çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Dünyanın məşhur futbolçuları: Georgi Hacı (1)

30.08.2016 10:30 Oxundu 1176

Onun futbola gəlişi də, futbol dünyasında şöhrət qazanması da özünəməxsus olub desək, səhv etmərik. Onun heç bir futbolçuya bənzəməyən oyun nümayiş etdirərək qısa müddətdə dünyanın ən parlaq futbol ulduzlarından birinə çevrilməsi həqiqətən böyük hadisə idi. Beynəlxalq idman aləmində futbol ölkəsi kimi tanınmayan balaca, vaxtı ilə Osmanlının adi bir əyaləti olan, sonralar isə Osmanlı torpaqları hesabına yaradılan süni, oyuncaq Yuqoslaviya Federasiyasının tərkibində olan Makedoniyada anadan olması da diqqətçəkən idi. Çox qəribə idi, etnik kökən baxımından slavyan hesab edilən, sarışın makedoniyalılardan daha çox antropoloji baxımdan türkləri xatırladan Georcinin soy adı da Osmanlı mənşəli idi. Hacı və ya Haciu soyadı daşıyan Georginin babalarının vaxtı ilə Müqəddəs dağı ziyarət etmələrinə görə Hacı adlandırıldıqları ehtimal edilir. Yenə də qeyd edək ki, Georginin xristian mənşəli babası ilə müqayisədə müqəddəs dağı ziyarət edən digər xristianların heç biri müsəlmanlarda olduğu kimi Hacı soyadı ilə çağrılmayıblar. Yeri gəlmişkən onu da deyək ki, əsrlərboyu Osmanlının tərkibində özünün ən yaxşı günlərini yaşayan Makedoniyada 19-cu əsrin əvvəllərindən başlayaraq Qərb tərəfindən süni şəkildə körüklənən türk düşmənçiliyinə qədər osmanlılara-müsəlmanlara böyük hörmət vardı. Ona görə də Osmanlılardan alınan "Haci" və ya "Haciu" makedonlarda öyünməyə layiq olan adamlara deyilirdi.

Yenə də bir qismətə bax ki, sağlığında adı əfsanəyə dönən bu məşhur Hacı soyadlı futbolçu əzəli rəqiblər - "Real" və "Barselona"da top qovsa da, ancaq xoşbəxtliyi Türkiyədə tapıb. O, bir çox uğurlara və titullara məhz "Qalatasaray"da oynayarkən nail olub və türk xalqının ürəyini fəth edib. Təsadüfi deyil ki, məşhur futbol mütəxəssisləri onu futbolun "azad rəssam"ı adlandırır və meydanın istənilən yerindən qapıya təhlükəli, əksər hallarda qolla nəticələnən zərbələr endirməsini onun futbol dahisi olması ilə əlaqələndirirdilər. Bu çərçivədə də yüksək texniki bacarığına, meydanı yaxşı görməsinə və qapı ağzında yaranan təhlükəli vəziyyətlərdən maksimum toru silkələmək üçün istifadə etməsi istedadına görə Hacı dünya idman mediası tərəfindən "Karpat Maradonası" adlandırılmışdı. Amma o heç vaxt özünün Maradona ilə müqayisə edilməsini və "Karpat Maradonası" adlandırılmasını bəyənmir və bu ləqəblə çağrılmasının əleyinə çıxırdı. Amma futbolseverlər onu məhəbbətələ "Qıca" deyə də çağırırdılar və bu ləqəb zənnimizcə ona daha çox yaraşırdı.

Makedon əsilli rumın

19-cu əsrin əvvələrindən başlayaraq Balkanlarda baş verən hadisələr və qərbin Osmanlının daxilində körüklədiyi antiOsman hərəkatı bölgədə qan axıdılmasına və dinc, sakit həyatın pozulmasına gətirib çıxardı. Belə bir vəziyyətin on illərlə davam etməsi nəticəsində Hacının babaları Makedoniyadan Rumıniyaya köç edərək dəniz sahilindəki Konstansa əyalətinin Seçele kəndində məskunlaşdılar. Onlar burada özlərinə iş tapmaq, ailəni bir tikə çörəklə təmin etmək və sakit, təhlükəsiz həyat yaşayacaqlarına ümid edirdilər. Gələcəyin məşhur futbolçusu olacaq Georgi Hacı da 1965-ci il fevral ayının 5-də sonralar özünün də yazdığı kimi qarlı-boranlı soyuq bir qış günündə Konstansa əyalətinə bağlı olan Seçele kəndində yoxsul, bir tikə çörəyini zorla tapan ailədə anadan oldu. Amma o vaxt yenicə anadan olan uşağa Georgi adını verən valideynləri bilmiridlər ki, bu yenicə doğulan uşaq adını dünya futbolunun əfsanəvi oyunçuları sırasına yazdıraraq ailəsinin, mənsub olduğu ölkənin qürur və şərəf simvoluna çevriləcək. Georgidən əvvəl ailənin Yelena və Sultan adlı qızları dünyya gəlmişdi. Yenə də Sultan adı ilə bağlı bir məqamın üstündən sükutla keçmək olmur. Hacı soyadlı bu ailədə üstündən on illər keçməsinə baxmayaraq Osmanlıya olan məhəbbət davam edirdi. Ona görə də onlar qızlarını Osmanlı hökmdarlarına verilən Sultan titulu ilə Sultan adlandırmışdılar. Kasıb ailədə böuyüyən Georginin ayağı yer tutub yeriyəndən daha dəqiq desək 4-5 yaşlarından özü kimi kasıb qonşu uşaqları ilə palçıqılı, tozlu məhəllə yolunda əskidən hazırlanan top qovurdu. Tez-tez yıxılaraq üstünü toza, palçığa batırsa da, anası xatirini istədiyi oğlunun kefinə dəymək istəmirdi. Dörd yaşında isə nənəsi ona parça top düzəltdi. 6 yaşı olanda anası Çirata özü də bilmədən oğlunun həyatını dəyişdirəcək bir addım atdı. O, balaca Georgiyə top alaraq onu sevindirdi və bununla özü də bilmədən oğlunun gələcək həyatını dəyişdirəcək iş görmüş oldu. Anasının aldığı topa görə sevincindən yerə-göyə sığmayan Georgi yatanda belə bu sevimli hədiyyədən ayrıla bilmirdi. O vaxt Hacı basketbolu sevsə də, futbol oynamaq həvəsi ona daha üstün gəldi. Çünki basketbolla müqayisədə ayaqyalın top qovmaq, sadə qapı düzəldərək uşaqlarla futbol oynamaq daha rahat idi. Ayaqyalın palçıqda, daşlı- kəsəkli küçədə top qovmaq və burada texnikalı oyun göstərmək asan məsələ də deyildi. Amma Georgi məşqçisi olmadan belə topla daşlı, kəsəkli, palçıqlı, meydanda, dar küçələrdə hamını heyrətə qoyan futbol nümayiş etdirirdi. Gələcəyin futbol ulduzunun futbola olan həvəsinin və istedadının sorağı yaxınlıqdakı Konstansa şəhərinin futbol komandasının məşqçilərinə çatmışdı. Onlar balaca futbol vunderkinqi ilə maraqlanmağa başladılar.

Konstansada parlayan ulduz

Hacının - bu 10-11 yaşlı uşağın oynadığı futbola baxmaq üçün "Farul Konstansa" klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi Seçeleye gəlmişdi. Balaca Georcinin daşlı-kəsəlki meydanda göstərdiyi futboldan vəcdə gələn İosif Bukossi heyrətdən özünü saxlaya bilməyərək bərkdən qışqırmışdı: "Bu balaca oğlan əsl futbol ustasıdır. O, gələcəyn futbol ulduzu olacaq".

Bukossi Hacının valideynlərinin razılığı ilə onu özü ilə Konstansya apardı. Əslində o vaxt Hacının ailəsi də Konstansaya qismən köç etmişdi. Hacılar ailəsi üçün Seçele ilə müqayisədə Konstansada çörək pulu qazanmaq, iş tapmaq daha rahat idi. Hacı 11 yaşında ikən Konstansa şəhərinin "Farul Konstansa" klubunun azyaşlılardan ibarət futbol komandasında oynamağa başladı. Təbii ki, bu komandada Hacının futbol ulduzu kimi parlamasnıda, onun istedadının üzə çıxarılmasında Bukossinin böyük əməyi oldu. Sonralar Hacı özünün ilk futbol müəllimi olan ailəsi və İosif Bukossi haqqında belə demişdi: "Mən həyatımda qazandığım bütün uğurlara görə ailəmə, nənəmə, babama, anama və bir də Bukossiyə borcluyam. Nənəm, babam və anam mənim futbol oynamağaıma mane olmadılar. Nənəm mənə parçadan balaca top düzəltdi, anam isə mənə dünyanı bəxş edən əsl top aldı. Bukossi isə ilk futbol müəllimim oldu və istedadımın üzə çıxarılmasında mənə yardım etdi. Onların heç birinin əməyini son nəfəsə kimi unuda bilməyəcəyəm".

Amma 13 yaşına kimi "Farul Konstansa"nın rəsmi şəkildə oyunçusu ola bilmədi. Yaşı çatmadığından ilk rəsmi turniri üçün bir il gözləməli oldu. O yalnız 1976-cı ildə Kostansada təşkil edilən uşaq turnirində çıxış edərək dərhal da meydanda göstərdiyi qeyri-adi oyunu ilə futbol mütəxəssislərinin diqqətini cəlb etdi. Hacı yalnız 24 mart 1978-ci ildə "Farul Kostansa" klubunun üzvü, yəni 13 yaşında rəsmi olaraq futbolçu oldu.

Haci artıq yüksəlişdə idi. Zaman keçdikcə o, öz səviyyəsini artırırdı. Həm öz klubunda, həm də uşaq milli komandasında möcüzələr yaradırdı. Məktəbdə oxuduğu vaxtlarda futbola davam edir, mükəmməl oyun üslubu ilə diqqəti özünə çəkirdi. Onun oyununu görən məşqçilər açıq şəkildə "Farul-Konstansa" komandasına həsəd aparır, Hacının oyununa heyranlıqlarını gizlətmirdilər. Artıq birinci division klubları Haci ilə maraqlanırdı. Həmin dövrdə Rumıniyanın adlı-sanlı klubları Hacını transfer etmək yarışına girmişdilər. Gənc ulduza və onun komandasına hər yerdən transfer təklifləri gəlirdi. Amma Hacı o dönəmdə "Farul Konstansa"dan ayrılmaq istəmirdi. Çünki əyalətdə böyüyən uşaq üçün iri şəhərlərə köç etmək, orada futbol oynamaq adət etmədiyi mühitdən ayrılmaq çox çətin idi.

Əziz Mustafa