb lövhəyə 11 dairə çəkərdi. Hər dairəni bir oyunçu kimi təqdim edərdi. Ancaq çəkdiyi oxlarla və digər qarışıq xətlərlə lövhə başadüşülməz hala gəlirdi. Demək olar ki, tam bir xaos alınırdı. Sadəcə, qapıçı öz mövqeyini əvvəldən bilirdi. Bir dəfə məşq prosesi zamanı işarə ilə göstərdi ki, Kostakurta tam burada olmalıdır. Amma dayana bilməyib dedim ki, bəs bayaq həmin mövqedə mənim adımı çəkdiniz.

Terimin taktika anlayışı zəif idi. Onun oyun planı komandanı qışqıra-qışqıra idarə etməkdən ibarət idi. Bəlkə də belə plan başqa yerlərdə keçərli ola bilərdi, ancaq “Milan”da işləməzdi və işləmədi də.