1401
Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunsun. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürsün. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunsun.
2. Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunsun.
3. AFFA-nın təsisçiliyi ilə Futbolun İnkişaf Fondu yaradılsın. Qurumun İdarə Heyəti bütövlükdə AFFA-nın İcraiyyə Komitəsinin heyətindən təşkil olunsun. Futbolun İnkişaf Fondunun hüquqi məsələlərinin həlli və təşkilati işlərin həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
4. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefası qəbul olunsun. U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olunsun.
5. UEFA-nın tövsiyəsinə əsasən 2017-2018-ci il mövsümündə futbol yarışlarında iştirak etmək üçün lisenziya qaydalarına dəyişikliklər haqqında təkliflər tanış olmaq və münasibət bildirmək üçün İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunsun. İcraiyyə Komitəsinin üzvləri təkliflərini AFFA-nın baş katibliyinə təqdim etsin.
6. Futbol veteranları Boris Xetaqurov və Adil Nadirova AFFA-nın təqaüdü verilsin.
İclasdan sonra
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

Görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, AFFA-nın texniki direktoru Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak edib. Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb.
Azərbaycan milli komandasının məşqini izləyiblər
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilmiş iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”da Azərbaycan milli komandasının məşqini izləyiblər. Rövnəq Abdullayev, Elmar Məmmədyarov və Qurban Qurbanov jurnalistlər üçün təşkil olunmuş brifinqdə İcraiyyə Komitəsinin iclası barədə fikirlərini bildirib, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.