1661
Avqustun 30-da XV Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib. Görüşdə çıxış edən AMPK-nin prezidenti İlqar Rəhimov atletlərimizin XXXI Yay Olimpiya Oyunlarında qazandıqları uğurları paralimpiyaçıların davam etdirəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.
Ölkə idmanına, o cümlədən paralimpiyaçılara göstərdiyi diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən İ.Rəhimov deyib: “Komandamız sentyabrın 2-də yola düşür. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq. İki gün sonra isə yarışın açılış mərasimi olacaq. Kapitanımız, bayraqdarımız İlham Zəkiyevdir. Onunla açılış mərasimi üçün sürpriz hazırlamışıq. Gecə saatlarda da olsa, baxıb sürprizi görməyinizi istərdim. Rio-de-Janeyroya 27 idmançı yola düşəcək. Onların altısı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmlər “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya artıqdır. Heyətimiz daha çox gənclərdən ibarətdir”.
Sonda paralimpiyaçılarla bağlı hazırlanmış “Biz qələbə üçün gedirik” adlı videoçarx nümayiş etdirilib.
XV Yay Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.
Qeyd edək ki. görüşdən əvvəl idmançılar və Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəsmiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanına gələn idmançılarımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər.